Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 1-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 yeni qərarını elan edəcək.
Yadigar Sadıqlı Azərbaycana qarşı
Bu məhkəmə işi hadisələrin baş verdiyi vaxt müxalif Müsavat Partiyasının başqanının müşaviri olan Yadigar Sadıqlının Lənkəran şəhərində təxribata məruz qalması olayı ilə bağlıdır.
Olay 2013-cü ilin iyun ayında baş verib. İşin faktlarına görə, kimliyi bilinməyən şəxs dostları ilə çay içən ərizəçiyə yaxınlaşıb, onu təhqir etməyə başlayıb. Baş verənlərin təxribat olduğunu anlayan ərizəçi mübahisə etməyib, çay evini tərk edib.
Ertəsi gün hökumətə bağlı medialarda, eləcə də “Azərtac” Dövlət İnformasiya Agentliyində “Müsavat Partiyası başqanının müşaviri müharibə veteranı R.S.-ni döyüb” başlıqlı xəbərlər dərc edilib. Xəbərin dərcindən sonra ərizəçi sosial şəbəkədə açıqlama verib, təxribatla üzləşdiyini, barəsində cinayət işi açılacağını güman etdiyini bildirib. Səhərisi gün polis əməkdaşları ərizəçinin evinə gəlib, onu polis idarəsinə aparıblar. Şübhəli şəxs qismində tutulan ərizəçiyə 2 gün sonra xuliqanlığa görə cinayət işi açılıb, barəsində məhkəməyə qədər 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Yuxarı məhkəmələrə şikayət etsə də həbs tədbiri dəyidirilməyib. Ərizəçinin həbsin ev dustaqlığı qəti imkan tədbiri ilə dəyişdirilməsi ilə bağlı vəsatətləri də rədd edilib. Ərizəçinin məhkəməyə qədər həbsdə saxlanılması müddəti sonradan bir neçə dəfə artırılıb, həmin qərardan verilən şikayətləri də yuxarı məhkəmələr rədd edib.
Ərizəçi AİHM qarşısında iddia edir ki, azadlıq və toxunulmazlıq hüququ pozulub – həbsdə saxlanılması qanunsuz (əsaslı şübhə mövcud olmayıb) və əsassız (məhkəmələr uyğun və yetərli əsaslar göstərə bilməyib). Ərizəçi həmçinin, 22 oktyabr 2013-cü il tarixdən sonra qanunsuz olaraq həbsdə saxlanıldığını iddia edir, bildirir ki, həmin tarixdən sonra həbsdə tutulmasına dair laızmi qaydada qəbul edilmiş hər hansı qərar mövcud olmayıb.
Səfərov Azərbaycana qarşı
1959-cu ildə doğulmuş, Bakı şəhərində yaşayan ərizəçi Rafiq Firuz oğlu Səfərov 2009-cu ildə Azərbaycan tarixinə dair kitabını nəşr etdirib. Bu məhkəmə mübahisəsi həmin kitabın ərizəçinin icazəsi olmadan, ona hər hansı qonorar ödənilmədən çoxaldılması və onlayn qaydada yayılması ilə müəllif hüquqlarının pozulması iddiaları ilə bağlıdır.
Ərizəçi məhkəmədə mülki iddia qaldırsa da yerli məhkəmələr onu rədd ediblər. 1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və 6-cı maddəyə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanan ərizəçi AİHM-ə dövlətin onun əqli mülkiyyət maraqlarını qorumamasından və daxili məhkəmələrin onun iddiası üzrə qərarlarının əsaslandırlmamasından şikayət edib.
Rəşid Rəhimov Azərbaycana qarşı
Bu iş ərizəçiyə məxsus mülkiyyətin sökülməsi mübahisəsi ilə bağlıdır. Mülk Bakı şəhəri, Tolstoy küçəsi 83/23 ünvanında yerləşən, 1896-cı ildə tikilmiş çoxmərtəbəli ev olub. Yasamal Rayon İcra Hakimiyyəti həmin mülkü “Təzə Pir” məscidinin ətrafının abadlaşdırılması layihəsi çərçivəsində söküb.
Mübahisə ərizəçiyə ödənilən kompensasiyanın məbləği ilə bağlıdır – ərizəçi məhkəmə vasitəsilə ona 297 000 manat məbləğində kompensasiya tələb edib (həm yaşayış, həm də torpaq sahəsinə görə), məhkəmə isə 111.375 manat kompensasiya təyin edib.
Ərizəçi iddia edir ki, ona münasibətdə mülkiyyət, şəxsi həyata hörmət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu baş verib.
Xatirə Quliyeva Azərbaycana qarşı
Bu iş ərizəçinin xırda xuliqanlıqda və polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılması, inzibati məsuliyyətə cəlb olunması ilə bağlıdır.
Ərizəçi iddia edir ki, barəsindəki icraatlar zamanı onun ədalətli məhkəmə araşdırması hüququna müdaxilə baş verib.