Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyul ayının 4-də Azərbaycanla bağlı 2 yeni qərarını elan edəcək.
Azərbaycan Hüquqşunaslar Assosiasiyası Azərbaycana qarşı
Ərizəçilər hüquqi maarifləndirmə və insan hüquqlarının təşviqi sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatı və həmin təşkilatın təsisçisi və sədridir. Məhkəmə işi ərizəçi təşkilata səyyar vergi yoxlamasından sonra vergi sanksiyasının tətbiq edilməsi ilə bağlıdır.
Ərizəçi təşkilat Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsaslanaraq daxili məhkəmə icraatının ədalətsiz olmasından şikayət edib – iddia edib ki, daxili məhkəmələr onun təqdim etdiyi müvafiq sübutları tədqiq etməyib, öz qərarlarını əsaslandıra bilməyib.
Ərizəçilər, həmçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək, onlara tətbiq edilmiş 4.597,28 Azərbaycan manatı (həmin vaxt təqribən 4.500 avro) məbləğində vergi sanksiyasının onların mülkiyyət hüquqlarına qeyri-mütənasib müdaxilə təşkil etdiyini iddia edib.
Rüstəmxanlı Azərbaycana qarşı (№ 24460/16)
Ərizəçi cənab Şahbaz Xudu oğlu Rüstəmxanlı Azərbaycan vətəndaşıdır, 1970-ci ildə anadan olub və Bakıda yaşayır. O, 1992-ci ildə Azərbaycanda yaradılmış, tanınmış nəşriyyat olan “Qanun Jurnalı Redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, direktoru və sahibidir.
Məhkəmə işi vergi orqanı tərəfindən əvvəlcədən elan edilməmiş səyyar vergi yoxlamasının keçirilməsi və “Qanun” jurnalı redaksiyasının bank hesablarının dondurulması ilə bağlı idi.
Konvensiyanın 8-ci maddəsinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanan ərizəçi, şirkətin binalarında aparılan axtarış və götürmənin onun Konvensiya ilə qorunan hüquqlarını pozmasından şikayət edir. Ərizəçi həmçinin, 6-cı maddəyə əsaslanaraq şikayət edir ki, ölkədaxili icraat ədalətli olmayıb, onun əsaslandırılmış qərar əldə etmək hüququ pozulub.