Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 21-də Ermənistanın “Laçın dəhlizi”ndəki durumla bağlı Azərbaycana qarşı müvəqqəti tədbirin görülməsi tələbi üzrə qərar qəbul edib.
Bu işdə ərizəçi olan Ermənistan hökumətinin tələbi Dağlıq Qarabağdakı milliyətcə erməni sakinlərin tibbi xidmətə çatım başda olmaqla həyati əhəmiyyətli xidmətlərə çatımı təmin edən “Laçın dəhlizi”nin blok edilməsi iddiası ilə bağlı idi. Bu tələb, Dağlıq Qarabağla bağlı son silahlı ixtilaf zamanı Konvensiyanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin qadağan edilməsi, qeyri-insani, ləyaqəti alçaldan rəftar), 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 8 (şəxsi və ailə həyatına hörmət hüququ) maddələrinin çoxsaylı pozuntuları ilə bağlı iddiaları əhatə edən dövlətlərarası iş olan Ermənistan Azərbaycana qarşı (№ 4) işi kontekstində irəli sürülmüşdü.
Müvəqqəti tədbirlərin görülməsi barədə 14 dekabr 2022-ci il tarixli tələbində Ermənistan hökuməti iddia edib ki, dekabrın 12-dən guya, azərbaycanlı saxta “ekoloqlar” avtomobil yolunda bütün nəqliyyatın hərəkətini bloklayıblar. Bu, Dağlıq Qarabağdakı ağır xəstələrin çox ehtiyac duyulan Ermənistandakı xəstəxanalara getmələrinin, ərzaq və digər zəruri malların tədarükünün önünü kəsib, digər insanların şaxtalı qış şəraitində yollarda qalmasına səbəb olub. Ermənistan hökuməti ərazidə 120 minə yaxın erməninin yaşadığını bildirib.
Azərbaycan hökuməti “Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayraq, Ermənistanın iddialarını təkzib edib. Azərbaycanın Dağlıq Qarabağa gedən qazı kəsməsi, məktəblərin bağlamağa məcbur olması haqda iddialara cavabında, Azərbaycan hökuməti bəyan edib ki, “Azəriqaz” Dövlət Qaz Şirkəti sözügedən region da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində yaranan kəsintilərin səbəbini müəyyən etməyə çalışır. Medianın məlumatlarında qazın verilişinin 9 dekabr 2022-ci il tarixdə bərpa olunduğu bildirilib.
Ermənistan hökuməti Avropa Məhkəməsindən xahiş edib ki, Azərbaycan “Laçın dəhlizi”nin blokunu qaldırsın, Dağlıq Qarabağda yaşayan ağır xəstələrin və digər ermənilərin təhlükəsiz keçidinə icazə versin və təbii qazın verilişini bərpa etsin.
Məhkəmə, hazırda “Laçın dəhlizi”ndəki duruma Azərbaycan hökumətinin nə dərəcədə nəzarət etməsinin mübahisəli olmasını, durumun aydın olmamasını, əlavə olaraq, 9 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 6-cı maddəsi üzrə Azərbaycanın üzərinə götürdüyü “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək” öhdəliyini qeyd edib. Konvensiyadan irəli gələn öhdəlikləri xatırladan Məhkəmə, öz Reqlamentinin 39-cu Qaydasına əsasən, tərəflərin mənafeyi və qarşıdakı proseslərin uyğun şəkildə aparılması naminə, Ermənistanda müalicə almağa ehtiyacı olan ağır xəstələrə, sığınacağı və dolanışığı olmayıb yolda qalan digər şəxslərə “Laçın dəhlizi” vasitəsilə təhlükəsiz keçidi təmin etmək üçün Azərbaycan Hökumətinə yurisdiksiyasına daxil olan bütün tədbirləri görməyi bildirmək qərarı verib.
Müvəqqəti tədbirin görülməsi barədə Ermənistanın tələbi Dağlıq Qarabağ regionu ətrafındakı silahlı ixtilafda Konvensiyanın çoxsaylı ciddi şəkildə pozulması iddiaları ilə bağlı dövlətlərarası Ermənistan Azərbaycana qarşı (no. 4) işinin bir parçasıdır. Məhkəmə Reqlamentinin 39-cu Qaydası çərçivəsindəki tədbirlərə, işin qəbuledilənliyi və ya mahiyyəti ilə bağlı hər hansı sonrakı qərarlara xələl gətirmədən, Məhkəmənin qarşısındakı icraatla bağlı olaraq qərar verilir. Məhkəmə, müvəqqəti tədbirlərin görülməsi ilə bağlı tələbləri, yalnız müstəsna hallarda, əks halda ərizəçilərin geri dönüşü olmayan real risqlə qarşı-qarşıya qaldıqları hallarda təmin edir.