№18180/14 Ramin CƏBRAYILZADƏ Azərbaycana qarşı – 19 FEVRAL 2024-CÜ İL

 

19 fevral 2024-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

 

Ərizənin nömrəsi: 18180/14

 

Ramin CƏBRAYILZADƏ Azərbaycana qarşı

 

17 dekabr 2013-cü il tarixdə təqdim edilib
1 fevral 2024-cü il tarixdə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Ərizə jurnalist olan ərizəçinin dövlətə məxsus ictimai maraq kəsb edən məlumatlara çıxış hüququnun və bununla bağlı onun başlatdığı inzibati icraatda ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlıdır.

Ərizəçi Prezident Administrasiyasına informasiya sorğusu təqdim edərək, yaxınlarda Prezidentin sərəncamları ilə mənzil almış tanınmış şəxslərin (sənət adamları, idmançılar və s.) siyahısını, bu mənzillərin hansı mənzil fonduna mənsub olması barədə məlumatların verilməsini xahiş edib.

Heç bir cavab almayan ərizəçi daxili məhkəmələrdə Prezident Administrasiyasına qarşı iddia qaldırıb, məhkəmələrdən cavabdehin üzərinə tələb olunan informasiyaları təqdim etmək öhdəliyi qoymağı xahiş edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 24 dekabr 2012-ci il tarixli qərarı ilə İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə istinad edərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi inzibati orqanların siyahısında Prezident Administrasiyasının olmadığını bildirərək iddianı qəbuledilməz hesab edib. 26 fevral və 19 iyun 2013-cü il tarixlərdə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə ərizəçinin şikayətlərini təmin etməyib.

Konvensiyanın 6, 10 və 13-cü maddələrinə əsaslanan ərizəçi onun informasiya əldə etmək hüququna qanunsuz müdaxilədən, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından və effektiv daxili müdafiə vasitələrinin olmamasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin tələb etdiyi kimi, bütün effektiv daxili müdafiə vasitələrini tükəndiribmi?

2. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığına, xüsusən də informasiya ədlə etmək və yaymaq hüququna müdaxilə edilibmi (xüsusilə bax, Magyar Helsinki Bizottság Macarıstana qarşı [GC] , № 18030/11, 8 noyabr 2016)? Əgər belədirsə, qanunla nəzərdə tutulmuş müdaxilə 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

3. Ərizəçinin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq məhkəməyə müraciət etmək imkanı var idimi?

4. Ərizəçi Konvensiyanın 13-cü maddəsinə uyğun olaraq, Konvensiyanın 10-cu maddəsi üzrə şikayət verməsi üçün effektiv daxili müdafiə vasitələrinə malik idimi?