№24212/15 QAFQAZ MEDİA ARAŞDIRMALARI MƏRKƏZİ İCTİMAİ BİRLİYİ AZƏRBAYCAN QARŞI – 24 YANVAR 2023-CÜ İL

© tərcümə – aihmaz.org

 

BİRİNCİ BÖLMƏ

 

QAFQAZ MEDİA ARAŞDIRMALARI MƏRKƏZİ İCTİMAİ BİRLİYİ AZƏRBAYCAN QARŞI

 

Ərizə no. 24212/15

 

QƏRARDAD

 

24 yanvar 2023

 

Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası 24 yanvar 2023-cü il tarixdə aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

 

Krzysztof Wojtyczek, Sədr,
Lətif Hüseynov,
Ivana Jelić, hakimlər,
və Liv Tigerstedt, İclas katibi,

 

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, Azərbaycanda iqamət edən vəkil cənab X.Bağırov tərəfindən təmsil olunan Qafqaz Media Araşdırmaları Mərkəzi İctimai Birliyi tərəfindən (“ərizəçi”) 12 may 2015-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş ərizəni (№24212/15);

Ərizə barəsində Azərbaycan Hökumətinin (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərova məlumatın göndərilməsi haqqında qərarı;

Cənab K.Bağırova ərizəçini Məhkəmədəki icraatda təmsil etmək üçün icazə verilməsi haqqında bölmə sədrinin qərarını (Məhkəmə Reqlamenti, 36-cı Qaydanın 4(a)-cü bəndi);

Tərəflərin təqdimatlarını;

nəzərə alaraq,

aşağıdakı qərarı qəbul edir:

IŞIN HALLARI

1. Hazırkı ərizə ərizəçi birliyin bank hesablarına daxili məhkəmə qərarı ilə həbs qoyulması ilə bağlıdır.

2. Nəsimi Rayon Məhkəməsi 7 avqust 2014-cü il tarixdə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən təqdim edilmiş vəsatət əsasında ərizəçi birliyin bank hesablarına həbs qoyulmasına dair qərar çıxarıb. Ərizəçinin bank hesablarının dondurulması 2014-cü ildə açılmış №142006023-li cinayət işinin araşdırılması çərçivəsində həyata keçirilib.

3. Ərizəçi bilrik 24 oktyabr 2014-cü il tarixdə qanunsuz olması əsası ilə Nəsimi Rayon Məhkəməsinin 7 avqust 2014-cü il tarixli qərarından apellyasiya şikayəti verib. Ərizəçi birlik apellyasiya şikayəti ilə yanaşı, şikayət vermək üçün müddətin bərpası barədə vəsatət də təqdim edib və iddia edib ki, Nəsimi Rayon Məhkəməsinin 7 avqust 2014-cü il tarixli qərarı barədə onlara heç vaxt məlumat verilməyib və bu qərardan yalnız 21 oktyabr 2014-cü il tarixdə xəbər tutublar.

4. Nəsimi Rayon Məhkəməsi 29 oktyabr 2014-cü il tarixdə ərizəçi birliyin apellyasiya şikayəti vermək üçün müddətin bərpası barədə vəsatətini rədd edib. Məhkəmənin qənaətincə, ərizəçi birlik apellyasiya şikayəti vermək üçün üç günlük müddətin buraxılmasına əsaslı səbəbin olduğunu göstərən heç bir sübut təqdim edə bilməyib.

5. Ərizəçi birlik 3 noyabr 2014-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti verib.

6. Bakı Apellyasiya Məhkəməsi 1 noyabr 2014-cü il tarixdə ərizəçi birliyin şikayətini təmin etməyib. Apellyasiya məhkəməsinin qərarı qəti idi və ondan əlavə şikayət verilə bilməzdi.

7. Ərizəçi birlik Konvensiyanın 6, 11, 13 və 18-ci maddələrinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq, onun bank hesablarının yerli hakimiyyət orqanları tərəfindən dondurulmasının onun Konvensiyanın qeyd edilən maddələri ilə təminat altına alınan hüquqlarını pozmasından şikayət edib.

MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ

8. Məhkəmə müşahidə edir ki, hazırkı ərizə Məhkəməyə 12 may 2015-ci il tarixdə təqdim edilib. Ərizəçi birlik bununla əlaqədar olaraq, bildirib ki, altı aylıq müddətin sonuncu günü, yəni 11 may 2015-ci il tarixi rəsmi tətil günlərinə təsadüf edib, yəni qeyri-iş günü olub.

9. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı 2014-cü il noyabr ayının 11-də çıxarılıb. Buna görə də Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi ilə müəyyən edilmiş müddət ertəsi gün, noyabrın 12-də başlayıb, 11 may 2015-ci il tarixdə gecə yarısı isə başa çatıb. Ərizə isə 12 may 2015-ci il tarixdə, yəni, yuxarıda qeyd olunan 6 aylıq müddət bitdikdən sonra təqdim edilib.

10. Bununla əlaqədar olaraq Məhkəmə, altı aylıq müddətə riayət edilməsinin Konvensiyaya xas olan meyarlardan istifadə edilməklə müəyyən edildiyini bir daha vurğulayır. Bundan başqa Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş müddət sərhədi nəzərə alındıqda, bu işdə Məhkəmənin uyğun presedent hüququndan xəbərdar olmalı olan vəkil tərəfindən təmsil olunan ərizəçinin dies ad quem müraciət üçün son günün qeyri-iş gününə düşəcəyini qabaqcadan görə bilmədiyini və buna uyğun hərəkət etdiyini göstərən hər hansı əlamət yoxdur (bax: Sabri Güneş Türkiyəyə qarşı [GC], №27396/06, § 61, 29 iyun 2012).

11. Buna görə də Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi birlik Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində müəyyən edilmiş altı aylıq müddətə uyğunluq qaydasına əməl etməyib və ona görə də hazırkı ərizə Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəni qəbuledilməz elan edir.

İngilis dilində hazırlanıb və 16 fevral 2023-cü il tarixdə yazılı şəkildə elan edilib.

 

Liv Tigerstedt                               Krzysztof Wojtyczek

İclas katibi                                     Sədr