Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mart ayının 21-də Azərbaycandan göndərilmiş 2 ərizə ilə bağlı qərarlarını elan edib. Hər iki ərizə qəbuledilməz sayılıb.
Mustafa CEYLAN Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçinin 2016-cı ildə dövlət çevrilişinə cəhdlə əlaqəsi olduğu iddiası ilə Azərbaycanda saxlanılıb həbs edilməsi, ardınca, Türkiyəyə ekstradisiyası ilə bağlı idi.
İşin faktlarına görə, peşəkar səbəblərdən 2013-2017-ci illərdə Gürcüstanda yaşayan ərizəçi, 2017-ci ildə, Türkiyədə ona qarşı ittihamların araşdırıldığından xəbər tutduqdan sonra Azərbaycana keçmək istəyib. O, saxlanılıb və ölkəyə qanunsuz daxil olması əsası ilə bir il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ildə Türkiyə tərəfi onun ekstradisiyasını tələb edib, ancaq Bakı Ağır Cinayətlər Məhkəməsi bundan imtina edib. Elə həmin gün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, həmin idarənin müvəqqəti saxlama təcridxanasına yerləşdirilən ərizəçi haqda Dövlət Miqrasiya Xidməti qərar verib. Həbsdən azad edilmiş əcnəbilərin ölkədən çıxarılması ilə bağlı milli qanunlara əsaslanan həmin qərar ərizəçinin Türkiyəyə çıxarılmasını nəzərdə tuturdu.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu 26 iyun 2019-cu il tarixdə ərizəçinin işi ilə bağlı rəyini açıqlayıb. Rəydə ərizəçinin işgəncə və pis rəftardan müdafiə hüququnun pozulduğu ifadə edilib. Vurğulanıb ki, ərizəçi barədə qərar verilərkən, geri qaytarılmasından sonra onun işgəncə və pis rəftara məruz qalma, əsassız həbsdən müdafiə hüququnun, məhkəməyə müraciət etmək hüququnun pozulması kimi risqlər araşdırlmayıb.
Ərizəçi AİHM qarşısında Konvennsiyanın 3-cü, 5-ci və 13-cü maddələrinə əsaslanaraq, həbsxanadakı sıxlıqdan, barəsindəki icraatları mübahisələndirmək üçün səmərəli müdafiə vasitələrinə malik olmamasından şikayət edib.
Ərizənin kommunikasiyası zamanı hökumət bildirib ki, mübahisəyə artıq Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası tərəfindən baxılıb və mübafiq qiymət verildiyindən, ərizə qəbul edilməz sayılmalıdır (Konvensiya, maddə 35.2).
AİHM hökumətin rqumentini qəbul edib. “Məhkəmə belə nəticəyə gəlib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu qarşısındakı prosedur Konvensiyanın 35-ci maddəsinin 2-ci bəndinin (b) bəndinin məqsədlərinin işığında “digər beynəlxalq araşdırma və ya həll prosedurunu” təşkil edir. Hazırkı işdə bu nəticədən kənara çıxmağa heç bir əsas mövcud deyil. Məhkəmə qeyd edir ki, İşçi Qrupun 26 iyun 2019-cu il tarixli Rəyində ərizəçinin işgəncə və pis rəftardan müdafiə hüququnun pozulduğu artıq müəyyən edilmişdir”, qənaətinə gələn Məhkəmə, ərizənin qəbuledilməz elan olunmasına qərar verib.
Vüsalə TALIBOVA Azərbaycana qarşı
Bu işdə ərizəçi 1988-ci ildə Astara şəhərində anadan olan, Rusiyanın Volqoqrad şəhərində yaşayan Rusiya vətəndaşı idi. 2007-ci ildə Volqoqradda Azərbaycan vətəndaşı ilə ailə quran ərizəçinin iki övladı doğulub, onlar da Rusiya vətəndaşı olublar. Ərizəçi 2012-ci ildə ailəsi ilə birlikdə Azərbaycana gəlib.
Ərizəçi ailəsi ilə birgə 2016-cı ildə Azərbaycandan səyahət etmək istəyib, ancaq saxlanılıblar. Saxlanılmalarına Azərbaycanda icazə verilən doxsan gündən artıq qalmaları əsas göstərilib. Dövlət Miqrasiya Xidməti İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, Azərbaycanda icazəsiz qaldıqlarına görə, ərizəçini 400 manat cərimə edib. Müvafiq qərarda qeyd olunub ki, ərizəçi cəriməni ödəməkdən imtina edərsə, o, ölkədən çıxarılacaq və üç il müddətinə Azərbaycana girişlərinə qadağa qoyulacaq. Ərizəçi cəriməni ödəyə bilməyəcəyi haqda sənədə imza atıb, ölkə sərhəddindən çıxarılmasını istəyib. Ardınca, o, ailəsi ilə birgə Azərbaycanı tərk edib.
Rusiyaya yaşamaq üçün yox, ağır xəstə anasına baş çəkmək üçün getdiyini iddia edən ərizəçi DMX-nin qərarından şikayət edib, bildirib ki, onun Azərbaycanda doğulması, Azərbaycan vətəndaşı ilə ailə həyatı qurması və iki azyaşlı övladının olması faktı nəzərə alınmayıb. Birinci instansiya məhkəməsi, əcnəbilərin Azərbaycanda yaşayış yeri üzrə qeydiyyata düşməli olması barədə məsuliyyət müəyyən edən qanunvericiliyin tələblərinə və ərizəçinin Azərbaycanı ailəvi tərk etməsinə istinad edərək ərizəçinin iddialarını rədd edib. Apellyasiya instansiyası da həmin qərarı qüvvədə saxlayıb.
Ərizəçi AİHM-ə şikayətində bildirib ki, Azərbaycanda anadan olmasına, qohumlarının əksəriyyətinin orada yaşamasına baxmayaraq, üç il müddətinə Azərbaycan ərazisindən çıxarılması, onun Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi və ailə həyatına hörmət hüququna qeyri-mütənasib müdaxilə təşkil edib. Hökumət isə ərizəçi barədə bütün tədbirlərin milli hüquqa söykəndiyini və Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinə uyğun olduğunu ifadə edib.
AİHM qiymətləndirməsində qeyd edib ki, ərizəçiyə qarşı tətbiq edilmiş sanksiyanın daxili qanunvericilikdə əsası olub, qanuni məqsədə, yəni əcnəbilərin ölkəyə girişinin və yaşamasının tənzimlənməsinə, nəticədə, ictimai əsayişin qorunmasına xidmət edib. Ərizəçinin Azərbaycanla qohumluq və sair bağlarına gəlincə, Məhkəmə, Azərbaycanda anadan olmasına baxmayaraq, ərizəçinin heç vaxt həmin dövlətin vətəndaşlığına malik olmadığını, qeyri-müəyyən tarixdən xaricdə yaşadığını, xaricdə ailə həyatı qurduğunu, yalnız 2012-ci ildə iyirmi dörd yaşında Azərbaycana gəldiyini qeyd edib. Eyni zamanda vurğulayıb ki, ərizəçi, Azərbaycanda yaşamaq tələblərinə əməl etməyib, ilkin icazə verilən doxsan günlük qalmaq müddəti bitəndən sonra heç bir inzibati addım atmayıb.
“İlkin olaraq ərizəçi haqda yalnız cərimə ödəmək haqda qərar verilmişdi və qərarı icra etməməyin ölkəyə giriş qadağası ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq da olunmuşdu. İş materiallarında həmin cərimənin məbləğini aşırı saymaq üçün hər hansı ünsür də mövcud olmayıb. Giriş qadağasının müddəti də üç illə məhdudlaşdırılmışdı ki, bu müddətin məqbul sayılmayacaq qədər uzun olduğunu söyləmək olmaz. Nəticə etibarı ilə, ərizəçinin durumu, ölkəyə giriş və yaşamaqla bağlı təməl inzibati qaydalara bəsit şəkildə əməl edilməməsi ilə məhdudlaşır. Belə bir şəraitdə ərizəçinin şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə, ağlabatan olaraq “demokratik cəmiyyətdə ictimai düzənin qorunması üçün zəruri” hesab edilə bilər. Buradan da şikayətin Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin işığında açıq-aşkar əsassız olduğu ortaya çıxır”, Məhkəmə qərarında vurğulayıb.
Ərizəçinin Konvensiyanın 13-cü maddəsi üzrə şikayətlərini də qəbul etməyən AİHM onun bütün arqumentlərinin milli məhkəmələr tərəfindən yetərli əsaslarla və fərdi detallarla cavablandırıldığı qənaətinə gəlib və ərizənin qəbuledilməz sayılmasına qərar verib.