Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 6-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 2 yeni qərarını elan edəcək.
“Xural” qəzeti və Zeynalov Azərbaycana qarşı (№ 55069/11);
Birinci ərizəçi “Xural”, Bakıda nəşr olunan qəzetdir. İkinci ərizəçi “Xural”ın təsisçisi və baş redaktoru Əvəz Tapdıq oğlu Zeynalov 1970-ci ildə anadan olub, Bakıda yaşayır.
Bu məhkəmə işi qəzetdə dərc edilmiş məqalə ilə əlaqədar olaraq ərizəçilərə qarşı irəli sürülmüş mülki iddialarla bağlıdır. Məqalələrdə tanınmış yüksək rütbəli dövlət məmurunun parlament seçkilərinə müdaxilə etdiyi iddia olunub. Adı keçən şəxs qəzeti və onun redaktorunu məhkəməyə verib, məlumatın yalan olduğunu və onun nüfuzuna xələl gətirdiyini iddia edib və dəymiş ziyana görə təzminat tələb edib. Yerli məhkəmələr iddianı təmin edərək, ərizəçilərin üzərinə üzr istəmək, təkzib dərc etmək və 10.000 Azərbaycan manatı təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul edib.
Ərizəçilər ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər.
Mustafa Hacılı və başqaları Azərbaycana qarşı (№ 69483/13, 76319/13 və 30456/14)
Bu işdə 6 ərizəçi İctimai Palata adlı müxalif siyasi birliyin üzvləri olublar. Onlar Bakı şəhərində müxtəlif siyasi məsələlərə etiraz etmək üçün üç dəfə kütləvi aksiya keçirmələrinə imkan yaradılması üçün müraciət ediblər, ancaq nümayişin keçirilməsinə icazə verilməsindən imtina olunub.
Ərizəçilər iddia edirlər ki, Konvensiyanın 11-ci maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib. Dinc aksiyanın keçirilməsinə icazə verilməsindən imtina olunması haqda qərarlar qanuni və zəruri olmayıb.
Ərizəçilər həmçinin, bu kontekstdə yerli qurumların qərarlarının onların ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarını pozduğunu da iddia edirlər.