Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mart ayının 7-də Azərbaycandan göndərilmiş iki ərizə ilə bağlı qərarlarını elan edəcək.
Məhəmməd MƏMMƏDOV Azərbaycana qarşı (Ərizənin nömrəsi: 13928/15)
Bu məhkəmə işi ərizəçinin idxal etdiyi avtomobilə gömrük rüsumlarının məbləğinin hesablanması ilə bağlıdır. İşin faktlarına görə, sözügedən avtomobilin gömrük dəyərini müəyyən edilməsi zamanı, gömrük orqanları heç bir izahat vermədən avtomobilin faktiki gömrük dəyərinə (5000 ABŞ dolları) yox, oxşar avtomobillərin kataloq qiymətinə (12 000 ABŞ dolları) əsaslanıblar. “Gömrük tarifləri haqqında” Qanunun 12.2-ci maddəsində isə göstərilib ki, kataloq qiyməti əsasında dəyərin müəyyən edilməsi metodundan yalnız faktiki alış qiyməti əsasında gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda istifadə oluna bilərdi. Nəticədə, ərizəçi 4165,35 Azərbaycan manatı məbləğində gömrük rüsumunu ödəməli olub. Ərizəçi iddia edib ki, bu məbləğ onun faktiki ödəməli olduğundan 1091,45 manat çox olub.
Ərizəçi AİHM qarşısında mülkiyyət hüququna müdaxilənin baş verdiyini iddia edir.
Aslan İsmayılov Azərbaycana qarşı (Ərizənin nömrəsi: 34133/17)
Bu məhkəmə işində ərizəçi azadlıq və toxunulmazlıq, habelə, ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirib.