№45735/21 BƏHRUZ BAYRAMOV AZƏRBAYCANA QARŞI – 15 MAY 2023-CÜ İL

15 may 2023-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 45735/21

Bəhruz Cəbhə oğlu BAYRAMOV Azərbaycana qarşı

4 sentyabr 2021-ci il tarixdə daxil olub

25 aprel 2023-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanıb

MƏHKƏMƏ İŞİNİN HALLARI

Bu məhkəmə işində ərizəçinin avtomobili sərxoş vəziyyətdə idarə etməsi əsası ilə yol polisi tərəfindən saxlanılması, daha sonra polis bölməsinə aparılması zamanı onun görüntülərinin çəkilməsi və həmin görüntülərin televiziyada və internetdə yayılmasından bəhs edilir. Sonradan Ərizəçiyə qarşı avtomobili sərxoş vəziyyətdə idarə etməsinə görə açılmış inzibati xəta haqqında işə polis orqanları tərəfindən xitam verilib.

Hüquqşünas olan ərizəçi yuxarıda qeyd olunan görüntülərin yayılmasının qanunsuz olması ilə bağlı müvafiq yol polisi şöbəsinə qarşı şikayət edib, digər məsələlərlə yanaşı, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edib. Ali Məhkəmə 1 aprel 2020-ci il tarixli yekun qərarı ilə ərizəçinin iddialarını rədd edib və qeyd edib ki, ərizəçi mahiyyət etibarilə qeyd olunan görüntülərin polis tərəfindən yayıldığını sübut edə bilməyib.

Ərizəçi Konvensiyanın 6 və 8-ci maddələrinə əsaslanaraq, onun görüntülərinin qanunsuz lentə alınması və həmin görüntülərin yayılmasının onun şəxsi həyata hörmət hüququnu pozmasından və şikayətləri üzrə daxili məhkəmələrin qərarlarının əsaslandırılmamasından şikayət edib.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçi mülki hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ədalətli dinləmələr imkanına malik olubmu? Xüsusilə, ərizəçinin əsaslandırılmış qərar əldə etmək hüququna hörmət edilibmi?

2. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin şəxsi həyata hörmət hüququna müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?