Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, aprelin 27-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 2 yekun qərarını elan edəcək. Ərizələrdə ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı və ayrı-seçkiliyin yolverilməzliyi hüquqlarının pozuntusu da mübahisələndirilib.
Şəhla Abbasəliyeva Azərbaycana qarşı (№ 6950/13)
Ərizəçi Şəhla Səməd qızı Abbasəliyeva 1959-cu ildə anadan olmuş Azərbaycan vətəndaşıdır, Qazax rayonunda yaşayır.
Məhkəmə işi 2011-ci ildə ərizəçi barəsində “Gündəlik Bakı” qəzetində dərc edilmiş bir neçə məqalə ilə bağlıdır. Həmin məqalələrdə Qazaxdakı xəstəxananın ambulatoriyasına baş həkim təyin olunmuş ərizəçinin buna layiq olmamasından bəhs edilirdi, məqalə müəllifləri bunu ərizəçinin qardaşının 1995-ci ildə dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinməsi ilə əsaslandırırdı. Ərizəçi məqalələrin yayılmasından bir qədər sonra baş həkim vəzifəsindən azad edilib. O, həm işəgötürənə, həm də qəzetə qarşı məhkəmə iddiası qaldırıb, ancaq iddiaları uğursuz olub.
Ərizəçi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinə əsaslanaraq, milli məhkəmələrin onun qəzetə qarşı iddialarını təmin etməməsindən və onun baş həkim vəzifəsindən azad edilməsinin nüfuz hüququnu pozmasından, habelə, ona qarşı ayrı-seçkilik edilməsindən şikayət edib.
Ərizəçi, özəlliklə, məqalələrin pis niyyətlə yazıldığını və yalnız qardaşının siyasi baxışlarına və əqidəsinə görə onu gözdən salmaq məqsədi daşıdığını iddia edir.
Dursun Əliyev Azərbaycana qarşı (№ 20216/14)
Bu işdə 1961-ci ildə anadan olmuş ərizəçi Dursun İsrafil oğlu Əliyev Azərbaycan vətəndaşıdır, Bakı şəhərində yaşayır.
Ərizəçi polis idarəsində əməliyyat müvəkkili işləyib. Məhkəmə işi ona qarşı narkotik alveri ittihamı ilə cinayət işi açılması ilə bağlıdır.
Ərizəçi Konvensiyanın 6-cı maddəyə əsaslanaraq digər məsələlərlə yanaşı iddia edir ki, yuxarı rəisləri ilə ixtilaflarının olması səbəbindən ittiham edilib, uydurma və ya etibar edilməməli olan sübutlar əsasında məhkum olunub. Ərizəçinin iddiasına görə, ona həmin etibarlı olmayan sübutlara effektiv etiraz etmək, onun xeyrinə olan arqumentləri təqdim etmək imkanı verilməyib, cinayət prosesinin ibtidai istintaq mərhələsində ilkin dindirilməsi zamanı effektiv hüquqi yardım almaq imkanından məhrum edilib.