Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, fevralın 16-da Azərbaycandan göndərilmiş 7 ərizə üzrə 4 yekun qərar və qərardadlarını elan edəcək. Ərizələrdə əsasən, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilir. Bir neçə işdə Konvensiyanın 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da mübahisələndirilib.
İbrahimbəyov və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər Rüstəm İbrahimbəyov, Şöhrət İbrahimbəyova və Lalə Əfəndiyeva 1939, 1966 və 1941-ci il doğumlu Azərbaycan vətəndaşlarıdır. Ərizəçilərdən cənab İbrahimbəyov vəfat edib, digər ərizəçilər Bakıda yaşayır.
Məhkəmə işi ərizəçilərə məxsus olan torpaq sahəsinin sənədlərinin qanunsuz olaraq ləğv edilməsi iddiaları ilə bağlıdır. Konvensiyanın 6-cı maddəsinə (ədalətli dinləmə hüququ) və Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinə (mülkiyyətin qorunması) söykənən ərizəçilər, torpaq sahələrinin əlləridən alınmasının qanunsuzluğundan, məhkəmə qərarlarının əsaslandırılmadığından şikayət ediblər.
Elnur Məcidli Azərbaycana qarşı
Bu məhkəmə işi müxalif partiya fəalının dinc toplaşmaq hüququndan yararlanması kontkestində baş vermis olaylarla bağlıdır.
Ərizəçi hadisələrin baş verdiyi vaxtda müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub. O, müxalif qüvvələrin azad seçkilərin keçirilməsi tələbi ilə 2011-ci ilin aprel ayında Bakıda keçirdiyi aksiyada iştirak edib. Dinc aksiyaya polis qüvvələri müdaxilə edib, ərizəçi saxlanılaraq polisə aparılıb. Ardınca ərizəçiyə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə iştirak) maddəsi ilə cinayət işi açılıb, may ayında məhkəməyə qədər həbs edilib.
Məhkəmə ərizəçiyə qarşı ittihamları əsaslı hesab edərək, onun 2 il müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tutun hökm çıxarıb. Ərizəçi AİHM qarşısında iddia edir ki, onun özünün seçdiyi hüquqi yardım vasitəsinə çatım hüququ pozulub, məhkəmə ədalətli olmayıb.
Qafqaz Media Araşdırmaları Mərkəzi Azərbaycana qarşı
Bu məhkəmə işi iddia edilən qanunsuz fəaliyyətinə görə ictimai birliyə açılmış cinayət işi çərçivəsində onun bank hesablarına həbs qoyulması ilə bağlıdır.
İctimai birlik iddia edir ki, bank hesablarına həbs qoyulması onun mülkiyyət, ədalətli məhkəmə araşdırması, birləşmək və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusu ilə müşayət olunub. Ərizəçi həmçinin, cinayət işinin siyasi məqsəd daşıdığını, Konvensiyanın 18-ci maddəsini pozduğunu iddia edir.
Aynurə İmranova və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi də iddia edilən qanunsuz fəaliyyətlərinə görə bir sıra ictimai bilriklərə və şəxslərə qarşı açılmış cinayət işi çərçivəsində ərizəçilərin bank hesablarına həbs qoyulması ilə bağlıdır.
Ərizəçilərdən A.İmranova AİHM qarşısında iddia edib ki, bank hesablarına həbs qoyulması onun mülkiyyət hüququnun pozuntusu ilə müşayət olunub. Digər ərizəçilər (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Emin Hüseynov, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi) qeyd edilən pozuntu ilə yanaşı Konvemsiyanın 6-cı, 11-ci, 13-cü və 18-ci maddəsinin pozuntusu iddiasını da irəli sürüb.