YENİ © tərcümə – aihmaz.org
BEŞİNCİ BÖLMƏ
İBİŞBƏYLİ AZƏRBAYCANA QARŞI
(Ərizə nömrəsi: 45929/17)
QƏRAR
STRASBURQ
23 iyun 2022
Bu qərar qətidir, ancaq ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
İbişbəyli Azərbaycana qarşı işində,
Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:
Stéphanie Mourou-Vikström, Sədr,
Ivana Jelić,
Kateřina Šimáčková, hakimlər,
və Viktoriya Maradudina, İclas Katibi,
2 iyun 2022-ci il tarixdə müzakirə aparıb;
Həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
PROSEDUR
1. Məhkəmə işi İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq, 20 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim edilmiş ərizə ilə bağlıdır.
2. Ərizəçini Məhkəmə qarşısında Azərbaycanda yaşayan vəkil cənab E. Sadıqov təmsil edib. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq, onun məhkəməyəqədər həbsdə saxlanmasının əsassızlığından şikayət edib.
3. Azərbaycan Hökuməti (“Hökumət”) ərizə ilə bağlı bilgiləndirilib.
FAKTLAR
4. Ərizəçi ilə bağlı detallı bilgilər və ərizəyə aid olan məlumatlar əlavə edilmiş cədvəldə verilib.
5. Jurnalist olan ərizəçi yerli iş adamlarından birinin biznesi haqqında bəzi nüfuzdan salıcı məlumatları dərc etmək hədəsi ilə ondan külli miqdarda pul tələb etməkdə şübhəli bilinərək, 30 iyun 2016-cı il tarixdə həbs edilib və o, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
6. 2 iyul 2016-cı il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən ərizəçi barəsində 30 iyun 2016-cı il tarixindən hesablanmaqla dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
7. 7 və 14 sentyabr 2016-cı il tarixlərində müvafiq olaraq, Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi ərizəçinin ev dustaqlığına və ya zaminə buraxılması barədə onun vəsatətlərini təmin etməyib.
8. Ərizəçinin həbs qətimkan tədbirinin müddəti 25 oktyabr 2016-cı il tarixində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə, 30 yanvar 2017-ci il tarixinə qədər uzadılıb.
9. Rayon Məhkəməsi həmin gün çıxardığı digər qərarı ilə ərizəçinin ev dustaqlığına və ya zaminə buraxılması haqda vəsatəti rədd edib.
10. Bu proseslərdə yekun instansiya olan Bakı Apellyasiya Məhkəməsi 28 oktyabr 2016-cı il tarixdə iki ayrı qərarı ilə ərizəçinin birinci instansiya məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qərarlarından verdiyi apellyasiya şikayətlərini təmin etməyib.
11. İşin materialları arasında ərizəçinin məhkəməyəqədər həbs müddətinin uzadılması ilə bağlı başqa qərar yoxdur.
12. Bakı Ağır Cinayətlər Məhkəməsi 14 iyun 2017-ci il tarixdə ərizəçini Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi üzrə təqsirli bilərək, onu yeddi il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.
QANUNVERICILIK
I. HÖKUMƏTİN 6 AY QAYDASINA ƏMƏL EDİLMƏMƏSİ İLƏ BAĞLI ETİRAZI
13. Hökumət, ərizəçinin məhkəməyəqədər həbs qətimkan tədbirinin seçilməsi haqda qərarın əsaslandırılmaması ilə bağlı şikayəti üzrə yekun ölkədaxili qərarın, Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixdə çıxardığı, ərizəçinin həbs müddətinin 3 ay müddətinə uzadılması haqda birinci instansiya məhkəməsinin qərarını təsdiqləyən və ərizəçi barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya zaminə buraxılması barədə vəsatətlərin rədd edilməsini nəzərdə tutan qərarları olub. Bu qərarlar ərizəçiyə və onun vəkilinə 1 və 2 noyabr 2016-cı il tarixlərində çatdırılıb. Buna görə də, altı aylıq müddətin hesablanmasının başlanğıc tarixi 2 noyabr 2016-cı il olub, 2 may 2017-ci il tarixdə isə müddət axımı başa çatıb. Bu ərizə 20 iyun 2017-ci il tarixdə Məhkəməyə gec, 6 aylıq müddət keçəndən sonra təqdim edilib və Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə uyğun olaraq rədd edilməlidir.
14. Ərizəçi Hökumətlə razılaşmayıb və bildirib ki, onun Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanan şikayəti ilə bağlı altı aylıq müddətin başlanmasına səbəb olan yekun daxili qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin onun Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum edilməsini nəzərdə tutan 14 iyun 2017-ci il tarixli hökmü olub.
15. Məhkəmə yada salır ki, əgər ərizəçi 5-ci maddənin 3-cü bəndinə əsasən məhkəmə araşdırmasına qədər həbs edilibsə, nəzərə alınmalı olan müddət şəxs tutulduqdan və ya həbs edildikdən sonra başlayır (bax: Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il, § 83, A seriyası № 241-A) və azadlığa buraxıldıqda və/və ya hətta birinci instansiya məhkəməsi tərəfindən ittiham hökmü çıxarıldıqda başa çatır (bax: digər orqanlar arasında, Səlahəddin Dəmirtaş Türkiyəyə qarşı (№ 2) [GC], 22 dekabr 2020-ci il, § 290; Solmaz Türkiyəyə qarşı, № 27561/02, §§ 23-24, 16 yanvar 2007-ci il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 61, 12 noyabr 2015-ci il).
16. Məhkəmə, ərizəçinin 30 iyun 2016-cı ildə həbs edilməsinin hazırkı işdə mübahisəsiz olduğunu və onun Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunduğu tarixə, yəni, 14 iyun 2017-ci ilədək həbsdə saxlanıldığını qeyd edir. Buna uyğun olaraq Məhkəmə, bu şikayətlə bağlı altı aylıq müddətin 14 iyun 2017-ci il tarixindən başladığını və 20 iyun 2017-ci ildə Məhkəməyə ərizə ilə müraciət edən ərizəçi tərəfindən altı aylıq qaydaya əməl olunduğunu qeyd edir.
17. Bu səbəblərə görə, Məhkəmə, ərizəçinin altı aylıq qaydaya əməl etməməsi ilə bağlı Hökumətin etirazını rədd edir.
II. KONVENSİYANIN 5 § 3-CÜ MADDƏSİNİN POZUNTUSU İDDİASI
18. Ərizəçi, daxili məhkəmələrin onun məhkəməyəqədər həbsdə saxlanmasının zəruriliyini əsaslandıra bilməməsindən şikayət edib. Onun əsaslandığı Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin mətni aşağıdakı kimidir:
“Bu maddənin I bəndinin «c» alt bəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsilə şərtləndirilə bilər.”
19. Məhkəmə qeyd edir ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi ilə təminat altına alınan ağlabatan müddət ərzində mühakimə olunmaq və ya məhkəməyə qədər azadlığa buraxılma hüququ ilə bağlı ümumi prinsiplər onun bir sıra əvvəlki qərarlarında ifadə olunub (bax: bir çox qərarlarla yanaşı, Kudla Polşaya qarşı [GC], № 30210/96, § 110, AİHM 2000 XI və McKay Birləşmiş Krallıqa qarşı [GC], № 543/03, §§ 41-44, AİHM 2006 X , əlavə istinadlar).
20. Fərhad Əliyev Azərbaycana qarşı № 37138/06, 9 noyabr 2010-cu il; Zayidov Azərbaycana qarşı, № 11948/08, 20 fevral 2014-cü il; və İsayeva Azərbaycana qarşı, № 36229/11, 25 iyun 2015-ci il işləri üzrə aparıcı qərarlarında Məhkəmə, hazırkı işdə olanlara oxşar məsələlərlə bağlı artıq pozuntu müəyyən edib.
21. Təqdim edilmiş bütün materialları araşdıran Məhkəmə, onu bu şikayətlərin qəbuledilənliyi və mahiyyəti ilə bağlı fərqli nəticəyə gəlməyə inandıra biləcək hər hansı fakt və ya arqument aşkar etmədi. Mövzu ilə bağlı öz presedent hüququnu nəzərə alan Məhkəmə hazırkı işdə daxili məhkəmələrin ərizəçinin məhkəməyəqədər həbsinin zəruriliyini əsaslandıra bilmədiyi qənaətindədir.
22. Bunlara görə, şikayətlər qəbulediləndir və Konvensiyanın 5 § 3 maddəsinin pozuntusunu ortaya qoyur.
III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
23. Konvensiyanın 41-ci maddəsində yazılır:
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”
24. Əlində olan sənədlərə və məhkəmə təcrübəsinə (bax: xüsusilə, yuxarıda adı çəkilən Fərhad Əliyev; yuxarıda göstərilən Zayidov; və Novruz İsmayılov Azərbaycana qarşı, № 16794/05, 20 fevral 2014-cü il) uyğun olaraq Məhkəmə, əlavə edilmiş cədvəldə göstərilən məbləğlərin təyin edilməsini məqbul hesab edir.
25. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Bəyan edir ki, ərizə qəbulediləndir;
2. Qərar verir ki, bu ərizə, məhkəməyə qədər həbs üçün əsasların olmaması ilə bağlı Konvensiyanın 5 § 3-cü maddəsinin pozulduğunu ortaya qoyur;
3. Qərar verir ki,
(a) cavabdeh Dövlət 3 ay ərzində əlavə edilmiş cədvəldə göstərilən məbləğdə təzminatı ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək ərizəçilərə ödəməlidir;
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 23 iyun 2022-ci il tarixdə yazılı olaraq açıqlanıb.
Viktoriya Maradudina Stéphanie Mourou-Vikström
İclas Katibi Sədr
CƏDVƏL
Konvensiyanın 5 § 3 – cü maddəsinə əsasən verilmiş ərizə (məhkəməyəqədər həbsin əsaslarının olmaması)
Ərizənin nömrəsi Daxil olma zamanı |
Ərizəçinin adı
Doğum tarixi |
Nümayəndənin adı, iqamət yeri | Həbsdəki period | Həbsin uzunluğu | Xüsusi qüsurlar | Mənəvi ziyana görə təyin edilən təzminat
(avro ilə) |
Xərc və məsrəflərə görə təyin edilən məbləğ
(avro ilə) |
45929/17 20/06/2017 |
Fikrat
Faramaz oglu IBISHBEYLI 1976 |
Elchin SADIGOV
Baku |
30/06/2016-dan
14/06/2017-ci ilə qədər |
11 ay 14 gün | məhkəmələrin göstərdikləri əsasların kövərkliyi:
qaçma və ya ədalət mühakiməsini əngəlləmə risqləri ilə bağlı hər hansı sübuta söykənən əsasların olmaması fonunda fərziyyələrdən istifadə olunması |
3,000 | 500 |