Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 19-da Azərbaycandan göndərilmiş 15-dən artıq ərizə üzrə 10 qərar və qərardadını elan edəcək.
Əlövsət Osmanlı Azərbaycana qarşı
Bu işdə ərizəçi təhsil məsələləri üzrə tanınmış ekspertdir. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifi olan ərizəçi 2013-cü ildə qəflətən vəfat edib. Məhkəmə işi onun məqalələri ilə bağlıdır.
İşin hallarına görə, “Azadlıq” qəzetində ərizəçinin “Mərdanovun qaraguruhları” sərlövhəli məqaləsi dərc edilib. Həmin məqalədə təhsil sahəsindəki problemlər sərt tənqid edilib. Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu həmin məqaləyə görə,ərizəçini mülki qaydada məhkəməyə verib. TPİ-nin iddiası təmin edilib, milli məhkəmələr ərizəçinin üzərinə ictimai qayda üzr istəmək və ifadələrini təkzib etmək vəzifəsi qoyub. Ərizəçi AİHM-ə şikayətində ifadə azadlığı hüququna müdaxilə baş verdiyini, milli məhkəmələrin faktlarla qiymətləndirici mülahizələr arasında fərq qoymamasından, dövlət orqanının işgüzar nüfuzunun olub-olmamasına layiqli qiymət verməməsindən şikayət edib.
Solmaz Ağayeva Azərbaycana qarşı
Bu işdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib. Ərizəçiyə məxsus əmlak (qaraj) müxtəlif dövlət orqanlarının sərəncamları əsasında sökülüb. Ona kompensasiya verilməsi nəzərdə tutulsa da ərizəçiyə ödəniş edilməyib.
Ərizəçi mülkiyyət hüquqlarının pozulmasından, xüsusən də əmlakının sökülməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən şikayət edir.
Samir Əliyev Azərbaycana qarşı
Məhkəmə işi ərizəçinin məhkəməyəqədər həbsi ilə bağlıdır.
Ərizəçi onun həbs müddətinin uzadılması və həbsdə saxlanması barədə qərarlardan daxili məhkəmələrə şikayət edib. Daxili məhkəmələr məhkəməyəqədər həbsdə saxlanılması üçün əsasın olmaması ilə bağlı ərizəçinin şikayətlərini rədd edib.
Ərizəçi ona münasibətdə 5-ci maddənin pozulduğunu iddia edir.
Mehman Hüseynov Azərbaycana qarşı
Bu məhkəmə işi tanınmış bloqer olan ərizəçinin ölkədən çıxışına yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulması ilə bağlıdır.
Ərizəçi AİHM qarşısında hərəkət azadlığı hüququ ilə yanaşı, Konvemsiyanın 10-cu və 18-ci maddələri ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia edir.
Digər 6 işin halları barədə AİHM-in sənədlər bazasında məlumat verilmir. Həmin işlər son illərdə göndərilib, hökumətlə bu ilin yanvar-mart aylarında kommunikasiya edilib.
Hüseynov Azərbaycana qarşı (təmsilçi Yalçın imanov);
İbrahimov və Qurbanov Azərbaycana qarşı (təmsilçi Cavad Cavdov);
Cabbarov və Əliyev Azərbaycana qarşı (təmsilçi Azər Rəsulov);
Maniyev və başqaları Azərbaycana qarşı (təmsilçi Samirə Ağayeva);
Əhmədov və başqaları Azərbaycana qarşı (təmsilçi Tural Ağayev);
Qasımlı Azərbaycana qarşı (təmsilçi Elçin Sadıqov);