Bu gün, martin 7-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin rüblük toplantısı başlayıb, toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərar və qərardadlarının icra durumu müzakirə edilir. Müzakirələr 3 gün davam edəcək.
İcra durumu müzakirə edilən qərarlar Albaniya, Azərbaycan, Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova Respublikası, Polşa, Rumıniya, Rusiya Federasiyası, Slovakiya Respublikası, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.
Toplantıda AİHM-in Azərbaycanla bağlı 35 qərarının icra durumu müzakirə edilir.
Həmin qərarların 30-na Qafqaz Məmmədov Qrupu daxilində nəzarət edilir. Bu qrup daxilində icrasına nəzarət edilən qərarlar müxalifət qüvvələrinin təşkil etdikləri dinc etiraz aksiyalarının dağıdılması ilə ərizəçilərin sərbəst toplaşmaq azadlığının çoxsaylı pozuntuları və aksiya iştirakçılarının saxlanılmaları və qısa müddətə həbs, habelə, azadlıqdan məhrum edilmələri ilə bağlıdır. AİHM bu qərarlarında ictimai toplantıları tənzimləyən qanunvericiliyin proqnozlaşdırıla bilməyən, dəqiq olmamasından və onlardan sui-istifadə edilməklə ictimai toplantılara müdaxilə olunmasının mümkünlüyündən narahatlığını ifadə edib.
Bu qrupa daxil edilmiş qərarlardan doğan fərdi tədbirlərin əksəriyyəti icra edilib, yalnız 5 qərar üzrə ərizəçilərə maddi təzminat hələ də ödənilməyib. Ümumi tədbirlərə gəlincə, hökumət Nazirlər Komitəsinə hələ də AİHM qərarlarında müəyyən edilmiş çatışmazlıqların aradan qaldırlması yollarını göstərən fəaliyyət planını təqdim etməyib.
Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın icrasına nəzarət edilir. Bu qrupda daha öncə İlqar Məmmədov, Rəsul Cəfərov, Natiq Cəfərli, Əzizov və Novruzlu işləri üzrə AİHM-in qərarlarının icrasına da nəzarət edilirdi, AŞ NK həmin qərarların icrasına nəzarəti artıq qapadıb. Hazırda Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunusların şikayətləri üzrə çıxarılan qərarlar nəzarət altındadır. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Bu qərarların icra durumu problemlidir, qərarların ortaya çıxardığı problemlərin aradan qaldırlması üçün tələb olunan fərdi və ümumi tədbirlər həyata keçirilməmiş qalır.
Azərbaycan hökuməti toplantıya göndərdiyi təqdimatında bildirib ki, bu qrupda qalan işlər hazırda Ali Məhkəmənin Pelnumundadır, onlara lazımi qaydada baxılması üçün Ali Məhkəməyə məlumat verilib. Təqdimatda qrupla bağlı fərdi tədbirlər haqqında əlavə məlumatın ən qısa zamanda veriləcəyi bildirilir.
Nazirlər Komitəsinin toplantıda qəbul etdiyi qərarlar martın 10-da elan ediləcək. Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, AİHM-in qərarlarının icrası məcburidir.
AŞ Nazirlər Komitəsi qərarların icrasına milli hakimiyyət orqanlarının, ərizəçilərin, QHT-lərin, Milli İnsan Hüquqları İnstitutlarının (NHRI) və digər maraqlı tərəflərin təqdim etdikləri məlumatlar əsasında nəzarət edir.