25 sentyabr 2023-cü il tarixdə dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizənin nömrəsi: 83230/17
Elnur MƏHƏRRƏMLİ Azərbaycana qarşı
4 dekabr 2017-ci il tarixdə təqdim edilib
5 sentyabr 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Ərizəçi jurnalist və onlayn xəbər portalının baş redaktorudur, məhkəmə işi ərizəçiyə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi N.S.-nin xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə cinayət işinin açılması ilə bağlıdır. Ərizəçi 2015-ci ilin avqustunda dərc etdiyi böhtan məzmunlu olduğu iddia edilən məqaləyə görə cinayət məsuliyyətinə cəlb edilib. Ərizəçi məqalədə N.S.-nin rüşvətxorluq və korrupsiya kimi qanunsuz və cinayət əməlləri törətməsi haqda ifadələr işlətmişdi.
Xətai Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli hökmü ilə ərizəçi Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib, aylıq gəlirinin 15 faizi dövlətin xeyrinə tutulmaqla bir il altı müddətinə islah işləri cəzasına məhkum olunub. Daxili məhkəmələr hesab ediblər ki, ərizəçi N.S.-ni hər hansı sübut təqdim etmədən cinayət əməlləri törətməkdə ittiham etməklə, məqalədə böhtan və təhqiramiz ifadələr işlətməklə xüsusi ittihmaçını təhqir edib. Ərizəçinin şikayətlərinin ardınca Ali Məhkəmənin 3 may 2017-ci il tarixli yekun qərarı (4 iyun 2017-ci ildə ona bildirilib) ilə hökm qüvvədə saxlanılıb.
Ərizəçi Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq, yerli məhkəmələrin qərarlarının onun jurnalist kimi ifadə azadlığı hüququnu pozmasından şikayət edib.
TƏRƏFLƏRƏ SUALLAR
Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığına müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanuni məqsəd naminə 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi? Ərizəçiyə qarşı tətbiq edilən sanksiyalar qarşıya qoyulan məqsədlərə mütənasib olubmu (bax: Mahmudov və Ağazadə, № 35877/04, § 51, 18 dekabr 2008-ci il, və Grebneva və Alisimçik Rusiyaya qarşı, № 8918/05, § 62, § 65, §. 2016)?
Tərəflərdən ərizəçi tərəfindən dərc edilmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olan mübahisəli məqalənin ingilis və ya fransız dilinə tərcüməsini təqdim etmələri xahiş olunur.