Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icra durumu müzakirə edilir. 3 gün (5-7 iyun) davam edəcək toplantının gündəliyinə Azərbaycanla bağlı 6 qərar qərar daxildir.
Müzakirə olunan Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Bu qərarların icra durumu problemlidir, qərarların ortaya çıxardığı problemlərin aradan qaldırlması üçün tələb olunan fərdi və ümumi tədbirlər qismən həyata keçirilməmiş qalır.
Azərbaycan hökuməti toplantıya göndərdiyi sonuncu təqdimatında bildirib ki, qeyd edilən qərarların icrası kontekstində Azərbaycanda bütün məhkəmə zallarındakı metal qəfəslər ləğv edilib, götürülüb. Beləliklə, bu elementin bütün mənfi nəticələri, yəni, məhkəmə iclası zamanı metal qəfəsdə saxlanılma səbəbindən aşağılayıcı rəftar halları tamamilə aradan qaldırılıb. Hökumət daha öncəki təqdimatında isə bu qrupda qalan işlərin hazırda Ali Məhkəmənin Pelnumunda olduğunu, onlara lazımi qaydada baxılması üçün Ali Məhkəməyə məlumat verildiyi bildirilmişdi.
Bu qrupda daha öncə İlqar Məmmədov, Rəsul Cəfərov, Natiq Cəfərli, Əzizov və Novruzlu işləri üzrə AİHM-in qərarlarının icrasına da nəzarət edilirdi, AŞ NK həmin qərarların icrasına nəzarəti artıq qapadıb.
AŞ NK-nın icra durumunu müzakirə etdiyi digər qərar Makuçyan və Minasyan Azərbaycana qarşı işi üzrə qərardır. Bu qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovun işi ilə bağlıdır. Ərizəçilər sözügedən olayda qurban olan erməni hərbçinin ailə üzvləridir. Onlar iddia edirdilər ki, Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilmiş R.Səfərovun Macarıstandan Azərbaycana təhvil verilməsi, ardınca da əfv edilməsi, Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. AİHM bu işdə 2-ci maddənin prosessual baxımdan, habelə, 2-ci maddə ilə birlikdə götürülməklə 14-cü maddənin (ayrı-seçkilik) pozulmasına (yaşama hüququna qarşı cinayətlərdən təsirli çəkindirmə öhdəliyinə əməl etməmə) qərar vermişdi. Qərar həmçinin, ərizəçilərə 15,143.33 Britaniya funtu məbləğində xərc və məsrəf əvəzi ödənilməsini nəzərdə tutur.
Hökumət müzakirələrdən əvvəl AŞ NK-ya qərarın icrası ilə bağlı fəaliyyət planı təqdim edib.
AŞ NK Azərbaycanla yanaşı AİHM-in Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova Respublikası, Şimali Makedoniya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlı qərarlarının icra durumunu da incələyir.
AŞ NK-nın toplantı zamanı qəbul etdiyi qərarlar iyunun 8-də elan ediləcək. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən, AİHM-in qərarlarının icrası üzv dövlətlər üçün məcburi xarakter daşıyır. AŞ NK qərarların icrasına hökumətlər, ərizəçilər, QHT-lər və digər maraqlı tərəflərin təqdimatları vasitəsilə nəzarət edir.