Avropa İnsan Haqları Məhkəməsi (AİHM) may ayının 30-da Azərbaycanla bağlı 2 yeni qərarını elan edəcək.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Azərbaycana qarşı
Ərizəçi 1996-cı ildə yaradılan, 2006-cı ildə dövlət qeydiyyatdan keçən qeyri-hökumət təşkilatıdır. Təşkilat neft hasilatından əldə edilən gəlirlərin xərclənməsində şəffaflığın təmin edilməsi, neft sektoru işçilərinin hüquqlarının müdafiəsi, neft şirkətlərinin fəaliyyətinin ətraf mühitə təsiri istiqamətində layihələr icra edib. Ərizəçi təşkilatı məhkəmə qarşısında vəkillər R.Hacılı və F.Namazlı təmsil edib.
Ərizəçi 2010-cu ildə Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisələrinin neft hasilatı prosesində “lay suları”nı necə utilizasiya etməsi, SOCAR-ın filiallarının kompleks qazma işləri zamanı yaranan şlamın saxlanması və sonradan zərərsizləşdirilməsi barədə bilgilərin ona təqdim edilməsi informasiya sorğusu verib. Neft şirkətinin vitse-prezidentlərindən biri ərizəçiyə tələb olunan informasiyaları verməkdən imtina edən cavab göndərib. Bildirib ki, “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, SOCAR “İnformasiya sahibi” deyil.
Ərizəçi məhkəməyə müraciət edib, bildirib ki, SOCAR-ın “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxs”dir, buna görə də ictimai maraq kəsb edən məlumatlara çıxışı təmin etmək onun qanuni vəzifəsidir. Ərizəçi məhkəmədən xahiş edib ki, SOCAR-ın üzərinə tələb olunan informasiyaları ona təqdim etmək vəzifəsi qoyan qərar qəbul etsin.
Səbail Rayon Məhkəməsi ərizəçinin iddiasını rədd edib, yuxarı məhkəmələr həmin qərarı qanuni sayaraq, qüvvədə saxlayıb.
Ərizəçi AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edir.
Dursun RÜSTƏMOVA Azərbaycana qarşı
Bu işdə ərizəçi Dursun Rüstəmova 1943-cü ildə anadan olmuş Azərbaycan vətəndaşıdır, Sumqayıt şəhərində yaşayır. Onu məhkəmə qarşısında vəkil F.Namazlı təmsil edir.
Ərizəçi 1992-ci ildə əvvəllər yaşadığı Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra məcburi köçkün kimi Ağcabədi rayonuna köçüb. 2004-cü ildə Sumqayıta köçüb və Sumqayıt stansiyası adlanan ərazidə ev tikib. 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri polisin köməyi ilə ərizəçinin evini söküblər. Ərizəçinin mebeli və şəxsi əşyaları içəridə qalıb və evlə birlikdə dağıdılıb. Ərizəçiyə rəsmi məktubla bildirilib ki, evi qanunsuz tikildiyi üçün sökülüb.
Evinin qanunsuz sökülməsi səbəbindən maddi və mənəvi ziyana görə kompensasiya tələbi ilə məhkəməyə müraciət edən ərizəçinin müvafiq qurumlara qarşı iddiaları rədd edilib. Məhkəmə qərarını başqa yaşayış yeri olmayan ərizəçinin evin söküldüyünü sübut edə bilməməsi ilə əsaslandırıb.
Yuxarı məhkəmələr həmin qərarı dəyişdirməyib.
Ərizəçi AİHM qarşısında mülkiyyət və şəxsi həyata hörmət hüququnun pozuntusunu mübahisələndirib.