Aprel-may aylarında Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 49 ərizə üzrə 10 qərar və qərardad elan edib. Məhkəmə mahiyyəti üzrə çıxarılan 3 qərarin hər birində pozuntu tapıb.
Abbasəliyeva Azərbaycana qarşı işində ərizəçi keçmiş baş həkim idi. Yerli qəzetlərdən birində onun haqda bir neçə məqalə yayınlanmış, onun vəzifəsinə layiq olmadığı ifadə edilmişdi. Məqalə müəllifi bu qənaətini ərizəçinin qardaşının 1995-ci ildə dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinməsi ilə əsaslandırırdı. Ərizəçi məqalələrin yayılmasından bir qədər sonra baş həkim vəzifəsindən azad edilmişdi. O, həm işəgötürənə, həm də qəzetə qarşı məhkəmə iddiası qaldırsa da uğursuz olmuşdu. Avropa Məhkəməsi bu işdə mübahisəli məqalələrin ifadə azadlığı hüququnun sərhədlərini aşdığı, ərizəçinin şəxsi həyata hörmət hüququnu pozduğuna qərar verdi.
Dursun Əliyevin işi keçmiş polis olan ərizəçiyə narkotik alveri ittihamı ilə ona cinayət işinin açılması ilə bağlıydı. Ərizəçi iddia edirdi ki, yuxarı rəisləri ilə ixtilaflarının olması səbəbindən ittiham edilib, uydurma və ya etibar edilməməli olan sübutlar əsasında məhkum olunub. Avropa Məhkəməsi bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıdı. Məhkəmə mənzilin sökülməsini nəzərdə tutan yerli məhkəmə qərarlarının mübahisələndirildiyi Əhmədov və başqalarının işində isə şəxsi həyata hörmət hüququnun pozuntusunu müəyyən etdi.
Aprel – may aylarında Azərbaycandan göndərilmiş ümumilikdə 26 ərizəyə baxılması tərəflərin dostca anlaşmalarına əsasən elan edilən 7 qərardadla başa başa çatıb. Hüseynov və başqaları, Həsənov və başqaları, Abulov və başqaları, Quliyev və başqaları, Hacıyev və Zeynalov Azərbaycana qarşı, Əsgərova Azərbaycana qarşı işlərində birləşmək, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, habelə, mülkiyyət hüquqlarının pozuntusu qaldırılmışdı.
2 ayda 20 ərizə hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən baxılacaq iuşlərin siyahısından çıxarılıb. Bu işlərin hamısında ərizəçilər siyasi aktivistlər idi. Onlar ədalətli məhkəmə araşdırması, eləcə də azadlıq və toxunulmazlıq hüquqlarının pozulduğunu iddia edirdilər. Hökumət onların iddia etdiyi pozuntuları etiraf edib, onlara təz minat ödəmək öhdəliyi götürüb.
Aprel-mart aylarında elan edilən qərar və qərardadlar ərizəçilərə ümumilikdə 130 min avrodan artıq təzminat ödənilməsini nəzərdə tutur.