Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyun ayının 13-də Azərbaycandan göndərilmiş ərizələrlə bağlı 2 qərar və qərardadını elan edib. Məhkəmə blok edilmiş 4 medianın iddia etdikləri pozuntuları tanıyıb.
RFE/RL Inc. (Azadlıq Radiosu) və başqaları (3) Azərbaycana qarşı
Bu işdə ərizəçilər 4 onlayn media resursu idi – Azad Avropa/Azadlıq Radiosu (azadliq.org), anaxeber.az onlayn xəbər portalının təsisçisi və redaktoru Azər Talıbov, az24saat.org onlayn xəbər portalının təsisçisi Vüqar Ələkbərov və xural.com saytının baş redaktoru Əvəz Zeynallı. 2017-18-ci illərdə Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə informasiyaların yayılması ilə bağlı tənzimləmələri dəyişdirən dəyişikliklər edilmişdi. Həmin dəyişikliklərdən sonra ərizəçi olan dörd onlayn mediaya Azərbaycan daxilindən giriş tamamilə blok edilmişdi. Yerli məhkəmələr qərarlarını qanunvericiliyə edilmiş dəyişikliklərlə əsaslandırmışdılar.
Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, konkret məzmunlara yox, bütün internet resursuna blokun qoyulması ifrat dərəcədə ağır olub. Onlara görə, bloklama hansısa qanunsuz məzmunun yayılmasının önlənməsi məqsədi yox, hökuməti tənqid edən məzmunların qarşısının alınması məqsədi daşıyıb. Ərizəçilər onlara münasibətdə Konvensiyanın 6-cı, 10-cu, 13-cü və 18-ci maddələrinin pozulduğunu iddia edirdilər.
Avropa Məhkəməsi bu işdə mediaların blok edilməsinin onların ifadə azadlığı hüququnu poizduğu qənaətinə gəlib.
Məhkəmənin qərarına əsasən, hökumət 4 ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi ödəməlidir. Bununla yanaşı, ərizəçilərdən anaxeber.az, az24saat.org və xural.com saytlarının rəhbərlərinə hüquqi xərclər əvəzi 1000 avro ödənilməlidir. Bu qərar internet resurslara tətbiq edilmiş bloklamanın qaldırılmasını ehtiva edir.
Ərizəçiləri AİHM-də vəkillər Elçin və Zibeydə Sadıqovlar təmsil edib.
Zakir Mustafayev və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi cinayət ittihamı irəli sürülmüş ərizəçilərin saxlanılan və həbs edilən zaman işgəncə və qeyri-insani rəftara məruz qalmaları iddiaları ilə bağlı idi. Ərizəçilər iddia edirdilər ki, onlardan etirafedici ifadələr alınması məsədilə işgəncəyə məruz qalıblar. Müxtəlif bədən xəsarətləri aldıqlarını, öz seçdikləri vəkillərə çatıma imkan verilmədiyini, ailələrinin həbsləri haqda bilgiləndirilmədiyini iddia edən ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü və 10-cu maddələrinin pozuntusunu mübahisələndirmişdilər.
AİHM hesab edib ki, ərizəçilərin hər birinə münasibətdə Konvensiyanın 3-cü maddəsinin pozuntusu baş verib. Məhkəmə həmçinin, ərizəçilərdən Abbas Hüseynov, Əlibala Vəliyev, Abbas Quliyev, Rasim Cəbrayılov, Əli Nuriyevə münasibətdə Konvensiyanın 3 maddəsinin maddi aspektdən də pozulmasına qərar verib.
Məhkəmənin qərarına görə, hökumət mənəvi zərər əvəzi olaraq, ərizəçilərdən Abbas Hüseynov, Əlibala Vəliyev, Abbas Quliyev, Rasim Cəbrayılov, Əli Nuriyevin hər birinə 7500, Zakir Mustafayev, Ramin Yarıyevin hər birinə isə 5000 avro ödəməlidir. Bunlardan başqa ərizəçilərin hər birinə 1000 avro hüquqi xərclər əvəzi ödənilməlidir.
Ərizəçiləri AİHM-də vəkillər Elçin və Zibeydə Sadıqovlar, Nemət Kərimli, Fariz Namazlı və Yalçın İmanov təmsil edib.