AİHM-in Azərbaycanla bağlı 333 qərarı icra edilməsini gözləyir

Hazırda (7 dekabr 2023) Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qəbul etdiyi 333 qərar icra edilməsini gözləyir. Avropa Şurası Nazirlər Komitəsinin nəzarəti altında olan həmin qərarların 283-ü təkrarlanan, 50-si isə aparıcı (leading) işlərlə bağlıdır. AŞ NK həmin 50 qərarın icrasına genişləndirilmiş qaydada nəzarət edir.

2022-ci ilin əvvəlində AİHM-in Azərbaycanla bağlı elan etdiyi 222 təkrarlanan işlər üzrə, 49 aparıcı işlər üzrə qərarı nəzarət altında idi.

AİHM indiyə qədər Azərbaycanla bağlı ümumilikdə 455 qərar elan edib. Həmin qərarların 64-ü aparıcı işlər üzrə qərarlar olub. 391 qərar təkrarlanan işlər üzrə olub.

AİHM-in Azərbaycanla bağlı elan etdiyi ümumi qərarların (455) indiyə qədər 122-i icra edilib. Bu bütün qərarların 27 faizi deməkdir. Bütün qərarların 73 faizi icra olunmasını gözləyir. Bu göstərici AŞ məkanı ölkələri arasında ən aşağı göstəricidir.

Azərbaycandan sonra Rusiya gəlir – bu ölkə AİHM-in qərarlarının 65 faizini icra etməyib. 3-cü sırada Albaniyadır, AİHM-in bu ölkə ilə bağlı bütün qərarlarının yarısı icra edilməsini gözləyir. Qonşu ölkələrdən Ermənistan AİHM qərarlarının 36, Gürcüstan isə 45 faizini icra etməyib.

Azərbaycan indiyə qədər AİHM-in 64 aparıcı qərarının (Azərbaycanla bağlı) 14-nü icra edib. Bu, aparıcı qərarların 22 faizi deməkdir. Aparıcı qərarların 78 faizi icra edilməsini gözləyir. Bu göstərici AŞ məkanında ən aşağı göstəricidir.

Bu kateqoriyada Azərbaycandan sonra Rusiya gəlir – bu ölkə AİHM-in aparıcı qərarlarının 74 faizini icra etməyib. 3-cü sıradakı Albaniya isə aparıcı qərarların 57 faizini icra etməyib. Qonşu Gürcüstan AİHM-in aparıcı qərarlarının 42, Ermənistan isə 39 faizini icra etməyib.

İcra edilməmiş qərarların sayı üzrə ölkələrin sıralaması belədir:

1. Rusiya – 2548;
2. Ukrayna – 762;
4. Rumıniya – 489;
3. Türkiyə – 458;
5. Azərbaycan – 333;

10.12.2023