Oktyabr ayının (2023) əvvəlinə görə, Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Azərbaycandan göndərilmiş 2 min şikayət baxılmasını gözləyir. Bu göstərici AİHM-də baxılmasını gözləyən şikayətlərin 2,7 faizini təşkil edir. 2023-cü ilin may ayının əvvəlində Azərbaycandan göndərilmiş 2100 şikayət qərar verilməsini gözləyirdi. Gözləyən ərizələrin sayında cüzi azalma var.
AİHM-də ümumilikdə 75 min 350 şikayət qərar verilməsini gözləyir. 2023-ci ilin may ayının əvvəlində belə şikayətlərin sayı 76 min 700 olub.
AİHM-də baxılmasını gözləyən şikayətlərin 24 min 100-ü Türkiyədən göndərilib (2023-cü ilin may ayının əvvəlində 23 min 250). Bu göstərici qərar gözləyən şikayətlərin 32 faizinə bərabərdir. 2-ci sırada 14 min 850 şikayətlə Rusiya, 3-cü sırada isə 9 min 250 şikayətlə Ukraynanın adı gəlir. Rumıniyadan göndərilmiş 4600, İtaliyadan 3250, Polşadan 2750, Yunanıstandan 2450 şikayət qərar verilməsini gözləyir.
Azərbaycan may ayının əvvəlindəki kimi sıralamada 8-cidir. 9-cu sıradakı Serbiyadan 1750, onuncu sıradakı Ermənistandan isə 1250 şikayət qərar ərəfəsindədir. Avropa Şurası məkanına daxil olan yerdə qalan 37 ölkədən göndərilmiş, qərar verilməsini gözləyən şikayətlərin ümumi sayı isə 9100-dür. Bu göstərici AİHM qarşısında baxılmasını gözləyən şikayətlərin hamısının 11,1 faizini təşkil edir.
Ümumilikdə 2023-cü ilin 9 ayında AİHM-ə 28350 şikayət daxil olub. 9 ayda hökumətlərlə 10764 ərizə kommunikasiya edilib. 2022-ci il ərzində isə 4866 ərizə kommunikasiya edilmişdi. 9 ayda ümumilikdə 25 min 639 ərizə üzrə qərar və ya qərardad çıxarılıb ki, onların 21936-sı qəbuledilməzlik və ya siyahıdan çıxarma ilə bağlı olub. 2022-ci il ərzində isə 11 min 652 ərizə barəsində siyahıdan çıxarma və ya qəbuledilməzliklə bağlı qərardad qəbul edilmişdi.