Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 4-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 1 qərarını elan edəcək. Bu işdə şəxsi həyata hörmət və mülkiyyət hüquqlarının pozuntusu mabahisələndirilib.
Əlif Əhmədov və başqaları Azərbaycana qarşı (no. 22619/14)
Ərizəçilər Əlif Əhmədov, Nazbikə Əhmədova, Ruslan Əhmədov və İbrahim Əhmədov müvafiq olaraq 1956, 1958, 1978 və 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır və 2016-cı ildə vəfat etmiş xanım Əhmədova istisna olmaqla Bakıda yaşayırlar.
Məhkəmə işi ərizəçilərin uzun illər yaşadıqları evdən planlaşdırılmış şəkildə çıxarılması və evin sökülməsi ilə bağlıdır. Evin tikildiyi əraziyə Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “Azneft” iddia edib. Yerli məhkəmələr “Azneft”in xeyrinə qərar çıxarıblar. Qərar evin ərizəçilərin hesabına sökülməsini nəzərdə tutub. Ərizə təqdim edilənə qədər ev sökülməmişdi.
Ərizəçilər Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ) maddəsinə əsaslanaraq, öz evlərindən çıxarılmalarının, evlərinin sökülməsinin qanunsuzluğundan şikayət edirlər.