Avropa Məhkəməsi Azərbaycanı 80 min avrodan artıq cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, martin 30-da Azərbaycandan göndərilmiş 28 ərizə üzrə 5 qərardad qəbul edib. Qərardadların 4-ü dostca anlaşmalar, 2-si isə hökumətin təktərəfli bəyannaməsi əsasında çıxarılıb.

Rövşən Məmmədli və Azər Kazımzadə Azərbaycana qarşı

Bu məhkəmə işi ərizəçilər barəsindəki inzibati icraataın ədalətli olmaması iddiaları ilə bağlı idi. Ərizəçilər məhkəmə qarşısında ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu qaldırmışdılar. Tərəflər kommunikasiya mərhələsində dostca anlaşdıqları üçün AİHM ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbul edib. Qərardada əsasən, hökumət ərizəçilərin hər birinə 650 avro, hüquqi məsrəflərə görəsə ümumilikdə 1200 avro ödəməlidir.

Cabbar Savalanlı və başqaları Azərbaycana qarşı

Bu məhkəmə işi 18 ərizəçinin sərbəst toplaşmaq hüquqularından yararlanmalarına qeyri mütənasib müdaxilələrin edilməsi, müvafiq icraatların ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 11-ci və 6-cı maddələrinin pozuntusunu qaldırmışdılar. Bu işdə də tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən hökumət 18 ərizəçinin hər birinə 3000 avro ödəyəcək.

(Bu iş üzrə ərizəçilər: Cabbar SAVALANLI, Rəcəb HÜSEYNLİ, Əziz QƏHRƏMANOV, Faiq NAQİYEV, Bəşir TARİVERDİYEV, Hikmət ƏLİYEV, Tahir AĞAYEV, Abdulla MAHMUDOV, Vidadi QULİYEV, Orxan BAXIŞLI, Ayaz QASIMOV, Əliağa MƏMMƏDOV, Baba SÜLEYMANOV, Aqil MƏHƏRRƏMOV, İsmayıl HƏSƏNOV, Ruslan NƏSİROV, Yalçın ABDULLAYEV, Saqif QURBANOV)

Hikmət Səmədov və Başqaları Azərbaycana qarşı

Bu məhkəmə işi ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlıdır. Tərəflər kommunikasiya mərhələsində dostca anlaşıblar, anlaşmaya görə, hökumət 4 ərizəçinin (Hikmət Səmədov, İsgəndər İsgəndərov, Asəf Nuriyev, Daxil Nəzərov) hər birinə 3600, 1 ərizəçiyə (Ramiz Rzayev) 1500, 1 ərizəçiyə (Rahib Məmmədov) 3000 avro ödəyəcək. Ərizəçilərə ümumilikdə 1500 avro hüquqi xərc əvəzi də ödəniləcək.

Rahim Şaliyev Azərbaycana qarşı

Bu məhkəmə işi də inzibati məhkəmə icraatının qanunsuzluğu iddiaları ilə bağlı idi. Tərəflərin dostca analaşma müzakirələri uğurlu olmayıb. Hökumət ərizəçiyə qarşı pozuntuya yol verildiyi etiraf edərək, məhkəməyə təktərəfli bəyannamə təqdim edib. AİHM həmin bəyannaməni nəzərə alaraq, ərizənin baxılacaq işlərin siyahısından çıxarılması haqda qərardad qəbule dib.ş Qərardada görə, hökumət ərizəçiyə ümumilikdə 1250 avro ödəməlidir.

Ərəstun Baxşəliyev Azərbaycana qarşı

Bu ərizədə də toplaşmaq hüququna müdaxilənin qanunsuzluğu, məhkəmə icraatının ədalətsizliyi məsələsi qaldırılmışdı. Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuları tanıdığını ifadə edən təktərəfli bəyannamə təqdim edib. Məhkəmə həmin bəyannaməni diqqətə alıb. Qərardada əsasən, hökumət ərizəçiyə 2850 avro ödəyəcək.