Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyul ayının 11-də Azərbaycanla bağlı 4 yeni qərar və qərardadını elan edəcək.
Leyla Yunus və Arif Yunus Azərbaycana qarşı
Ərizəçilər tanınmış ictimai xadimlər olan Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusdur.
İşin hallarına görə, Bakı Şəhər İcra Hakimiyyəti 24 sentyabr 2008-ci il tarixdə yeni park kompleksinin salınması, yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi-köçürülməsi haqda sərəncam verib. Söhbət “Qış parkı”nın salınması məqsədi ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində yerləşən binaların və yaşayış evlərinin sökülməsindən, sakinlərin köçürülməsindən gedirdi.
Həmin vaxt ərizəçilərin mülkiyyətində qeyd olunan ərazidə – Şəmsi Bədəlbəyli küçəsi 38 ünvanında yerləşən iki mənzili vardı. 2010-cu ilin əvvəlində BŞİH-in əməkdaşları həmin ərazidə yaşayan sakinlərə mülklərinin hər kvadratmetri üçün 1500 Azərbaycan manatı (AZN) məbləğində kompensasiya təklif ediblər. Ancaq rəsmilər həmin vəsaitin alqı-satqı müqavilələri əsasında ödənilməsini təklif edib. Sakinlərdən bəziləri həmin təklifi qəbul edərək, mülklərini tərk ediblər. Həmin sakinlərin mülklərini tərk etməsinin ardınca, ərazidə söküntü işlərinə başlanılıb. Paralel olaraq, təkliflə razılaşmayan sakinlərin kommunal xidmətlərin göstərilməsi tamamilə və ya qismən dayandırılıb. Bu, qalan sakinlərin yaşayış şəraitini dözülməz edib.
Ərizəçilər 8 fevral 2011-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində BŞİH və Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırıblar. Onlar mülkiyyət hüquqlarının həmin orqanlar tərəfindən pozulmasından şikayətlənərək, mülkiyyət hüquqlarından istifadə etmələrinə mane olan maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş ediblər. Nəsimi rayon məhkəməsi inzibati xarakterli olduğuna görə mübahisəyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı olduğunu bildirib və iddianı qəbuledilməz elan edib. Həmin qərarı 31 mart 2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi, 24 iyun 2011-ci il tarixdə isə Ali Məhkəmə qüvvədə saxlayıb.
Ərizəçilər 18 may 2011-ci il tarixdə ərizəçilər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BŞİH, NRİH, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə (“ƏMDK”) qarşı iddia qaldırıblar. Onlar məhkəmədən cavabdehlərin əmlak və digər hüquqlarını pozan hərəkətlərinə son qoyulmasını tələb ediblər. Həmçinin, məhkəmədən onların mənzillərinə ziyan vura biləcək hər hansı söküntü işlərinin qadağan edilməsi barədə qərar çıxarmasını xahiş ediblər. 24 may 2011-ci il tarixdə məhkəmə müvafiq qərarı qəbul edib.
11 avqust 2011-ci il tarixdə, məhkəmə prosesləri davam edərkən və qərarın mövcudluğuna baxmayaraq, BŞİH ərizəçilərin mənzillərini söküb. 13 sentyabr 2011-ci il tarixdə ərizəçilər ilkin iddialarına dəyişiklik ediblər, əlavə olaraq 300.000 AZN məbləğində mənəvi ziyan və mənfəət itkisi əvəzi tələb ediblər. 15 may 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi həmin iddiaları təmin etməyib.
16 avqust 2012-ci ildə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 5 dekabr 2012-ci il tarixdə isə Ali Məhkəmə həmin qərarı ləğv edib, qeyd edib ki, söküntü işləri ilə bağlı qərar təkcə ərizəçilərə deyil, həm də müvafiq ərazidə yaşayan digər sakinlərə yönəlik olduğu üçün, beləliklə, ərizəçilərin həmin qərarın etibarsız sayılmasını tələb etmək hüququ olmadığından onların iddiaları qəbuledilməzdir.
14 dekabr 2012-ci il tarixdə ərizəçilər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində BŞİH və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı yeni iddia qaldırıblar, onlar mənzillərinin qanunsuz olaraq özgəninkiləşdirilməsi və sökülməsi nəticəsində çəkdikləri çətinliklərə görə 1.000.000 manat məbləğində maddi ziyan və 100.000 manat məbləğində mənəvi ziyan tələb ediblər. Onlar BŞİH-in təklif etdiyi məbləğin çox aşağı olmasından şikayətləniblər, bunu təsdiqləyən, faktiki bazar qiymətlərini göstərən ekspert rəyi təqdim ediblər. Məhkəmə ərizəçilərin xeyrinə qərar çıxarıb, əmlakın hər kvadratmetrinə görə ərizəçilərə 1500 manat (ümumilikdə 142 800 manat) kompensasiya ödənilməsinə qərar verib. 4 iyun 2013-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qismən dəyişib, 20% əlavə (28 560 manat) kompensasiya təyin edib. Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb. Ancaq yekun olaraq, müvafiq qərara baxmayaraq ərizəçilərə kompensasiya ödənilməyib.
Ərizəçilər AİHM qarşısında onlara münasibətdə ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozulduğunu iddia edirlər.
İntiqam Əliyev Azərbaycana qarşı;
Səadət Cahangir Azərbaycana qarşı;
Bu məhkəmə işləri ərizəçilərin hərəkət azadlığı hüququna (ölkədən çıxışına) yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulması ilə bağlıdır. Ərizəçilər qadağanın qanunsuz olduğunu, habelə, qanunsuzluqdan müdafiə üçün səmərəli müdafiə vasitələrinin mövcud olmadığını iddia edirlər.
Əmiraslanlı Azərbaycana qarşı
Məhkəmənin sənədlər bazasında bu işin detalları haqda məlumat verilmir.