© tərcümə – aihmaz.org
BEŞİNCİ BÖLMƏ
ŞENTÜRK VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
(Ərizə № 41326/17 və digər ərizələr – əlavədəki siyahıya bax)
QƏRAR
STRASBURQ
10 mart 2022-ci il
YEKUN
10/06/2022
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən, qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.
Şentürk və digərləri Azərbaycana qarşı işdə,
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə) aşağıdakılardan ibarət tərkibdə toplaşaraq:
Síofra O’Leary, sədr,
Mārtiņš Mits,
Lətif Hüseynov,
Lado Chanturia,
Ivana Jelić,
Arnfinn Bårdsen,
Mattias Guyomar, hakimlər
və Bölmə Katibinin Müavini,Victor Soloveytchik,
İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən dörd Türkiyə vətəndaşı, cənab Taci Şentürk (“birinci ərizəçi”), cənab İsa Özdemir (“ikinci ərizəçi”), cənab Ayhan Seferoğlu (“üçüncü ərizəçi”) və cənab Erdoğan Taylan (“dördüncü ərizəçi”) (“ərizəçilər”) tərəfindən qoşmadakı əlavədə göstərilən müxtəlif tarixlərdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim etdikləri dörd ərizəni (№ 41326/17, 8098/18, 8147/18, 8384/18);
Azərbaycan Hökümətinin (Hökümət) bütün ərizəçilərə münasibətdə Konvensiyanın 3, 5 və 13-cü maddələri, əlavə olaraq birinci ərizəçiyə münasibətdə 7 saylı Protokolun 1-ci maddəsi ilə əlaqədar şikayətlər barədə məlumatlandırılması və ərizənin qalan hissəsinin qəbuledilməz elan edilməsi ilə bağlı qərarı;
Türkiyə Hökumətinin icraatda iştirak etmək hüququndan istifadə etməmək barədə qəbul etdiyi qərar (Konvensiyanın 36-cı maddəsinin 1-ci bəndi);
xanım A.Nəsirliyə ərizəçiləri və cənab S.Rəhimliyə birinci ərizəçini Məhkəmə qarşısındakı icraatda təmsil etmək üçün icazə verilməsi ilə bağlı Bölmə Sədrinin qərarını (Məhkəmə Reqlamentinin 36-cı Qaydasının 4(a) bəndi),
tərəflərin izahatlarını;
nəzərə alaraq,
işi 8 fevral 2022-ci ildə qapalı iclasda araşdıraraq,
həmin tarixdə qəbul edilən qərarını elan edir:
GİRİŞ
1. Ərizəçilər, əsasən, Konvensiyanın 3-cü və 5-ci maddələrinə istinad edərək şikayət edirlər ki, onların saxlanması və sonradan Azərbaycandan Türkiyəyə xaric edilməsi Konvensiya hüquqlarını pozub.
FAKTLAR
2. Ərizəçilərlə sonuncu kommunikasiya zamanı onlar Türkiyədə həbsdə idilər. Onların şəxsi məlumatları əlavə edilmiş cədvəldə ümumiləşdirilib. İkinci, üçüncü və dördüncü ərizəçiləri Azərbaycanda fəaliyyət göstərən hüquqşünas xanım A. Nəsirli, birinci ərizəçini isə həm A. Nəsirli, həm də Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab S. Rəhimli təmsil edib.
3. Hökumət öz nümayəndəsi cənab Ç. Əsgərov tərəfindən təmsil olunub.
4. Tərəflərin təqdim etdiyi işin hallarını aşağıdakı kimi xülasə etmək olar.
I. ƏRİZƏ № 41326/17
A. Birinci ərizəçinin versiyası
5. Qeyri-müəyyən tarixdə ərizəçi Azərbaycana köçüb və Gülən hərəkatına bağlı özəl məktəblərdə işləyib.
6. Ona müvəqqəti yaşama icazəsi verilib və bu icazənin müddəti davamlı olaraq uzadılıb. 9 mart 2017-ci ildə onun müvəqqəti yaşayış icazəsi yenidən 9 sentyabr 2017-ci ilə qədər uzadılıb.
7. 3 iyun 2017-ci ildə Türkiyə hakimiyyət orqanları İnterpol vasitəsilə azərbaycanlı həmkarlarını ərizəçinin pasportunun ləğv edildiyi barədə məlumatlandırıb və buna görə də Azərbaycan hakimiyyətindən ərizəçinin saxlanılaraq Türkiyəyə deportasiya edilməsini xahiş edib.
8. 7 iyun 2017-ci il tarixdə təxminən saat 14:00 radələrində ərizəçi tutularaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“BMCMİ”) müvəqqəti saxlama təcridxanasına gətirilib, ona Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanına aparılacağı barədə məlumat verilib və həmin gün saat 20.30-da Türkiyəyə deportasiya edilib. Ərizəçi BMCMİ əməkdaşlarına Türkiyədə təqiblərlə üzləşəcəyini əsas gətirərək Azərbaycanda sığınacaq istəmək niyyəti barədə məlumat verib və dəfələrlə onu deportasiya etməmələrini xahiş edib. Lakin onun tələblərinə məhəl qoyulmayıb.
9. Həbsdə olarkən ərizəçi arvadına və dostlarına onun həbsi və tezliklə ölkədən çıxarılacağı barədə məlumat verib. Dostları ərizəçiyə vəkil tutub və həmin vəkil ərizəçinin adından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Bakıdakı Ofisinə, Dövlət Miqrasiya Xidmətinə (“DMX”), BMCMİ-yə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sığınacaq üçün müraciət edərək, ərizəçiyə Türkiyədə təqibə və pis rəftara məruz qalması riski ilə əlaqədar qaçqın statusu verilməsini xahiş edib.
10. Həmin gün BMTQAK-ın Bakı Ofisi ərizəçi, onun arvadı və dörd övladı ilə bağlı onların BMTQAK-da qeydiyyatda olduqları və milli hakimiyyət orqanları tərəfindən sığınacaq sorğusunun icraata götürülməsi əsası ilə 7 sentyabr 2017-ci il tarixinədək qüvvədə olan müvəqqəti müdafiə məktubu verib.
11. Elə həmin gün saat 20:30-da ərizəçinin arvadı, uşaqları və dostları, görünür, ərizəçinin deportasiyasının qarşısını almaq məqsədi ilə hava limanına gəliblər. Ərizəçi beş dəqiqə ərzində ailə üzvləri və dostları ilə danışa bilib. Bundan sonra o, BMCMİ əməkdaşları tərəfindən təyin olunmuş uçuşa minmək üçün ordan uzaqlaşdırılıb. Gömrük və sərhəd nəzarətində ərizəçi Dövlət Sərhəd Xidmətinin növbətçi zabitinə Azərbaycandan sığınacaq istəməsi barədə məlumat verib. Sözügedən məmur DMX-nin nümayəndəsini çağırıb və ərizəçi öz xahişini ona təkrarlayıb. Lakin ərizəçinin sözlərinə görə, DMX nümayəndəsi onun xahişinə məhəl qoymayıb.
12. Ərizəçi artıq təyyarəyə minmə zonasında olarkən BMTQAK-ın Azərbaycandakı əməkdaşı hava limanına gəlib və ərizəçinin ölkədən çıxarılmasının qarşısını almaq üçün müdaxilə edib. Nəticədə, ərizəçi təyyarəyə mindirilməyib və əvəzində yenidən BMCMİ-nin təcridxanasına aparılıb. BMTQAK-ın Azərbaycandakı əməkdaşının 7 iyun 2017-ci il tarixində hava limanındakı müdaxiləsi BMTQAK-ın Azərbaycandakı nümayəndəsinin 9 iyun 2017-ci il tarixli məktubu ilə təsdiqlənib.
13. Həmin gün saat 23:00 radələrində ərizəçinin vəkili onunla görüşmək üçün təcridxanaya gedib, ancaq görüşə icazə verilməyib.
14. 8 iyun 2017-ci ildə vəkili ərizəçiyə qaçqın statusunun verilməsi üçün DMX-yə yazılı ərizə ilə müraciət edib. Müraciət cavabsız qalıb.
15. Elə həmin tarixdə BMCMİ-nin əməkdaşları BMTQAK-ın Bakı Ofisinə və ya ərizəçinin ailəsinə məlumat vermədən onu yenidən Heydər Əliyev Beynəlxalq Hava Limanına aparıblar və Ankaraya uçan təyyarəyə mindiriblər. Ankaraya endikdən sonra ərizəçi Türkiyə polisi tərəfindən saxlanılıb və Konyaya göndərilib, orada haqqında “Fetullahçı Terör Örgütü / Paralel Devlet Yapılanması”nda (bundan sonra “FETÖ/PDY”) iştirak etməsi iddiası ilə bağlı aparılan cinayət işi ilə əlaqədar həbsdə qalıb.
16. Bu arada, ərizəçinin ölkədən nə zaman çıxarıldığndan xəbəri olmayan arvadı onun harada olduğunu öyrənmək üçün müxtəlif orqanlara müraciət edib.
17. 23 iyun 2017-ci ildə Dövlət Sərhəd Xidməti ərizəçinin arvadına ərinin 8 iyun 2017-ci ildə Türkiyəyə deportasiya edildiyi barədə məlumat verib.
18. 6 iyul 2017-ci ildə həmçinin BMCMİ ərizəçinin arvadına Türkiyə hökumətinin ərinin FETÖ/PDY-də iştirak etməsi şübhələri ilə onun barəsində həbs qərarı verdiyi, buna görə də ərizəçinin 8 iyun 2017-ci ildə “Azərbaycandan Türkiyəyə getdiyi” barədə məlumat verib.
B. Hökumətin versiyası
19. 3 iyun 2017-ci ildə Türkiyə hakimiyyət orqanları İnterpol vasitəsilə azərbaycanlı həmkarlarını ərizəçinin pasportunun ləğv edildiyi barədə məlumatlandırıb və buna görə də Azərbaycan hakimiyyətindən ərizəçinin saxlanılaraq Türkiyəyə deportasiya edilməsini xahiş edib.
20. 8 iyun 2017-ci il tarixində Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Bakıdakı səfirliyindən məktub alıb və həmin məktubda bildirilib ki, ərizəçi 2 saylı Konya Cəza Məhkəməsinin qərarına əsasən, silahlı terror qruplaşmasında iştirakına görə şübhəli şəxs qismində həbs edilməlidir.
21. Həmin gün ərizəçi Azərbaycan hakimiyyət orqanları tərəfindən saxlanılaraq Türkiyəyə deportasiya edilib.
22. Hökumət bildirib ki, ərizəçi Azərbaycanda sığınacaq üçün müraciət etməyib.
II. ƏRİZƏ № 8098/18
A. İkinci ərizəçinin versiyası
23. 1992-ci ildə ərizəçi Azərbaycana köçüb və burada o, əvvəlcə Gülən hərəkatına bağlı özəl məktəblərdə müəllim işləyib, sonra isə hərəkata bağlı müxtəlif şirkətlərdə çalışıb.
24. 9 oktyabr 2017-ci ildə ərizəçi Gürcüstana gedərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb və ona səyahət qadağa qoyulması barədə məlumat verilib.
25. 2017-ci ilin dekabrında ərizəçi yaşayış vizasının müddətinin uzadılması üçün DMX-yə müraciət edib.
26. 24 yanvar 2018-ci ildə DMX ərizəçinin müraciətini rədd edib və onun yaşayış icazəsini ləğv edib. Ondan 2018-ci il fevralın 2-dək ölkəni tərk etmək tələb olunub.
27. 2 fevral 2018-ci ildə ərizəçi sığınacaq üçün Azərbaycandakı BMTQAK-a müraciət edib və sonuncu ona diqqətdə olan şəxs kimi müdafiə məktubu təqdim edib.
28. 2 fevral 2018-ci ildə ərizəçi FETÖ/PDY-ə qarşı aparılan cinayət təqibi çərçivəsində şahid qismində dindirilmək üçün Baş Prokurorluğa çağırılıb. Dindirmə 5 fevral 2018-ci ildə baş tutub.
29. 8 fevral 2018-ci ildə ərizəçi polis tərəfindən tutularaq Nərimanov Rayon Məhkəməsinə aparılıb və həmin tarixdə məhkəmə onun barəsində qırx gün müddətindən sonra ekstradisiya edilməsinə qədər həbs qətimkan tədbiri seçib. Qərar ərizəçi barəsində 2 saylı Ankara Cəza Məhkəməsi tərəfindən 5 yanvar 2018-ci ildə verilmiş həbs qərarına əsaslanıb. Ərizəçi ekstradisiyaya qədər həbsdə saxlanmasının əsaslandırılmamasına istinad edərək qərardan apelyasiya şikayəti verib.
30. 10 fevral 2018-ci ildə ərizəçinin arvadı Türkiyədə ərinə qarşı pis rəftar və təqib rikslərini əsas gətirərək DMX-yə sığınacaq üçün müraciət edib.
31. 15 fevral 2018-ci ildə Bakı Apelyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin 8 fevral 2018-ci il tarixli qərarını qüvvədə saxlayıb.
32. 12 iyul 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ərizəçinin Türkiyəyə ekstradisiyasından imtina edib və onun azadlığa buraxılması haqqında qərar verib. Məhkəmə bildirib ki, ərizəçinin Türkiyəyə ekstradisiyası ona BMTQAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən artıq qaçqın statusu verildiyi üçün qeyri-mümkündür. 12 iyul 2018-ci il tarixli qərardan görünür ki, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələri də məhkəmə iclasında bildiriblər ki, ərizəçiyə BMTQAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən qaçqın statusu verildiyi üçün o, Türkiyəyə ekstradisiya edilməməlidir. Lakin buna baxmayaraq, ərizəçi azad edilməyib, əvəzində DMX əməkdaşlarına təhvil verilib və həmin gün ölkədən çıxarılıb.
33. Ərizəçi Türkiyəyə çatdıqdan sonra Türkiyə hakimiyyət orqanları tərəfindən saxlanılıb və haqqında FETÖ/PDY-də iştirak etməsi iddiası ilə bağlı aparılan cinayət işi ilə əlaqədar həbsdə qalıb.
B. Hökumətin versiyası
34. 10 dekabr 2017-ci ildə ərizəçi müvəqqəti yaşayış icazəsinin müddətinin uzadılması xahişi ilə DMX-yə müraciət edib.
35. 19 yanvar 2018-ci ildə DMX ərizəçinin müraciətini rədd edib və onun 15 fevral 2018-ci il tarixində bitməli olan yaşayış icazəsini ləğv edib.
36. 8 fevral 2018-ci ildə ərizəçi polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə gətirilib.
37. Həmin gün Nərimanov Rayon Məhkəməsi 2 saylı Ankara Cinayət Məhkəməsinin həbs qərarı əsasında ərizəçinin ekstradisiyasına qədər həbsdə saxlanmasına qərar verib.
38. 7 mart 2018-ci ildə ərizəçinin arvadı ərinin adından sığınacaq üçün müraciət edib.
39. 5 aprel 2018-ci ildə DMX sığınacaq sorğusunu rədd edib.
40. 12 iyul 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi yuxarıda 32-ci bənddə qeyd olunan səbəblərə görə ərizəçinin Türkiyəyə ekstradisiyasından imtina edib və onun azadlığa buraxılmasına qərar verib.
41. 12 iyul 2018-ci ildə DMX Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinə uyğun olaraq ərizəçinin Türkiyəyə xaric edilməsi barədə qərar qəbul edib.
III. ƏRİZƏ № 8147/18
A. Üçüncü ərizəçinin versiyası
42. 1992-ci ildə ərizəçi Azərbaycana köçüb və burada o, əvvəlcə Gülən hərəkatına bağlı özəl məktəblərdə müəllim işləyib, sonra isə hərəkata bağlı müxtəlif şirkətlərdə çalışıb.
43. 2007-ci ildə ərizəçi daimi yaşayış vəsiqəsi ilə təmin olunub.
44. 7 oktyabr 2017-ci ildə ərizəçi Gürcüstana gedərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb və ona səyahət qadağa qoyulması barədə məlumat verilib.
45. 2 fevral 2018-ci ildə ərizəçi FETÖ/PDY-ə qarşı aparılan cinayət təqibi çərçivəsində şahid qismində dindirilmək üçün Baş Prokurorluğa çağırılıb. Dindirmə 5 fevral 2018-ci ildə baş tutub.
46. 8 fevral 2018-ci ildə ərizəçi polis tərəfindən tutularaq Nərimanov Rayon Məhkəməsinə aparılıb və həmin tarixdə məhkəmə onun barəsində qırx gün müddətindən sonra ekstradisiya edilməsinə qədər həbs qətimkan tədbiri seçib. Qərar ərizəçi barəsində 2 saylı Ankara Cəza Məhkəməsi tərəfindən 5 yanvar 2018-ci ildə verilmiş həbs qərarına əsaslanıb. Ərizəçi ekstradisiyaya qədər həbsdə saxlanmasının əsaslandırılmamasına istinad edərək qərardan apelyasiya şikayəti verib.
47. 10 fevral 2018-ci ildə ərizəçinin arvadı Türkiyədə ərinə qarşı pis rəftar və təqib rikslərini əsas gətirərək DMX-yə sığınacaq üçün müraciət edib.
48. 15 fevral 2018-ci ildə Bakı Apelyasiya Məhkəməsi ərizəçinin apelyasiya şikayətini rədd edib.
49. 19 fevral 2018-ci ildə prokurorluq orqanları Nərimanov Rayon Məhkəməsi qarşısında ərizəçinin ekstradisiyaya qədər azadlığa buraxılması barədə vəsatət qaldırıb. Həmin gün Nərimanov Rayon Məhkəməsi ərizəçinin Azərbaycanda daimi yaşayış yerinin olmasını, şəxsiyyətini və iş üzrə digər mühüm faktları nəzərə alaraq, onun azadlığa buraxılması barədə qərar çıxarıb. Lakin buna baxmayaraq, ərizəçi azad edilməyib, əvəzində DMX əməkdaşlarına təhvil verilib və həmin gün ölkədən çıxarılıb.
50. 24 fevral 2018-ci ildə DMX ərizəçinin arvadına ərinin sığınacaq üçün müraciətinin rədd edildiyi barədə məlumat verib.
51. Ərizəçi Türkiyəyə çatdıqdan sonra Türkiyə hakimiyyət orqanları tərəfindən saxlanılıb və haqqında FETÖ/PDY-də iştirak etməsi iddiası ilə bağlı aparılan cinayət işi ilə əlaqədar həbsdə qalıb.
B. Hökumətin versiyası
52. 29 dekabr 2016-cı ildə ərizəçi müvəqqəti yaşayış icazəsinin müddətinin uzadılması xahişi ilə DMX-yə müraciət edib.
53. 27 fevral 2017-ci ildə DMX ərizəçinin müraciətini təmin edib.
54. 8 fevral 2018-ci ildə ərizəçi polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə gətirilib.
55. Həmin gün Nərimanov Rayon Məhkəməsi ərizəçinin ekstradisiyaya qədər həbsdə saxlanmasına qərar verib.
56. 9 fevral 2018-ci ildə ərizəçinin arvadı ərinin adından sığınacaq üçün müraciət edib.
57. 19 fevral 2018-ci ildə DMX sığınacaq üçün müraciəti rədd edib və ərizəçinin yaşayış icazəsini ləğv edib.
58. Həmin gün Nərimanov Rayon Məhkəməsi yuxarıda 49-cu bənddə qeyd olunan səbəblərə görə ərizəçinin azadlığa buraxılmasına qərar verib.
59. Həmin gün ərizəçi onu müvəqqəti saxlama təcridxanasına yerləşdirmək barədə DMX-yə müraciət ünvanlayıb.
60. 19 fevral 2018-ci ildə DMX Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinə uyğun olaraq ərizəçinin Türkiyəyə xaric edilməsi barədə qərar qəbul edib.
IV. ƏRİZƏ № 8384/18
A. Dördüncü ərizəçinin versiyası
61. 1993-cü ildə ərizəçi Azərbaycana köçüb və burada o, əvvəlcə Gülən hərəkatına bağlı özəl məktəblərdə müəllim işləyib, sonra isə hərəkata bağlı müxtəlif şirkətlərdə çalışıb.
62. 9 oktyabr 2017-ci ildə ərizəçi Gürcüstana gedərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb və ona səyahət qadağa qoyulması barədə məlumat verilib.
63. 2 fevral 2018-ci ildə ərizəçi FETÖ/PDY-ə qarşı aparılan cinayət təqibi çərçivəsində şahid qismində dindirilmək üçün Baş Prokurorluğa çağırılıb. Dindirmə 5 fevral 2018-ci ildə baş tutub.
64. 8 fevral 2018-ci ildə ərizəçi polis tərəfindən tutularaq Binəqədi Rayon Məhkəməsinə aparılıb və həmin tarixdə məhkəmə onun barəsində qırx gün müddətindən sonra ekstradisiya edilməsinə qədər həbs qətimkan tədbiri seçib. Qərar ərizəçi barəsində 2 saylı Ankara Cəza Məhkəməsi tərəfindən 5 yanvar 2018-ci ildə verilmiş həbs qərarına əsaslanıb. Ərizəçi ekstradisiyaya qədər həbsdə saxlanmasının əsaslandırılmamasına istinad edərək qərardan apelyasiya şikayəti verib.
65. 10 fevral 2018-ci ildə ərizəçinin arvadı Türkiyədə ərinə qarşı pis rəftar və təqib rikslərini əsas gətirərək DMX-yə sığınacaq üçün müraciət edib. Müraciət cavabsız qalıb.
66. 16 fevral 2018-ci ildə Bakı Apelyasiya Məhkəməsi ərizəçinin apelyasiya şikayətini rədd edib.
67. 19 fevral 2018-ci ildə prokurorluq orqanları Binəqədi Rayon Məhkəməsi qarşısında ərizəçinin ekstradisiyaya qədər azadlığa buraxılması barədə vəsatət qaldırıb. Həmin gün Binəqədi Rayon Məhkəməsi prokurorun vəsatətinə əsaslanaraq və yalnız müstəsna tədbir kimi həbs qətimkan tədbirinin seçilməsinin vacibliyini qeyd edərək ərizəçinin azadlığa buraxılması barədə qərar verib. Lakin buna baxmayaraq, ərizəçi azad edilməyib, əvəzində DMX əməkdaşlarına təhvil verilib və həmin gün ölkədən çıxarılıb.
68. Ərizəçi Türkiyəyə çatdıqdan sonra Türkiyə hakimiyyət orqanları tərəfindən saxlanılıb və haqqında FETÖ/PDY-də iştirak etməsi iddiası ilə bağlı aparılan cinayət işi ilə əlaqədar həbsdə qalıb.
B. Hökumətin versiyası
69. 3 mart 2017-ci ildə ərizəçi müvəqqəti yaşayış icazəsinin müddətinin uzadılması xahişi ilə DMX-yə müraciət edib.
70. 11 aprel 2017-ci ildə DMX onun müraciətini təmin edib və yaşayış icazəsini 11 aprel 2018-ci il tarixədək uzadıb.
71. 8 fevral 2018-ci ildə ərizəçi polis tərəfindən saxlanılaraq Binəqədi Rayon Məhkəməsinə gətirilib və haqqında ekstradisiyaya qədər həbs qətimkan tədbiri seçilib.
72. 9 fevral 2018-ci ildə ərizəçinin arvadı ərinin adından sığınacaq üçün müraciət edib.
73. 19 fevral 2018-ci ildə DMX sığınacaq üçün müraciəti rədd edib və ərizəçinin yaşayış icazəsini ləğv edib.
74. Həmin gün Binəqədi Rayon Məhkəməsi yuxarıda 67-ci bənddə qeyd olunan səbəblərə görə ərizəçinin azadlığa buraxılmasına qərar verib.
75. 19 fevral 2018-ci ildə ərizəçi onu müvəqqəti saxlama mərkəzinə yerləşdirmək barədə DMX-yə müraciət ünvanlayıb.
76. Həmin gün DMX Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinə uyğun olaraq ərizəçinin Türkiyəyə xaric edilməsi barədə qərar qəbul edib.
MÜVAFİQ HÜQUQİ ÇƏRÇİVƏ
I. EKSTRADİSİYA HAQQINDA 15 MAY 2001-Cİ İL TARİXLİ QANUN
77. “Ekstradisiya haqqında” 15 may 2001-ci il tarixli Qanuna əsasən, ağır cinayətlər məhkəməsi xarici dövlətin sorğusu əsasında şəxsin verilməsi məsələsinə baxır (8.1-ci maddə). Məhkəmənin şəxsin verilməsi haqqında qərarından cinayət-prosessual qanunvericiliyin müddəaları əsasında şikayət verilə bilər (8.2-ci maddə). Şəxsin verilməsindən, inter alia, verilməsi nəticəsində sorğu edən dövlətdə işgəncələrə, yaxud qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yaxud cəzaya məruz qalacağını güman etməyə kifayət qədər əsaslar olduqda imtina edilə bilər (3.2-ci maddə).
II. 2 İYUL 2013-CÜ İL TARİXLİ MİQRASİYA MƏCƏLLƏSİ
78. 2 iyul 2013-cü il tarixli Miqrasiya Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir (79.1.1-ci maddə).
III. QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN STATUSU HAQQINDA 21 MAY 1999-CU İL TARİXLİ QANUN
79. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” 21 may 1999-cu il tarixli Qanuna əsasən, qaçqın statusu verilməsi haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir (12-ci maddə). Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan məhkəmə qaydasında şikayət verilə bilər. Şəxsin şikayət verməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır (13-cü maddə).
HÜQUQ
I. ƏRİZƏLƏRİN BİRLƏŞDİRİLMƏSİ
80. Ərizələrin oxşar predmetini nəzərə alaraq, Məhkəmə onları vahid qərarda birgə araşdırmağı məqsədəuyğun hesab edir.
II. HÖKUMƏTİN 41326/17 №-Lİ ƏRİZƏNİN KONVENSİYANIN 37-Cİ MADDƏSİ ÜZRƏ ÇIXARILMASI İLƏ BAĞLI MÜRACİƏTİ
81. 2019-cu il mayın 15-də Hökumət 41326/17 №-li ərizə ilə qaldırılan məsələlərin həlli məqsədilə birtərəfli bəyannamə təqdim edib. Onlar Məhkəmədən həmin ərizəni Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq baxılan işlərin siyahısından çıxarmağı xahiş edib.
82. Birinci ərizəçi birtərəfli bəyannamənin şərtləri ilə razılaşmaıyb. O, ərizənin Konvensiya üzrə ciddi problemlər qaldırdığını və Hökumətin birtərəfli bəyannaməsinin bu problemlərin həlli üçün görüləcək ümumi tədbirləri ehtiva etmədiyini bildirib.
83. Məhkəmə təkrar edir ki, bəzi hallarda hətta ərizəçi işə baxılmasının davam etdirilməsini arzulasa belə, cavabdeh Hökumətin birtərəfli bəyanatı əsasında 37-ci maddənin 1-ci bəndinə əsasən ərizəni və ya onun bir hissəsini baxılan işlərin siyahısından çıxarmaq məqsədəuyğun ola bilər. Bunun konkret iş üzrə məqsədəuyğun olub-olmaması birtərəfli bəyannamənin Konvensiyada təsbit edilən insan hüquqlarına hörmətin Məhkəmədən işə baxılmasını davam etdirməsini tələb etmədiyini müəyyən etmək üçün kifayət qədər əsas təqdim edib-etməməsindən asılıdır (bax: Tahsin Acar Türkiyəyə qarşı (ilkin etirazlar) [BP], № 26307/95, § 75, AİHM 2003-VI).
84. Bununla əlaqədar olaraq, Məhkəmə qeyd edir ki, sözügedən ərizədə Konvensiya ilə təmin edilmiş hüquqlarının pozulması ilə Gülən hərəkatına bağlı olan Türkiyə vətəndaşlarının guya saxlanılması və sonradan Türkiyəyə xaric edilməsi təcrübəsi iddiaları ilə bağlı ciddi problemlər var. Beləliklə, Məhkəmə hesab edir ki, təklif olunan bəyannamə Konvensiyada və onun Protokollarında təsbit edilən insan hüquqlarına hörmətin ondan bu konkret işə baxılmasını davam etdirməsini tələb etmədiyi qənaətinə gəlmək üçün kifayət qədər əsas vermir.
85. Buna görə də, Məhkəmə Hökumətin 41326/17 №-li ərizənin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq baxılan işlərin siyahısından çıxarılması ilə bağlı tələbini rədd edir və müvafiq olaraq, ərizənin qəbuledilənliyi və mahiyyəti üzrə araşdırma aparacaq.
III. HÖKUMƏTİN İLKİN ETİRAZLARI
A. Ərizəçilərin Məhkəmə qarşısında təmsil edilməsi ilə bağlı etiraz
86. 41326/17 №-li ərizə ilə bağlı ünvanlanmış təqdimatlarında Hökumət iddia edib ki, xanım Nəsirli və cənab Rəhimliyə birinci ərizəçini təmsil etmək səlahiyyəti verən ərizə formasındakı imza ərizəçiyə aid deyil və əslində saxtadır. Bununla əlaqədar olaraq, onlar birinci ərizəçinin pasportunda olan imzasının surətini ərizə formasındakı imza ilə müqayisə edən və sonuncu imzanın ona məxsus olmadığı qənaətinə gələn ekspert rəyinin surətini təqdim edib. Digər ərizələrə gəldikdə, Hökumət bildirib ki, ərizə formalarında müvafiq ərizəçilərin imzaları yoxdur.
87. Birinci ərizəçi Hökumətlə razılaşmayıb və özünün əlyazması və imzası ilə 28 dekabr 2018-ci il tarixli sənəd təqdim edib, bu sənəddə birinci ərizəçi vəkalət formasının onun tərəfindən imzalandığını və xanım Nəsirliyə və Cənab Rəhimliyə onu Məhkəmə qarşısında təmsil etməsi üçün lazımi qaydada səlahiyyət verdiyini bildirib. Birinci ərizəçi həmçinin arvadının və dostlarından birinin vəkalət formasının onun tərəfindən imzalandığı halları təsvir etdiyi iki yazılı ifadə təqdim edib. Birinci ərizəçi daha sonra ekspertiza rəyinin nəticələrinə etiraz edərək, ekspertin formanın onun tərəfindən imzalanmadığı qənaətinə necə gəldiyini izah etmək üçün rəydə hər hansı bir metodologiya və ya izahatın olmadığını qeyd edib. Digər ərizələrdəki ərizəçilər də Hökumətlə razılaşmayıblar və bildiriblər ki, Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən onların sorğuları arvadları tərəfindən imzalansa da, ərizə formaları özləri tərəfindən lazımi qaydada imzalanıb və Məhkəmənin tələb etdiyi kimi 15 mart 2018-ci il tarixinədək Məhkəməyə təqdim edilib.
88. Məhkəmə əvvəlcədən bir daha qeyd edir ki, Məhkəmə Reqlamentinin 45 və 47-ci Qaydaları lazımi qaydada doldurulmuş etibarnamə və ya vəkalət forması ilə bağlı formal tələbləri müəyyən edir (45-ci Qaydanın 3-cü bəndi və 47-ci Qaydanın 1-ci bəndi (c)). Hazırkı işdə o, ərizəçilərin müvafiq sənədləri imzalayıb-imzalamadığını və bütün sübutları nəzərə alaraq, ərizələrin onların razılığı ilə hazırlanıb-hazırlanmadığını və ərizəçilərin işlərin davam etdirilməsində maraqlı olub-olmadıqlarını müəyyən etməlidir (müqayisə et: Zikatanova və başqaları Bolqarıstana qarşı, № 45806/11, § 69, 12 dekabr 2019-cu il).
89. Birinci ərizəçiyə (ərizə № 41326/17) gəldikdə, Məhkəmə qeyd edir ki, Hökumətin xanım Nəsirli və cənab Rəhimliyə səlahiyyət verən ərizə formasındakı imzanın birinci ərizəçiyə aid olmadığından şübhələnməsinə və həmin imzanı ekspertizadan keçirməsinə nəyin səbəb olduğu aydın deyil. İstənilən halda, Məhkəmə qeyd edir ki, birinci ərizəçi 28 dekabr 2018-ci il tarixli, həqiqiliyinə Hökumət tərəfindən etiraz edilməyən öz əlyazma ifadəsində ərizə formasındakı imzanın ona məxsus olduğunu və xanım Nəsirliyə və cənab Rəhimliyə onu təmsil etmək üçün lazımi qaydada səlahiyyət verdiyini açıq şəkildə ifadə edib. Belə olan halda, birinci ərizəçinin Məhkəmədə onu təmsil etmək üçün xanım Nəsirli və cənab Rəhimliyə lazımi qaydada səlahiyyət vermədiyi qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Bununla əlaqədar olaraq, hazırkı işi nümayəndənin ərizəçinin xəbəri və ya icazəsi olmadan onun adından ərizə forması təqdim etdiyi işlərdən fərqləndirmək lazımdır (bax, məsələn, Beskryla Ukraynaya qarşı (qər.) [Komitə], № 15198/17, 5 noyabr 2019-cu il və Sevruk Ukraynaya qarşı (qər.) [Komitə], № 2714/11, 9 iyul 2020-ci il).
90. Digər ərizələrə gəldikdə, Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən, həmin ərizələrdə ərizəçilərin xahiş etdikləri müvəqqəti tədbirlərin Hökumətdən tələb edilməməsi barədə 19 fevral 2018-ci il tarixli qərar qəbul etdikdən sonra 20 fevral 2018-ci il tarixli məktubla Məhkəmə ərizəçilərə Məhkəmə qarşısında ərizələrini davam etdirmək üçün doldurulmuş ərizə formasını 15 mart 2018-ci il tarixədək təqdim etməli olduqları barədə məlumat verib və bütün ərizəçilər 15 mart 2018-ci il tarixədək lazımi qaydada imzalanmış yekun ərizə formalarını təqdim ediblər.
91. Yuxarıdakıları nəzərə alaraq, bu məsələ ilə bağlı Hökumətin etirazı rədd edilməlidir.
B. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi ilə bağlı etiraz
92. Hökumət iddia edib ki, ərizəçilər öz şikayətlərini daxili məhkəmələrə təqdim etməyiblər və beləliklə, əllərində olan daxili hüquqi müdafiə vasitələrini tükəndirməyiblər.
93. Ərizəçilər Hökumətin arqumentinə etiraz ediblər. Ərizəçilər bildiriblər ki, onların Türkiyəyə xaric edilməsi məhkəmədənkənar icraata bərabər olub və bu səbəbdən onları daxili hüquqi müdafiə vasitələrini effektiv şəkildə tükəndirmək imkanından məhrum edib.
94. Məhkəmə qeyd edir ki, o, ərizəçilərin böyük ölçüdə oxşar şəkildə, xüsusən də, birinci ərizəçiyə qarşı edilən rəftara bənzəyən formada Türkiyəyə transfer edildiyi işləri artıq araşdırıb (bax: Özdil və başqaları Moldova Respublikasına qarşı, № 42305/ 18, 11 iyun 2019-cu il və D. Bolqarıstana qarşı, № 29447/17, 20 iyul 2021-ci il). Eyni mülahizələr hazırkı işə də aiddir: Məhkəmə qeyd edir ki, birinci ərizəçi heç bir məhkəmə prosesi aparılmadan Türkiyəyə xaric edilib, üçüncü və dördüncü ərizəçilər isə onlara qarşı ekstradisiya prosesi davam edərkən Türkiyəyə deportasiya ediliblər. Bundan əlavə, ən azı üçüncü və dördüncü ərizəçilərə gəldikdə, Hökumət onların sığınacaq sorğularının DMX tərəfindən rədd edildiyi gün həmin imtinalardan daxili məhkəmələrə şikayət verə bilmədən Türkiyəyə aparılmaları faktını mübahisləndirməyib (yuxarıda 57-60 və 73-76-cı bəndlərə bax). İkinci ərizəçiyə gəlincə, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin onun Türkiyəyə ekstradisiyasının rədd edilməsinə dair 12 iyul 2018-ci il tarixli qərarına baxmayaraq Türkiyəyə deportasiya edilib (yuxarıda 32-ci bəndə bax). Bu səbəblərə görə, Məhkəmə qəbul etmir ki, hazırkı işlərin xüsusi vəziyyətlərində daxili məhkəmələrə müraciət, Hökumətin iddia etdiyi kimi, tükəndirmə məqsədilə effektiv hüquqi müdafiə vasitəsi hesab edilə bilərdi (müqayisə et: yuxarıda adı çəkilən Özdil və digərləri işi, §§ 36-40 və yuxarıda adı çəkilən D. Bolqarıstana qarşı işi, §§ 134 və 136).
95. Müvafiq olaraq, Məhkəmə Hökumətin daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsinə dair etirazını rədd edir.
IV. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
96. Ərizəçilər şikayət ediblər ki, onların həbsi qeyri-qanuni və Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olub. Həmin maddənin müvafiq hissələri aşağıdakı kimidir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallardan və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
…
(f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.”
A. Qəbuledilənlik
97. Məhkəmə qeyd edir ki, bu şikayət açıq-aşkar əsassız və ya Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan olunmalıdır.
B. Mahiyyət
1. Tərəflərin arqumentləri
98. Ərizəçilər öz şikayətlərini müdafiə edərək bildiriblər ki, ekstradisiya prosesindən yayınaraq onların həbsdə saxlanması və Türkiyəyə deportasiyası daxili qanunvericiliyə zidd olub və məhkəmədənkənar icraata bərabər olub.
99. Hökumət birinci ərizəçi ilə bağlı heç bir arqument irəli sürməyib. Digər ərizəçilərə gəlincə, Hökumət bildirib ki, onlar 2 saylı Ankara Cəza Məhkəməsinin 5 yanvar 2018-ci il tarixli həbs qətimkan tədbiri qərarı əsasında həbs ediliblər. Ərizəçilərin həbsi yerli məhkəmələr tərəfindən daxili qanunvericiliyə uyğun olaraq qərara alınıb.
2. Məhkəmənin qiymətləndirməsi
100. Məhkəmə, inter alia, El-Masri keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı ([BP], № 39630/09, §§ 230-33, AİHM 2012) işdə təkrarlanmış ümumi prinsiplərə istinad edir. Xüsusilə, Məhkəmə demokratiyada şəxslərin hakimiyyət orqanları tərəfindən əsassız azadlıqdan məhrum edilməsindən qorurmasına nail olmaq üçün Konvensiyanın 5-ci maddəsində əks olunmuş təminatların fundamental əhəmiyyətini qeyd edir. Məhz buna görə də Məhkəmə öz presedent hüququnda dəfələrlə vurğulayıb ki, hər hansı azadlıqdan məhrumetmə yalnız milli qanunvericiliyin maddi və prosessual qaydalarına uyğun olaraq həyata keçirilməli deyil, eyni zamanda 5-ci maddənin məqsədinə, yəni şəxsi özbaşınalıqdan qorumaq məqsədinə də uyğun olmalıdır. Şəxsin hakimiyyətin hər hansı sui-istifadəsindən müdafiəsinə dair bu israr 5-ci maddənin 1-ci bəndinin şəxslərin qanuni olaraq azadlıqdan məhrum edilə biləcəyi halları əhatə etməsi ilə daha da aydın olur və vurğulanır ki, fərdi azadlığın ən əsas təminatına istisnalar təşkil etməsi faktını nəzərə alaraq bu hallara dar şərh verilməlidir (yenə orada, § 230).
101. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə əvvəlcə qeyd edir ki, ərizəçilərin və Hökumətin hadisələrə dair versiyaları, xüsusən də, hadisələrin baş verdiyi müxtəlif tarixlərlə bağlı müəyyən dərəcədə fərqlənir. Bununla belə, Məhkəmə həmin uyğunsuzluqların hazırkı işdə qaldırılan əsas məsələlərə təsir etmədiyini nəzərə alaraq, onların həllini zəruri hesab etmir. Məhkəmənin əvvəllər qəbul etdiyi kimi, o, hadisələrin arxa planına baxmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır (bax: Fərhad Əliyev Azərbaycana qarşı, № 37138/06, § 163, 9 noyabr 2010-cu il).
102. Bununla əlaqədar olaraq, Məhkəmə qeyd edir ki, Hökumət bütün ərizəçilərin Türkiyə hakimiyyət orqanları tərəfindən verilmiş müvafiq həbs qətimkan tədbiri qərarları əsasında həbs edilməsi faktını mübahisələndirmir. Birinci ərizəçinin Azərbaycan hakimiyyət orqanları tərəfindən onun azadlıqdan məhrum edilməsi ilə bağlı qəbul etdiyi hər hansı rəsmi qərar olmadan Türkiyəyə deportasiya edilməzdən əvvəl Azərbaycanda həbs edilib saxlanması da mübahisə doğurmur (yuxarıda 5-22-ci bəndlərə bax).
103. Üçüncü və dördüncü ərizəçilərə gəldikdə, Məhkəmə qeyd edir ki, onlara qarşı ekstradisiya icraatı rəsmi qaydada başlanıb və barələrində səlahiyyətli məhkəmə tərəfindən 8 fevral 2018-ci il tarixdə ekstradisiyaya qədər qırx gün müddətinə həbs qətimkan tədbiri seçilib (yuxarıda 46 və 64-cü bəndlərə bax). Buna baxmayaraq, həmin icraatlar hələ davam edərkən, 19 fevral 2018-ci il tarixdə prokurorluq orqanlarının vəsatəti ilə çıxarılmış məhkəmə qərarlarına əsasən həbsdən azad edilmək əvəzinə, ərizəçilər DMX əməkdaşlarına təhvil verilib (yuxarıda 49 və 67-ci bəndlərə bax) və dərhal DMX-nin müvəqqəti saxlama təcridxanasına aparılıblar, elə həmin gün də Azərbaycan hakimiyyət orqanları tərəfindən yaşayış icazələrinin ləğv edilməsinə görə Miqrasiya Məcəlləsinə uyğun olaraq Türkiyəyə deportasiya ediliblər (yuxarıda 60 və 76-cı bəndlərə bax). Müvafiq olaraq, iş materiallarında olan sənədlərdən aydın olur ki, 19 fevral 2018-ci il tarixdə onların azadlığa buraxılması haqqında məhkəmə qərarlarının qəbulu ilə Azərbaycandan Türkiyəyə deportasiya olunmaları arasında olan müddət ərzində üçüncü və dördüncü ərizəçilər saxlanılmaları ilə bağlı hər hansı rəsmi qərarın olmadığı halda Azərbaycan hakimiyyəti orqanları tərəfindən azadlıqdan məhrum ediliblər.
104. İkinci ərizəçiyə gəldikdə, Məhkəmə qeyd edir ki, ona qarşı ekstradisiya icraatı rəsmi qaydada başlanıb və barəsində səlahiyyətli məhkəmə tərəfindən 8 fevral 2018-ci il tarixdə ekstradisiyaya qədər qırx gün müddətinə həbs qətimkan tədbiri seçilib (yuxarıda 29-cu bəndə bax). 12 iyul 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onun Türkiyəyə ekstradisiyasından imtina edib və həbsdən azad edilməsi barədə qərar çıxarıb, lakin ikinci ərizəçi Azərbaycan hakimiyyət orqanları tərəfindən yaşayış icazəsi ləğv edildiyi üçün Miqrasiya Məcəlləsinə uyğun olaraq həmin qərar çıxarıldıqdan dərhal sonra Türkiyəyə deportasiya edilib (bax: yuxarıda 32 və 41-ci bəndlər). Bununla əlaqədar olaraq, Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında ikinci ərizəçinin 8 fevral 2018-ci ildə təyin edilmiş qırx günlük ilkin həbs müddəti bitdikdən sonra ekstradisiyaya qədər həbsdə saxlanması haqqında hər hansı məhkəmə qərarı yoxdur və müvafiq olaraq, görünür ki, o, həbsdə saxlanması haqqında hər hansı məhkəmə qərarı olmadığı halda, qırx sutkalıq həbs müddətinin bitməsindən 2018-ci il iyulun 12-dək həbsdə saxlanıb. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan hakimiyyət orqanları tərəfindən ikinci ərizəçinin azadlıqdan məhrum edilməsi onun Azərbaycandan Türkiyəyə deportasiyasına qədər azadlığa buraxılması barədə 12 iyul 2018-ci il tarixli qərarın verilməsindən sonra da davam edib və bu müddət ərzində həbsdə saxlanması ilə bağlı heç bir rəsmi qərar olmayıb.
105. Bu fonda Məhkəmə hesab edir ki, birinci ərizəçinin bütün həbs müddəti və yuxarıda göstərilən ikinci, üçüncü və dördüncü ərizəçilərin Azərbaycan hakimiyyət orqanları tərəfindən müxtəlif həbs müddətləri onların həbsi barədə daxili qanunvericiliklə tələb olunan (yuxarıda 102-04-cü bəndlərə bax) rəsmi qərara əsaslanmayıb və müvafiq olaraq Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında qeyri-qanuni olub.
106. Məhkəmə həmçinin ərizəçilərlə formal ekstradisiya prosedurlarından və bu cür icraatların səbəb olduğu müvafiq beynəlxalq təminatlardan yayınaraq Azərbaycandan Türkiyəyə xaric edilmələri hissəsində də razılaşır. Xüsusilə, birinci ərizəçi barədə hər hansı formal ekstradisiya proseduru olmadığı halda o, Azərbaycandan çıxarılıb və digər ərizəçilər belə proseslərin təmin etdiyi müdafiədən yararlana bilməyiblər. Bununla əlaqədar olaraq, Məhkəmə üçüncü və dördüncü ərizəçilərin ekstradisiya prosesi davam edərkən Türkiyəyə xaric edildiyini və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qərarına baxmayaraq, ikinci ərizəçinin Türkiyəyə ekstradisiya edilməməsi lazım olduğunu bildirdiyi halda ölkədən xaric edilməsi faktını nəzərdən qaçıra bilməz. Bu şəraitdə Məhkəmə bu nəticəyə gəlməyə bilməz ki, ərizəçilərin ölkədən çıxarılması əslində Azərbaycandan Türkiyəyə gizli ekstradisiya olub və onların azadlıqdan məhrum edilməsi daxili və beynəlxalq hüquq tərəfindən onlara təqdim edilən bütün təminatlardan yayınmaqla şəxslərin qanundankənar trasnferinin bir hissəsi olub (yuxarıda adı çəkilən Özdil və digərləri işi ilə müqayisə et, § 57).
107. Yuxarıdakı nəticələri və sərəncamında olan materialı nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçilərin azadlıqdan məhrum edilməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun olmayıb. Müvafiq olaraq, həmin müddəa pozulub.
V. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
108. Ərizəçilər məruz qalacaqları pis rəftar riskini nəzərə alaraq, onların zorla Türkiyəyə xaric edilməsinin Konvensiyanın 3-cü maddəsini pozmasından şikayət ediblər. Konvensiyanın 3-cü maddəsində belə deyilir:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
A. Qəbuledilənlik
109. Məhkəmə qeyd edir ki, bu şikayət açıq-aşkar əsassız və ya Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməz deyil. Buna görə də o, qəbuledilən elan olunmalıdır.
B. Mahiyyət
1. Tərəflərin arqumentləri
110. Ərizəçilər şəxsi vəziyyətlərinə və mövcud məlumatlara əsasən iddia ediblər ki, onların zorla Türkiyəyə xaric edilməsi Konvensiyanın 3-cü maddəsini pozub.
111. Hökumət bildirib ki, ərizəçilər Türkiyədə real pis rəftar riski ilə üzləşdiklərini göstərən heç bir sübut təqdim etməyiblər.
2. Məhkəmənin qiymətləndirməsi
112. Məhkəmə, inter alia, J.K. və digərləri İsveçə qarşı ([BP], № 59166/12, §§ 77-105, 23 avqust 2016-cı il) işdə təkrarlanmış ümumi prinsiplərə istinad edir. Xüsusilə, sığınacaq axtaran şəxslərin ölkədən çıxarılması ilə bağlı işlərdə Məhkəmə faktiki sığınacaq müraciətlərinə baxmır və ya dövlətlərin Qaçqınların statusu ilə bağlı Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərinə necə əməl etdiyini yoxlamır. Onun əsas araşdırdığı məsələ ərizəçini qaçdığı ölkəyə birbaşa və ya dolayı yolla özbaşına geri qaytarılmadan qoruyan effektiv təminatların olub-olmamasıdır. Konvensiyanın 1-ci maddəsinə əsasən, təminat verilən hüquq və azadlıqların həyata keçirilməsi və reallaşdırılması üçün əsas məsuliyyət milli hakimiyyət orqanlarının üzərinə düşür. Beləliklə, Məhkəməyə şikayət mexanizmi insan hüquqlarını qoruyan milli sistemlərə subsidiar xarakter daşıyır. Bununla belə, Məhkəmə əmin olmalıdır ki, Razılığa gələn Dövlətin hakimiyyət orqanları tərəfindən edilən qiymətləndirmə yerli materiallarla, eləcə də Razılığa gələn digər və ya üçüncü Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının agentlikləri və nüfuzlu qeyri-hökumət təşkilatları kimi digər etibarlı və obyektiv mənbələrdən əldə edilən materiallarla adekvat və kifayət qədər dəstəklənir. Bundan əlavə, ölkədaxili proseslərin baş verdiyi yerlərdə faktlara dair öz qiymətləndirməsini yerli məhkəmələrinki ilə əvəz etmək Məhkəmənin vəzifəsi deyil və bir qayda olaraq, həmin məhkəmələr onların qarşısında olan sübutları qiymətləndirməlidir. Ümumi prinsip olaraq, milli orqanlar təkcə faktları deyil, xüsusilə də, şahidlərin etibarlılığını qiymətləndirmək üçün ən yaxşı mövqedədir, çünki onlar həmin fərdlərin davranışını görmək, eşitmək və qiymətləndirmək imkanı əldə edib (yenə orada, § 84).
113. Hazırkı işin hallarına gəldikdə, Məhkəmə təkrar edir ki, ikinci, üçüncü və dördüncü ərizəçilərin Azərbaycanda sığınacaq üçün müraciət etmələri mübahisələndirilmir (müqayisə et, yuxarıda adı çəkilən D. Bolqarıstana qarşı işi, § 120). Birinci ərizəçiyə gəlincə, cavabdeh Hökumət öz təqdimatlarında Məhkəməyə heç bir əlavə məlumat vermədən bildirib ki, o, Azərbaycanda sığınacaq üçün müraciət etməyib. Bununla belə, Məhkəmə qeyd etməyə bilməz ki, birinci ərizəçinin təqdim etdiyi materiala əsasən, ərizəçinin adından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Bakıdakı Ofisinə, Dövlət Miqrasiya Xidmətinə (“DMX”), BMCMİ-yə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sığınacaq üçün müraciət edilərək, ərizəçiyə Türkiyədə təqibə və pis rəftara məruz qalması riski ilə əlaqədar qaçqın statusu verilməsi xahiş edilib. Həmin gün BMTQAK-ın Bakı Ofisi ərizəçi, onun arvadı və dörd övladı ilə bağlı onların BMTQAK-da qeydiyyatda olduqları və milli hakimiyyət orqanları tərəfindən sığınacaq sorğusunun icraata götürülməsi əsası ilə 7 sentyabr 2017-ci il tarixinədək qüvvədə olan müvəqqəti müdafiə məktubu verib.
114. Məhkəmə yuxarıda müəyyən edib ki, ərizəçilər daxili və beynəlxalq hüquq tərəfindən onlara təqdim edilən bütün təminatlardan yayınmaqla şəxslərin qanundankənar transferinə məruz qalıblar (yuxarıda 106-cı bəndə bax). Xüsusilə, daxili proseslərin heç bir məqamında milli səlahiyyətli orqanlar ərizəçilərin Türkiyəyə qaytarıldıqları təqdirdə pis rəftara məruz qalacaqları ilə bağlı qorxularını araşdırmayıb və pasportlarının və ya yaşayış icazələrinin ləğvi əsasında Azərbaycandan çıxarılması barədə qərar ərizəçiləri qanunun mühafizəsindən kənarda qoymaqla gizli ekstradisiya üçün bəhanədən başqa bir şey olmayıb.
115. Bununla əlaqədar, Məhkəmə qeyd edir ki, birinci ərizəçi ilə bağlı heç bir ekstradisiya icraatı başlanmayıb, ikinci ərizəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli ekstradisiyanı rədd edən qərarı kobud şəkildə pozaraq Azərbaycandan çıxarılıb, üçüncü və dördüncü ərizəçilər isə ekstradisiya prosesi davam edərkən həmin ekstradisiyasının qanuniliyinə effektiv şəkildə etiraz etmək imkanından məhrum edilməklə Azərbaycandan çıxarılıb. Məhkəmə eyni zamanda, ərizəçilərin pasportlarının və ya yaşayış icazələrinin ləğvi əsasında Azərbaycandan çıxarılmasının tələsik formada həyata keçirilməsinin onları həmin əsaslarla ölkədən çıxarılmasına səlahiyyətli məhkəmələr qarşısında etiraz etmək imkanından məhrum etməsi faktını da nəzərdən qaçırmır (müqayisə et, De Souza Ribeiro Fransaya qarşı [BP], № 22689/07, § 95, AİHM 2012 və yuxarıda adı çəkilən D. Bolqarıstana qarşı işi, § 134).
116. Bu şəraitdə Məhkəmə hesab edir ki, ərizəçilər özbaşına geri qaytarılmaya qarşı effektiv müdafiə təminatlarından məhrum edilib. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, cavabdeh Dövlət ərizəçiləri Azərbaycandan çıxarmazdan əvvəl 3-cü maddəyə zidd rəftar risklərini qiymətləndirmək baxımından Konvensiyanın həmin müddəası üzrə öz prosessual öhdəliyini yerinə yetirməyib (müqayisə et, mutatis mutandis, İlias və Əhməd Macarıstana qarşı [BP], № 47287/15, § 163, 21 noyabr 2019-cu il və yuxarıda adı çəkilən D. Bolqarıstana qarşı işi, § 135).
117. Bu mülahizələr Məhkəməyə Konvensiyanın 3-cü maddəsinin pozulduğu qənaətinə gəlmək üçün kifayətdir.
VI. KONVENSİYANIN DİGƏR İDDİA EDİLƏN POZUNTULARI
118. Nəhayət, ərizəçilər Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə və 13-cü maddəsinə əsasən şikayət ediblər ki, onların həbsinin və Türkiyəyə xaric edilməsinin qanuniliyinə etiraz edə biləcək effektiv hüquqi müdafiə vasitələri olmayıb. Birinci ərizəçi həmçinin şikayət edib ki, onun Türkiyəyə köçürülməsi Konvensiyanın 7 saylı Protokolunun 1-ci maddəsini pozub.
119. Məhkəmə Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi və 3-cü maddəsi ilə bağlı qeydlərini nəzərə alaraq hesab edir ki, bu şikayətlərin qəbuledilənliyi və mahiyyəti üzrə ayrıca qərar verməyə ehtiyac yoxdur.
VII. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
120. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
A. Zərər
121. Ərizəçilərin hər biri mənəvi zərərə görə 30,000 avro (EUR) ödənilməsini tələb edib.
122. Hökumət bu məbləğləri həddindən artıq və əsassız hesab edib.
123. Məhkəmə hesab edir ki, ərizəçilər yalnız pozuntunun müəyyən edilməsi ilə kompensasiya edilə bilməyən mənəvi zərərə məruz qalıblar və beləliklə, kompensasiya təyin edilməlidir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirmə apararaq, Məhkəmə hər bir ərizəçiyə 9,000 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği də onun üzərinə əlavə olunmalıdır.
B. Məhkəmə xərcləri və digər məsrəflər
124. Ərizəçilər bu barədə heç bir iddia irəli sürməyiblər. Buna görə də Məhkəmə heç bir qərar qəbul etmir.
C. Gecikmələrə görə faizlər
120. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Ərizələri birləşdirməyə qərar verir;
2. Hökumətin 41326/17 №-li ərizənin baxılan işlərin siyahısından çıxarılması ilə bağlı tələbini rədd edir;
3. Konvensiyanın 3-cü maddəsi və 5-ci maddəsinin 1-ci bəndi ilə bağlı şikayətləri qəbuledilən elan edir;
4. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulub;
5. Qərara alır ki, Konvensiyanın 3-cü maddəsi pozulub;
6. Qərara alır ki, qalan şikayətlərin qəbuledilənliyi və mahiyyəti üzrə ayrıca araşdırmaya ehtiyac yoxdur;
7. Qərara alır ki,
(a) cavabdeh Dövlət Konvensiyanın 44-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində hər bir ərizəçiyə mənəvi zərərə görə 9,000 (doqquz min) avro (EUR) ödəməlidir və bu məbləğdən tutula bilən hər hansı vergi məbləği də onun üzərinə əlavə olunmalıdır;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
8. Ərizəçilərin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.
Qərar ingilis dilində tərtib edilib və 10 mart 2022-ci ildə Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq qərar barədə yazılı məlumat verilib.
Victor Soloveytchik Síofra O’Leary
Katib Müavini Sədr
ƏLAVƏ
№ |
Ərizə № |
İşin adı |
Ünvanlanıb |
Ərizəçi
Doğum tarixi Vətəndaşlıq |
Təmsil olunub |
1. |
41326/17 |
Şentürk Azərbaycana qarşı |
09/06/2017 |
Taci ŞENTÜRK
10/07/1976 Türkiyə |
Asima Nəsirli
Səməd Rəhimli |
2. |
8098/18 |
Özdemir Azərbaycana qarşı |
12/02/2018 |
İsa ÖZDEMİR
07/02/1971 Türkiyə |
Asima Nəsirli |
3. |
8147/18 |
Seferoğlu Azərbaycana qarşı |
13/02/2018 |
Ayhan SEFEROĞLU
01/07/1973 Türkiyə |
Asima Nəsirli |
4. |
8384/18 |
Taylan Azərbaycana qarşı |
14/02/2018 |
Erdoğan TAYLAN
25/08/1974 Türkiyə |
Asima Nəsirli |