Bu gün, iyunun 8-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 1436-ci toplantısı başlayıb. Görüşdə Avropa Məhkəməsinin qərarlarının icra durumu müzakirə edilir.
İcra durumu müzakirə ediləcək qərarlar Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Moldova, Hollandiya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Slovakiya və Türkiyə ilə bağlıdır. 3 gün davam edəcək toplantının yekununda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək.
Toplantıda Azərbaycanla bağlı Xədicə İsmayılova və Məmmədli Qruplarınadaxil olan qərarların icra durumu müzakirə ediləcək.
X.İsmayılova Qrupu çərçivəsində AİHM-in X.İsmayılovanın şikayətləri üzrə qəbul etdiyi 2 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır. Toplantıdan əvvəl Azərbaycan hökuməti qərarların icra durumu ilə bağlı təqdimatında AŞ NK-ya bildirib ki, ərizəçiyə qarşı cinayətə yol verənlərin mühakimə edilməsi məqsədilə hökumət zəruri tədbirləri görüb – Baş Prokurorluq X.İsmayılın şikayəti əsasında 15 mart 2012-ci il tarixdə Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət işi başlayıb, şəxsi görüntüləri yayanların müəyyən olunması məqsədilə mümkün olan addımlar atılıb. Çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin şəxsləri müəyyənləşdirmək mümkün olmadığından, 17 avqust 2015-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılıb.
Hökumət həmçinin, ərizəçiyə qərarlarda müəyyən edilmiş təzminat məbləğlərinin faizləri də hesablanmaqla ödənildiyini bildirib.
Qrupa daxil olan qərarlarda üzə çıxarılan ümumi problemlərin həlli ilə bağlı Hökumət qeyd edir ki, jurnalistlərin şəxsi və ailə həyatlarının müdafiəsi və onların ifadə azadlığı hüquqlarını sərbəst həyata keçirə bilmələri məqsədilə zəruri addımlar atılıb. Hökumətin təqdimatında “Media haqqında” qanunun qəbul edilməsindən geniş bəhs edilir, bu qanunun journalist azadlığından yararlanmaq üçün geniş imkanlar açdığı ifadə edilir. Hökumət təqdimatında yazır:
““Media haqqında” qanun dövlətin söz və mətbuat azadlığı sahəsində yeni hədəflərinin müəyyənləşdirilməsinə, onun iqtisadi bazasının, kadr potensialının və peşəkarlığının artırılmasına, medianın müstəqilliyinin qorunmasına xidmət edir. Qanunun məqsədi daxili informasiya məkanının təhlükəsizliyini təmin etmək və ictimaiyyətə obyektiv və peşəkar şəkildə xidmət etmək üçün medianın fəaliyyətini stimullaşdırmaqla yerli KİV-in inkişafını stimullaşdırmaq və informasiya mühitinin rəqabət qabiliyyətini artırmaqdan ibarətdir. Qanuna daxil edilmiş mütərəqqi müddəalar sayəsində ölkə mətbuatında şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin əsaslarının təmin edilməsi, ictimaiyyətlə media arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi nəzərdə tutulur…”.
AŞ NK-nın müzakirə edəcəyi Məmmədli işi qrupunda isə AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Anar Məmmədli, İntiqam Əliyev, Əzizov və Novruzlu, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunusların şikayətləri üzrə çıxarılan həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
Hökumət bu qrup işinin icra durumu ilə bağlı təqdimatında qeyd edir ki, Məmmədli qrupuna daxil olan qərarlar Azərbaycan Ali Məhkəməsinin nəzarəti altındadır. Ali Məhkəmənin Plenumunun həmin qərarlara nə vaxt baxacağı hələ bəlli deyil. Hökumət həmçinin, İbrahimov və Məmmədov Azərbaycana qarşı işi üzrə ərizəçilər istisna olmaqla, bütün ərizəçilərin məhkumluğunun artıq götürüldüyünü və yerdə qalan ərizəçilərlə bağlı məhkum edilmələrinin heç bir mənfi hüquqi nəticəsinin qalmadığını vurğulayıb. Təqdimata görə, bütün ərizəçilərə təzminatlar ödənilib.
Avropa Şurası Nazirlər Komitəsinin 1436-ci toplantısı 3 gün davam edəcək. Yekunun Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək.
AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.