Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevral ayının 22-də Azərbaycandan göndərilmiş bir neçə ərizə ilə bağlı qərarını elan edəcək.
Rasim İsaqov və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər əsasən, azadlıq və toxunulmazlıq hüquqlarına müdaxilələrin qanunsuzluğundan, habelə, ədalətli məhkəmə araşdırmasının aparılmamasından şikayət edirlər.
Ərizəçilərdən Rasim İsaqovun işi vərəqələr yayması səbəbindən ərizəçinin saxlanılması və inzibati qaydada məhkum edilməsi ilə bağlıdır. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan ərizəçi 22 dekabr 2014-cü il tarixdə saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 39.1-ci (seçkiqabağı və ya referendum üzrə təşviqatın aparılması qaydalarını pozma), 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisin qanuni göstərişə tabe olmama) maddələrinə əsasən, beş sutkalıq inzibati həbs cəzasına məhkum edilib.
Rəsmi məlumatlara görə, ərizəçi bələdiyyə seçkilərinə bir gün qalmış “Hara gedirik?” yazılmış vərəqələr paylayırmış, o, polis əməkdaşlarının vərəqələrin paylanmasını dayandırması tələbinə tabe olmayıb, xüsusi olaraq, kimlərəsə xitab etmədən ucadan ünvansız söyüş söyməyə başlayıb.
Ərizəçi daxili məhkəmələr qarşısında iddia edib ki, onun payladığı vərəqlərdə seçkiqabağı təşviqatla bağlı heç bir məzmun olmayıb, söyüş söyməyib, polisə tabe olmamaq istiqamətində hər hansı hərəkət etməyib.
Ərizəçi Konvensiyanın 5.1-ci və 10-cu maddələrinə əsasən şikayət edir ki, onun həbsi və məhkum edilməsi qanunsuz olub və seçkiqabağı təşviqat məzmunu daşımayan vərəqələrə görə mühakimə olunduğu üçün ifadə azadlığı hüququ pozulub.
Ərizəçi həmçinin 6-cı maddənin 1 və 3-cü (b), (c), (d) bəndlərinə söykənərək, ona qarşı aparılan daxili icraatın ədalətsiz olmasından (müdafiəsini hazırlamağa lazımi vaxt və şərait yaradılmaması, yerli məhkəmələrin vərəqələrin məzmununu təhlil etməməsi, ətrafdakı şəxsləri şahid qismində çağırılıb dindirilməməsi, yerli məhkəmələrin öz qərarlarını adekvat şəkildə əsaslandırmaması) şikayət edib.