Avropa İnsan Haqları Məhkəməsi sentyabr ayında Azərbaycandan göndərilmiş şikayətlər əsasında mahiyyəti üzrə 3 qərar qəbul edib. Həmin qərarlarda idddia olunan pozuntular – azadlıq və toxunulmazlıq, mülkiyyət hüquqlarının iddia edilən pozuntuları tanınıb.
Ərizəçilər Yadigar Sadıqlı Azərbaycana qarşı işində məhkəməyə qədər həbsin, Xatirə Quliyeva Azərbaycana qarşı işində isə inzibati qaydada həbsin qanunsuz olmasını iddia edirdilər. Yadigar Sadıqlı işi müxalifətçi olan ərizəçinin şübhəli xuliqanlıq ittihamının irəli sürülməsinin ardınca barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar idi. Məhkəmə məhkəməyə qədər həbs qərarının əsaslandırılmadığı qənaətinə gəlib. Avropa Məhkəməsi Xatirə Quliyevanın işində də məhkəmə qərarının əsaslandırılmadığı qənaətini təkrarlayıb. Hər iki işdə ərizəçiyə təzminat ödəniləcək.
Mahiyyəti üzrə 3-cü qərar Rafiq Səfərovun ərizəsi əsasında çıxarılıb.
Bu işin faktlarına görə, ərizəçi 2009-cu ildə Azərbaycan tarixinə dair kitabını nəşr etdirmişdi. Məhkəmə mübahisəsi həmin kitabın ərizəçinin icazəsi olmadan, ona hər hansı qonorar ödənilmədən çoxaldılması və onlayn qaydada yayılması ilə müəllif hüquqlarının pozulması iddiaları ilə bağlıydı. Ərizəçi məhkəmədə mülki iddia qaldırsa da yerli məhkəmələr onu rədd etmişdilər. 1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və 6-cı maddəyə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanan ərizəçi AİHM-ə dövlətin onun əqli mülkiyyət maraqlarını qorumamasından və daxili məhkəmələrin onun iddiası üzrə qərarlarının əsaslandırlmamasından şikayət edirdi. Məhkəmə onu haqlı hesab edib.
Bu işdə AİHM Ərizəçinin mülkiyyət hüququna müdaxilənin baş verdiyinə qərar verib. Qərara görə, hökumət ərizəçiyə 5000 avro təzminat ödəməlidir. Bu işdə Azərbaycan tarixinə dair kitab müəllifi olan ərizəçi, həmin kitabın icazəsi olmadan, hər hansı qonorar ödənilmədən çoxaldılması və onlayn qaydada yayılmasının müəllif hüquqlarını pozmasından şikayət etmişdi.
Avropa Məhkəməsi bir ayda Azərbaycanla bağlı ümumilikdə 9 qərar və qərardad qəbul edib. 3 işdə ərizələr qəbuledilməz hesab edilib. Digər işlərə baxılması tərəflərin dostca anlaşmaları ilə başa çatıb. Mahiyyəti üzrə qəbul edilmiş qərarlar və dostca anlaşmalara əsaslanan qərardadlara görə, ərizəçilərə ümumilikdə 78 min avrodan artıq təzminat ödənilməlidir.