12 sentyabr 2022-ci il tarixində dərc edilmişdir
BEŞİNCİ BÖLMƏ
Ərizə nömrəsi: 9375/20
Aynurə İslam qızı BAĞIROVA Azərbaycana qarşı
5 fevral 2020-ci il tarixdə daxil olub
23 avqust 2022-ci il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Bu məhkəmə işi ərizəçinin axtarışda olan və həbs edilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı öldürülən qardaşının (A.B) ölümü ilə bağlıdır.
Konvensiyanın 2-ci və 13-cü maddələrinə əsaslanan Ərizəçi qardaşının həbs edilməsi əməliyyatı zamanı ölümcül güc tətbiq edilməsinə qətiyyən zərurət olmamasından, qardaşının əməliyyat zamanı qəsdən öldürülməsindən şikayət edib. Ərizəçi həmçinin, şikayət edib ki, yerli qurumlar qardaşının öldürülməsi ilə bağlı effektiv araşdırma aparılmasını təmin etməyiblər.
TƏRƏFLƏRƏ SUALLAR
1. Hazırkı işdə Ərizəçinin qardaşının Konvensiyanın 2-ci maddəsi ilə təmin edilən yaşamaq hüququ pozulubmu? Xüsusilə, ərizəçinin qardaşının ölümü, əməliyyatın planlanması, idarə olunması və həyata keçirilməsi üsulları diqqətə alındıqda, bu maddənin 2-ci bəndinin məqsədləri baxımından mütləq zəruri olan gücün tətbiqindən qaynaqlanıbmı? Yaşamaq hüququnun prosessual baxımdan qorunması (bax: Salman Türkiyəyə qarşı [GC], № 21986/93, AİHM 2000-VII, 104-cü bənd) aspektindən baxdıqda, hazırkı işdə yerli qurumlar tərəfindən aparılan araşdırma Konvensiyanın 2-ci maddəsini pozubmu?
2. Ərizəçi Konvensiyanın 2-ci maddəsinə əsaslanan şikayətlərinin araşdırılması zamanı Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi səmərəli daxili müdafiə vasitələrinə sahib idimi?
3. Hökumətdən ərizəçinin qardaşının ölümü ilə bağlı cinayət prosesi ilə bağlı məhkəmə ekspertizasının rəylərinin, prosessual qərarların, ifadə qeydlərinin, fotoşəkillərin, video çəkilişlərin və digər bütün sənədlərin surətlərini təqdim etməsi xahiş olunur.