Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 9-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edib. Qərarlar mülkiyyət, işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiaları ilə bağlıdır.
Adil Dadaşov və Tural Hacıbəyli Azərbaycana qarşı
Avropa Məhkəməsi hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq (Maddə 5.1) və ədalətli məhkəmə araşırması hüququnun (6.1 və 6.3) pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət əriziəçilərin hər birinə mənəvi zərər əvəzi 4000 avro, ikinci ərizəçinin təmsilçisinə hüquqi məsrəflərə görə 500 avro ödəməlidir.
Bu işdə birinci ərizəçi 2009-cu il tarixdə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahkar bilinib, üç sutkalıq inzibati həbs cəzasına məhkum olunmuşdu. İkinci ərizəçi də eyni əməldə günahlandırılıb, cəzalandırılmışdı. Ərizəçilər polisdə saxlanılarkən su, yemək, yataq verilmədiyini, pis rəftara məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə olunduğunu iddia edirdilər.
Ərizəçiləri AİHM qarşısında vəkil Aqil Layıc və Ruslan Mustafazadə təmsil edib.
Əliyevlər Azərbaycana qarşı
Bu işdə Avropa Məhkəməsi ərizəçilərin şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyi qənaətinə gəlib. Hökumət ərizəçilərə mənəvi zərərə və məsrəflərə görə, ümumilikdə 7094 avro təzminat ödəyəcək.
Ərizəçilər Həsənəli Əliyev, Rüxsarə Əliyeva, Anar Əliyev, Emin Əliyev və Rəmzi Əliyev iddia edirdilər ki, hərbi xidmətdə olarkən Naxçıvan şəhərindəki hərbi qəsəbədə onlara dövlət hesabına verilmiş mənzildən çıxarılmaları qanunsuz olub. Ərizəçilər AİHM qarşısında mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququnun pozuntusunu qaldırmışdılar.
Ərizəçiləri vəkil Sadiq Bağırov və Nemət Heydərov təmsil edib.
Cümşüd Bayramov Azərbaycana qarşı
Məhkəməyə qədər həbsin qanunsuzluğu mübahisələndirilən bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 3500 avro ödəyəcək.
Ərizəçi vəkil Əkrəm Həsənov tərəfindən təmsil olunub.
Əlikram Xurşidov Azərbaycana qarşı
Bu iş Müsavat Partiyası fəalı olan ərizəçinin məhkəməyə qədər həbsinin qanunsuzluğu iddiaları ilə bağlı idi. AİHM hökumətin təqdim etdiyi, iddia olunan pozuntunun etiraf edildiyi təktərəfli bəyannaməyə əsasən, ərizəni baxılacaq işlərin siyahısından xaric edib. Hökumət ərizəçiyə 3500 avro ödəməlidir.
Ərizəçini AİHM-də vəkil Nemət Kərimli təmsil edib.