Avropa İnsan Hüquqları Məhkəməsi
İKİNCİ SEKSİYA
İLİÇ (ILIĆ) SERBİYAYA QARŞI məhkəmə işi
(Ərizə Nº 30132/04)
QƏRAR
Strasburq
9 oktyabr 2007-ci il
Qəti qərara çevrilmə tarixi:
09.01.2008
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir. Qərara redaktə xarakterli düzəlişlər edilə bilər.
İliç Serbiyaya qarşı məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi (İkinci Seksiya), hakimlər:
xanım F. Tulkens (F. TULKENS), sədr;
cənab İ. Kabral Barreto (I. CABRAL BARRETO);
cənab R. Türmən (R. TÜRMEN);
cənab M. Uqrexelidze (M. UGREKHELİDZE);
cənab V. Zaqrebelski (V. ZAGREBELSKY);
xanım A. Mularoni (A. MULARONI);
cənab D. Popoviç (D. POPOVİĆ);
habelə Seksiya katibinin müavini xanım F. Elens-Passosdan (F. ELENS-PASSOS) ibarət tərkibdə
Palatada iclas keçirərək,
18 sentyabr 2007-ci ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən, sözügedən vaxtda Serbiya və Çernoqoriya İttifaq Dövlətinin (3 iyun 2006-cı ildən Serbiya onun hüquqi varisidir) vətəndaşı olmuş cənab Aleksandr İliç (“ərizəçi”) tərəfindən 22 iyun 2004-cü ildə Məhkəməyə təqdim edilmiş Serbiya və Çernoqoriya İttifaq Dövlətinə qarşı ərizə (Nº 30132/04) əsasında başlanmışdır.
2. Serbiya və Çernoqoriya İttifaq Dövlətinin Hökumətini və daha sonra Serbiya Hökumətini (“Hökumət”) onun nümayəndəsi cənab S. Kariç təmsil etmişdir.
3. 4 may 2006-cı ildə Məhkəmə ərizə barədə Hökumətə məlumat verməyi qərara almışdır. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinin müddəalarına əsasən, həmçinin qərara alınmışdır ki, ərizənin mahiyyətinə onun qəbul edilənliyi məsələsi ilə eyni vaxtda baxılsın.
FAKTLAR
I. İŞİN HALLARI
4. Ərizəçi 1935-ci ildə anadan olub və Belqradda (Serbiya) yaşayır.
A. İnzibati icraat
5. 23 mart 1960-cı ildə ərizəçinin atasının mülkiyyətində olan çoxmənzilli bina Yuqoslaviyanın kommunist hakimiyyəti tərəfindən milliləşdirildi.
6. 1 dekabr 1960-cı ildə Palilula bələdiyyə orqanı elan etdi ki, həmin çoxmənzilli binada konkret bir mənzil ərizəçinin atasının mülkiyyətində saxlanılmalıdır.
7. Atasının ölümündən sonra ərizəçi varis qismində onun mənzilinə mülkiyyət hüququ əldə etdi. Lakin o, faktiki olaraq bu hüquqdan istifadə edə bilmədi, çünki mənzil xüsusi “qorunan kirayə rejimi” altında idi və beləliklə, orada fiziki cəhətdən digər şəxslər məskunlaşmışdılar, onların icarə münasibətlərinə dövlət orqanları nəzarət edirdilər.
8. 1992-ci ildə “Mənzil təminatı haqqında” yeni Qanun bu cür mənzillərin mülkiyyətçilərinin onlar üzərində faktiki sahibliklərini yenidən əldə etməsini müəyyən şərtlərlə mümkün etdi.
9. 19 yanvar 1993-cü ildə Palilula bələdiyyəsinin mənzil şöbəsi (Odeljenje za komunalno-stambene poslove opštine Palilula) mənzildəki şəxslərin çıxarılması barədə ərizəçinin ərizəsini qəbul etdi və bələdiyyəyə göstəriş verdi ki, sözügedən “qorunan rejimli kirayəçini” ən geci 31 dekabr 1995-ci ilədək adekvat alternativ mənzillə təmin etsin.
10. 17 avqust 1994-cü ildə Palilula bələdiyyəsinin mənzil şöbəsi eyni məzmunda digər qərar (360-440/93-II-01) qəbul etdi. Bu qərarla o, 19 yanvar 1993-cü il tarixli qərarını təsdiq etdi və qorunan rejimli kirayəçinin 31 dekabr 1995-ci ilədək mənzildən çıxarılması haqqında açıq-aydın göstəriş verdi.
11. 1 dekabr 1994-cü ildə Belqrad şəhərinin mənzil idarəsi (Sekretarijat za komunalne i stambene poslove grada Beograda) bələdiyyənin baş prokurorluğunun (Javno pravobranilaštvo opštine Palilula) qərardan verdiyi şikayəti rədd etdi və beləliklə, 17 avqust 1994-cü il tarixli qərar qüvvəyə mindi.
12. 4 avqust 2006-cı ildə Palilula bələdiyyəsinin mənzil şöbəsi qorunan rejimli kirayəçinin hüquqi varisi xanım B.K.-ya konkret alternativ mənzil təklif etdi, amma sonra qeyd etdi ki, “üstünlük hüququna malik olanların siyahısı” nəzərdən keçirilməlidir.
13. Xanım B.K. bildirdi ki, o, qorunan rejimli sabiq kirayəçinin ölümündən sonra oğlu, gəlini və onların azyaşlı uşağı ilə birlikdə mənzildə yaşamaqda davam edib. O, əlavə etdi ki, ona təklif olunan mənzil hazırda yaşadığı mənzildən 20 kvadrat metr kiçikdir və bildirdi ki, o, şəhərin mərkəzində yerləşmir.
14. 10 avqust 2006-cı ildə Palilula bələdiyyəsinin mənzil şöbəsi təklifini bir daha təsdiq etdi, amma xanım B.K.-nın oğlu cənab S.K. bildirdi ki, sözügedən mənzil ümumi sahəsi və otaqlarının sayı baxımından onlarınkına uyğun deyil. Lakin o, əlavə etdi ki, özü və ailəsi on-on beş gün ərzində qəti cavablarını bələdiyyəyə deyəcəklər.
B. Mülki proses
15. 1996-cı ildə ərizəçi Palilula bələdiyyəsinə qarşı Belqradın birinci bələdiyyə məhkəməsində (Prvi opštinski sud u Beogradu) mülki iddia qaldırdı. O, sözügedən mənzildən istifadə etmək və ya onu kirayəyə vermək imkanından davamlı olaraq məhrum olması ucbatından məruz qaldığı maddi ziyana görə kompensasiya tələb etdi.
16. 2 sentyabr 1996-cı ildə Belqradın birinci bələdiyyə məhkəməsi (“Bələdiyyə Məhkəməsi”) qismən ərizəçinin xeyrinə qərar çıxardı.
17. 2 sentyabr 1996-cı ildə Belqrad dairə məhkəməsi (Okružni sud u Beogradu) apellyasiya şikayətindən sonra bu qərarı ləğv etdi və işə yenidən baxılması barədə göstəriş verdi.
18. 26 iyun 2001-ci ildə Bələdiyyə Məhkəməsi ərizəçinin əleyhinə qərar çıxardı.
19. 27 dekabr 2001-ci ildə Belqrad dairə məhkəməsi (“Dairə Məhkəməsi”) bu qərarı qüvvədə saxladı.
20. 18 mart 2002-ci ildə ərizəçi qərardan hüquqi məsələlərlə bağlı şikayət verdi (revizija).
21. 9 oktyabr 2003-cü ildə Ali Məhkəmə (Vrhovni sud Srbije) birinci və ikinci instansiyalarda qəbul olunmuş qərarları ləğv etdi və işə Bələdiyyə Məhkəməsində yenidən baxılması barədə göstəriş verdi. O, digər məsələlərlə yanaşı qərara aldı ki, Palilula bələdiyyəsi əslində 17 avqust 1994-cü il tarixli qərarı icra edərək qorunan rejimli kirayəçinin çıxarılması barədə göstəriş verməyə borclu idi, üstəlik, bunu etmək üçün müddət də artıq başa çatmışdı. Məhkəmə bu qənaətə gəldi ki, bu səbəbdən ərizəçinin işinə mahiyyəti üzrə yenidən baxılmalıdır, sonra isə bildirdi ki, sözügedən bələdiyyəni özünün 17 avqust 1994-cü il tarixli “qanuni qüvvə minmiş qəti qərarını” yerinə yetirməyə məcbur etmək üçün ərizəçinin əlində heç bir hüquqi imkan yox idi.
22. Ərizəçi Ali Məhkəmənin qərarını 17 dekabr 2004-cü ildə aldı.
23. 29 dekabr 2004-cü ildə ərizəçi Bələdiyyə Məhkəməsinə ərizə verərək ilkin tələbini daha dəqiq ifadə etməyə cəhd etdi. Konkret olaraq, o, xahiş etdi ki, qorunan rejimli kirayəçi onun mənzilindən çıxarılsın və adekvat alternativ mənzillə təmin edilsin.
24. 20 yanvar 2005-ci ildə Bələdiyyə Məhkəməsi ərizəçinin ərizəsini rədd etdi (nije dozvolio preinačenje tužbe).
25. Daha sonra ərizəçi bu qərardan şikayət verdi, lakin 28 sentyabr 2005-ci ildə Dairə Məhkəməsi şikayəti qəbul olunmayan elan etdi.
26. Müvafiq olaraq, Bələdiyyə Məhkəməsində maddi ziyanla bağlı ərizəçinin ilkin tələbi üzrə icraat davam etdirildi.
27. 12 aprel 2006-cı ildə Bələdiyyə Məhkəməsi ərizəçinin xeyrinə qərar çıxardı. O, Palilula bələdiyyəsinə göstəriş verdi ki, ərizəçiyə 5.318.300 Serbiya dinarı (RSD) və qanunla müəyyən edilən, 23 fevral 2006-cı il üçün qüvvədə olan faiz məbləğini, habelə məhkəmə xərclərinə görə 28.350 RSD ödəsin. Məhkəmə izah etdi ki, ziyana görə təyin olunan kompensasiya ərizəçinin mənzilinin qorunan rejimli kirayəçinin istifadə hüququ ilə “yükləndiyi” müddət üçün hesablanan bazar qiyməti ilə həmin hüquqla yüklənməyən bazar qiyməti arasındakı fərqin ekvivalentidir. O, daha sonra 1 saylı Protokolun 1-ci maddəsinə istinad etdi və bildirdi ki, bələdiyyə mənzildən çıxarılma barədə sözügedən yekun qərarı icra etməkdən ibarət hüquqi öhdəlik daşıyırdı. Ərizəçinin qorunan rejimli kirayəçisini adekvat alternativ mənzillə təmin etmək üçün bələdiyyənin ixtiyarında illər ərzində yetərincə vəsaitlər və mənzillər vardı (aşağıda 33-cü və 35-ci bəndlərə bax). Nəhayət, bələdiyyəni özünün 17 avqust 1994-cü il tarixli qərarını yerinə yetirməyə məcbur etmək üçün ərizəçinin əlində heç bir hüquqi imkan yox idi.
28. 14 avqust 2006-cı ildə Palilula bələdiyyəsi Dairə Məhkəməsinə apellyasiya şikayəti verdi.
29. 29 noyabr 2006-cı ildə Dairə Məhkəməsi şikayət edilən qərarı ləğv etdi və birinci instansiyada işə yenidən baxılması barədə qərar çıxardı. Qərarı əsaslandırarkən o, həmçinin izah etdi ki, ərizəçinin hüquqları həqiqətən pozulub, amma o, faktiki olaraq sözügedən mənzili satmayıb, buna görə də kompensasiya təyin olunması hüququna malik deyil.
30. 6 mart 2007-ci ildə ərizəçi tələbini daha dəqiq ifadə etdi və mənzili üçüncü şəxslərə icarəyə verəcəyi təqdirdə əldə edə biləcəyi bazar dəyəri üçün kompensasiya tələb etdi. Ərizəçi həmçinin təklif etdi ki, Bələdiyyə Məhkəməsi zəruri qiymətləndirməni həyata keçirmək vəzifəsi daşıyan ekspert təyin etsin.
31. 7 iyun 2007-ci ildə Bələdiyyə Məhkəməsi qismən ərizəçinin xeyrinə qərarı çıxardı. O, Palilula bələdiyyəsinə göstəriş verdi ki, tələb olunan maddi ziyana görə ərizəçiyə 3.749.200 RSD və qanunla müəyyən edilən, 26 aprel 2007-ci il üçün qüvvədə olan faiz məbləğini, habelə məhkəmə xərclərinə görə 28.000 RSD ödəsin. Qərarını əsaslandırarkən Bələdiyyə Məhkəməsi cavabdehin mənzildən çıxarılma barədə qəbul etdiyi 17 avqust 1994-cü il tarixli qərarın icrasını təmin etməməsi ilə bağlı əvvəlki qərarlarında ifadə etdiyi rəyləri təkrarladı. Lakin işin materiallarında bu qərarın yekun qərar olub-olmadığı barədə hər hansı dəlil yoxdur.
C. Cinayət prosesi
32. 28 iyun 2002-ci ildə ərizəçi Belqradın birinci bələdiyyə prokurorluğuna (Prvom opštinskom javnom tužilaštvu) cinayətə dair şikayət ərizəsi verdi. O, iddia etdi ki, 1996-cı ildən 2000-ci ilədək Palilula bələdiyyəsinin icra şurası “qorunan rejimli kirayəçilərin başqa mənzillərə köçürülməsi” üçün ayrılaraq onun sərəncamına verilmiş vəsaitləri düzgün idarə etməyib və bu məqsəd üçün ayrılmış mənzilləri düzgün bölüşdürməyib.
33. 7 aprel 2003-cü ildə Daxili İşlər Nazirliyi (Ministarstvo unutrašnjih poslova) birinci bələdiyyə prokurorluğuna (“Prokurorluq”) məlumat verdi ki, 1994-cü ildən 2000-ci ilədək ehtiyacı olan şəxslərə Palilula bələdiyyəsi tərəfindən 275 sosial mənzil “verilib”.
33. 19 may 2003-cü ildə Prokurorluq ərizəçinin cinayətə dair şikayət ərizəsini rədd etdi. Ərizəni rədd edərkən o, həmçinin izahat verdi ki: 1) heç bir cinayət törədilməyib; 2) bələdiyyənin sərəncamında ərizəçinin mənzili ilə müqayisə oluna bilən yalnız iki sosial mənzil olub, lakin onlar daha çox ehtiyacı olan şəxslərə verilib; və 3) istənilən halda, mənzildən çıxarılma barədə formal qərarın qəbul edilib-edilməməsindən asılı olmayaraq, Palilula bələdiyyəsi qorunan rejimli bütün kirayəçilərə adekvat alternativ mənzilin verilməsini təmin etmək üçün tələb olunan vəsaitə malik olmayıb.
D. İşə aidiyyəti olan digər faktlar
35. 2 dekabr 2003-cü ildə açıq-aydın eyni məsələyə aid olan sonrakı məhkəmə istintaqı (istraga) çərçivəsində Palilula bələdiyyəsi Bələdiyyə Məhkəməsinə məlumat verdi ki, birincisi, o, 1992-ci ildən 2003-cü ilin sentyabrınadək 24.522.352,01 RSD-yə 4.018 bələdiyyə mənzili satıb.
36. İkincisi, bu yolla əldə edilmiş vəsaitlər “Mənzil təminatı haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq istifadə edilib və bələdiyyə yeni sosial binaların tikintisinə yönələn xüsusi proqram qəbul etməyib (aşağıda 39-cu bəndə bax).
37. Üçüncüsü, 14 “qorunan rejimli kirayəçi” barəsində mənzildən çıxarılma haqqında yekun bələdiyyə qərarı artıq qəbul olunub, amma hələ icra edilməyib.
38. Nəhayət, sözügedən dövrdə “qorunan rejimli kirayəçilərin” köçürülməsi üçün “Mənzil təminatı haqqında” Qanunun 42-ci maddəsi ilə tələb olunan “adekvat” mənzillər olmayıb, buna görə də çıxarılmaları (“köçürülmələri”) həyata keçirmək mümkün olmayıb (aşağıda 40-cı bəndə bax).
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA
A. “Mənzil təminatı haqqında” Qanunun (bu mənbələrdə dərc olunub: OG RS Nº 50/92, 76/92, 84/92, 33/93, 53/93, 67/93, 46/94, 47/94, 48/94, 44/95, 49/95, 16/97, 46/98, 26/01 və 101/05)
39. 27-ci maddənin 1-ci və 2-ci bəndlərinə əsasən, dövlət mülkiyyətində olan mənzillərin satışı vasitəsilə əldə edilən vəsaitlər (“sredstva od stanova prodatih putem otkupa”), “əgər [“Mənzil təminatı haqqında” Qanunda] başqa hal nəzərdə tutulmayıbsa”, “yalnız” müxtəlif sosial mənzil ssudalarının verilməsi məqsədi üçün istifadə edilir. Müstəsna hallarda bələdiyyələr bu vəsaitlərin “bir hissəsindən” dövlət ayırmaları qismində “öz inkişafları üçün istifadə edə bilərlər”.
40. 42-ci maddədə digər məsələlərlə yanaşı deyilir ki, 31 dekabr 2000-ci ilədək bələdiyyələr “qorunan rejimli kirayəçi” (“nosioc[ima] stanarskog prava na stanu u svojini građana”) statusuna malik bütün fərdləri, yəni keçmiş kommunist hakimiyyəti tərəfindən mülkiyyətinə bu cür rejim tətbiq edilmiş digər fiziki şəxslərin mənzillərində yaşamaqda davam edən şəxsləri alternativ mənzillə (“obezbed[e] stan za preseljenje”) təmin etməyə borcludurlar (“opštin[e] … [su bile] … dužn[e da]”). Başqa sözlə, mülkiyyətçilər və ya onların hüququ varisləri mülkiyyətlərinə sahiblik edə bilərlər, kirayəçilər isə başqa mənzilə köçürülməlidirlər. Lakin bunun baş verməsi üçün mülkiyyətçi və ya onun hüququ varisi bu barədə ərizə verməli və sözügedən mənzilin “yaşayış sahəsi kimi” 26 dekabr 1958-ci ilədək əldə edildiyini sübut etməlidir. Bundan başqa, alternativ mənzil təminatında “üstünlük hüququ” mənzilə “ehtiyacı olan mülkiyyətçilərə” verilir və qorunan rejimli kirayəçilərə verilən alternativ mənzil “adekvat” olmalıdır. Nəhayət, bələdiyyələr bu məsələyə istər artıq sərəncamlarında olan mənzillərin idarə olunması, istərsə də dövlət mülkiyyətində olan mənzillərin satışından əldə edilən ictimai vəsaitlərin əlavə mənzil təminatı layihələrinə yönəldilməsi baxımından “prioritet” məsələ kimi yanaşmalıdırlar.
41. Yuxarıda qeyd edilən son müddət (31 dekabr 2000-ci il) ilk öncə 31 dekabr 1995-ci il idi, amma sonradan 1995-ci ildə “Mənzil təminatı haqqında” Qanuna edilmiş dəyişikliklər vasitəsilə uzadıldı.
B. “Ümumi inzibati icraat haqqında” Qanun (Zakon o opštem upravnom postupku; Yuqoslaviya Federativ Respublikasının Rəsmi Qəzetində (OG FRY) dərc olunub: Nº 55/96, 33/97 və 31/01)
42. 261-278-ci maddələrdə dövlətin cavabdeh inzibati qurumları tərəfindən qəbul edilmiş yekun qərarların yerinə yetirilməsi ilə bağlı təfsilatlar təsbit olunub.
43. Bundan əlavə, Ali Məhkəmə ardıcıl olaraq bildirib ki, “Ümumi inzibati icraat haqqında” keçmiş Qanunun 274-cü maddəsinin 3-cü bəndinə, eləcə də “Ümumi inzibati icraat haqqında” hazırkı Qanunun 264-cü maddəsinin 3-cü bəndinə əsasən, mənzildən çıxarılma barədə qərarlar, hətta qərarın icrası barədə iddiaçı tərəfindən şəxsən formal ərizə verilməsə belə, bu məsələdə təcili ictimai maraq nəzərə alınmaqla vəzifə borcuna uyğun olaraq həyata keçirilməlidir (misal üçün bax: Vrhovni sud Srbije, Ubr. 6613/95).
C. Mülki Prosessual Qanun (Zakon o parničnom postupku; dərc olunduğu mənbə: OG RS, Nº 125/04)
44. Bu Qanunun müvafiq müddəalarında deyilir:
Maddə 10
“Tərəflər tələb və təklifləri ilə əlaqədar olaraq ağlabatan müddətdə məhkəmə qərarına nail olmaq hüququna malikdirlər.
Prosesi lüzumsuz gecikdirməyə yol vermədən və qənaətcil şəkildə aparmaq məhkəmənin vəzifəsidir”.
D. Müvafiq konstitusiya müddəaları
45. Serbiya Respublikasının Rəsmi Qəzetində (OG SRS, Nº 1/90) dərc olunmuş Serbiya Konstitusiyasının (Ustav Republike Srbije) 25-ci maddəsində deyilir:
“Dövlətin vəzifəli şəxsinin, dövlət orqanının və ya ictimai qurumun qanunsuz və ya hüquqa zidd davranışı nəticəsində hər hansı maddi və ya mənəvi ziyana məruz qalmış hər kəsin həmin ziyana görə kompensasiya almaq hüququ var.
Belə ziyanın əvəzi Serbiya Respublikası və ya [sözügedən] dövlət orqanı tərəfindən ödənilir”.
46. Bu Konstitusiya 8 noyabr 2006-cı ildə ləğv olundu, həmin tarixdə yeni Konstitusiya qüvvəyə mindi (bu mənbədə dərc olunub: OG RS, Nº 98/06).
47. “Yeni” Konstitusiyanın 35-ci maddəsinin 2-ci bəndinin müvafiq hissəsi yuxarıda qeyd edilən əvvəlki Konstitusiyanın 25-ci maddəsinin mətninə uyğundur.
E. “Hakimlər haqqında” Qanun (Zakon o sudijama; dərc olunduğu mənbə: OG RS, Nº 63/01, 42/02, 60/02, 17/03, 25/03, 27/03, 29/04, 61/05 və 101/05)
48. Bu Qanunun müvafiq hissələrində deyilir:
Maddə 40 (a), 1-ci və 2-ci bəndlər
“Serbiya Ali Məhkəməsi Nəzarət Şurasını [“Nadzorni odbor”] (“Şura”) təşkil edir”.
Bu Şura Serbiya Ali Məhkəməsinin plenar sessiyası tərəfindən dörd il müddətinə seçilmiş beş nəfər Ali Məhkəmə hakimindən ibarətdir”.
Maddə 40 (b)
“Şikayətə cavab olaraq və ya vəzifə borcunu yerinə yetirərkən Şura məhkəmə proseslərinə nəzarət etmək və ayrı-ayrı işlərin aparılmasını araşdırmaq səlahiyyətinə malikdir.
Bu proses başa çatdıqdan sonra Şura hakimin vicdansız və ya qeyri-peşəkar davranışı əsasında Ali Hakimlər Şurası qarşısında həmin hakimin vəzifədən kənarlaşdırılması barədə təşəbbüs qaldıra və ya digər intizam tədbirlərinin tətbiqini təklif edə bilər”.
F. Serbiya və Çernoqoriya Məhkəməsi və Serbiya və Çernoqoriya İttifaq Dövlətinin hüquqi varisi
49. Serbiya və Çernoqoriya Məhkəməsinə və Serbiya və Çernoqoriya İttifaq Dövlətinin hüquqi varisinə dair müvafiq müddəalar Matiyaşeviç Serbiyaya qarşı iş üzrə qərarda (ərizə N 23037/04, b. 12, 13 və 16-25, 19 sentyabr 2006) öz əksini tapmışdır.
HÜQUQİ MƏSƏLƏLƏR
I. 1 SAYLI PROTOKOLUN 1-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
50. 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, ərizəçi inzibati proses çərçivəsində qəbul edilmiş mənzildən çıxarılma haqqında yekun qərarın icra olunmamasından şikayət etdi.
51. 1 saylı Protokolun 1-ci maddəsində deyilir:
“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.
A. Şikayətin qəbul edilənliyi
1. Zaman meyarına uyğunluq
52. Hökumət qeyd etdi ki, inzibati icraat 1994-cü ildə başa çatıb, cavabdeh dövlət isə Konvensiyanı yalnız 3 mart 2004-cü ildə ratifikasiya edib. Buna görə də ərizəçinin şikayəti zaman meyarına (ratione temporis) uyğun deyil.
53. Ərizəçi bildirdi ki, mənzildən çıxarılma barədə 17 avqust 1994-cü il tarixli yekun qərar hələ də icra edilməyib, buna görə də şikayət edilən pozuntu açıq-aydın davamedici xarakter daşıyır.
54. Müvafiq daxili qanunvericiliyi və məhkəmə praktikasını, habelə hazırkı işin mübahisə doğurmayan faktlarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, cavabdeh dövlət üzərinə düşən vəzifə ilə əlaqədar olaraq mənzildən çıxarılma barədə sözügedən qərarın icrasını təmin etmək öhdəliyini daşıyırdı və hələ də daşıyır, Məhkəmə həmçinin qeyd edir ki, dövlət 2006-cı ildə faktiki olaraq iki dəfə ayrı-ayrı hallarda bunu etməyə cəhd göstərib (yuxarıda 5-14-cü və 43-cü bəndlərə bax). Buna görə də Hökumətin etirazı rədd edilməlidir.
2. Şəxs meyarına uyğunluq
55. Bundan əlavə, yaxud alternativ variant olaraq, Hökumət qeyd etdi ki, müvafiq olaraq 12 aprel 2006-cı ildə və 7 iyun 2007-ci ildə Bələdiyyə Məhkəməsi sözügedən qərarın icra olunmaması nəticəsində ərizəçinin məruz qaldığı maddi ziyanın əvəzinin ödənilməsi barədə ərizəçinin tələbini qəbul edib. Bununla da ərizəçi Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan mənada “qurban statusunu” itirib.
56. Ərizəçi bu arqumentlərə etiraz etdi.
57. Məhkəmə xatırladır ki, milli hakimiyyət orqanları şikayət edilən Konvensiya pozuntusunu açıq-aydın və ya mahiyyətcə etiraf etməyiblərsə və sonra pozulmuş hüququ bərpa etməyiblərsə, ərizəçinin xeyrinə qəbul edilmiş qərar və ya tədbir prinsipcə onun “qurban” statusunu itirməsi üçün yetərli deyil (misal üçün bax: Amyur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-III, s. 846, b. 36; və Dalban Rumıniyaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 28114/95, b. 44, AİHM 1999-VI).
58. Burada nəzərdən keçirilən icraat, belə görünür ki, hələ də davam edir (yuxarıda 31-ci bəndə bax), ərizəçi məruz qaldığını iddia etdiyi pozuntuların “yekun qərar vasitəsilə etirafına” və ya tələb etdiyi maddi ziyana görə ona kompensasiya ödənilməsinə hələ nail olmalıdır (yuxarıda 27-31-ci bəndlərə bax). Buna görə də Məhkəmə ərizəçinin hələ də qurban statusunu saxladığını hesab edir və bu məsələ ilə bağlı Hökumətin etirazını rədd edir.
3. Daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi
a) Tərəflərin arqumentləri
59. Hökumət bildirdi ki, ərizəçi daxili hüquqi müdafiə vasitələrini tükəndirməyib. Birincisi, o, sözügedən gecikdirmə ilə bağlı Ali Məhkəmənin Nəzarət Şurasına şikayət etməyib (yuxarıda 48-ci bəndə bax). İkincisi, o, Serbiya və Çernoqoriya Məhkəməsində həmin vaxt mövcud olan şikayət prosedurundan istifadə etməyib (yuxarıda 49-cu bəndə bax). Nəhayət, ərizəçi Konstitusiyanın 25-ci maddəsi əsasında ayrıca mülki iddia verməyib (yuxarıda 45-47-ci bəndlərə bax).
60. Ərizəçi iddia etdi ki, Hökumətin istinad etdiyi hüquqi müdafiə vasitələrinin heç birini Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada səmərəli vasitə hesab etmək olmaz.
b) Müvafiq prinsiplər
61. Məhkəmə xatırladır ki, onun oturuşmuş presedent hüququna əsasən, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində yer alan daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi haqqında normanın məqsədi iddia edilən pozuntular barədə şikayət Məhkəməyə təqdim edilənə qədər iştirakçı dövlətlərə həmin pozuntuların qarşısını almaq və ya onları düzəltmək imkanı verməkdən ibarətdir. Lakin yalnız səmərəli olan hüquqi müdafiə vasitələri tükəndirilməlidir. Daxili hüquqi müdafiə vasitəsinin səmərəli olduğuna, müvafiq vaxtda nəzəri və praktiki cəhətdən əlçatan olduğuna Məhkəməni inandırmaq vəzifəsi həmin vasitənin tükəndirilmədiyini iddia edən Hökumətin öhdəsinə düşür (digər qərarlarla yanaşı bax: Vernillo Fransaya qarşı, 20 fevral 1991-ci il tarixli qərar, A seriyaları, c. 198, s. 11-12, b. 27; və Dalia Fransaya qarşı, 19 fevral 1998-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu 1998-I, s. 87-88, b. 38). Hökumət bu sübutetmə vəzifəsinin öhdəsindən gəldikdən sonra Hökumətin bildirdiyi hüquqi müdafiə vasitəsinin əslində tükəndirildiyini, yaxud işin konkret halları baxımından müəyyən səbəbə görə qeyri-adekvat və səmərəsiz olduğunu, yaxud da onu bu tələbi yerinə yetirməkdən azad edən xüsusi halların mövcud olduğunu sübut etmək vəzifəsi ərizəçinin üzərinə düşür (bax: Dankeviç Ukraynaya qarşı, ərizə N 40679/98, b. 107, 29 aprel 2003).
62. Məhkəmə qeyd edir ki, bu qaydanın tətbiqi zamanı kontekstə lazımi diqqət yetirilməlidir. Müvafiq olaraq, o, təsdiq edir ki, 35-ci maddənin 1-ci bəndi müəyyən dərəcədə şəraitə uyğun dəyişkənliklə və həddən artıq formalizmə yol verilmədən tətbiq edilməlidir (bax: Akdivar və başqaları Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu 1996-IV, s. 1211, b. 69).
63. Nəhayət, Məhkəmə bir daha bildirir ki, prosessual ləngimələrlə ilə bağlı hüquqi müdafiə vasitəsinin səmərəliliyini qiymətləndirərkən həlledici sual ondan ibarətdir ki, ərizəçi 6-cı maddə ilə təmin olunan hüquqlarını dolayısı ilə deyil, birbaşa təmin edən sürətli hüquqi müdafiə vasitəsi ilə təmin olunubmu? (müvafiq dəyişikliklərlə bax: Skordino İtaliyaya qarşı (N 1) [Böyük Palatanın qərarı], ərizə N 36813/97, b. 195, AİHM 2006; və Sürmeli Almaniyaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 75529/01, b. 101, 8 iyun 2006). Konkret olaraq, hüquqi müdafiə vasitəsi o halda “səmərəli” olar ki, ya sözügedən icraatı sürətləndirmək üçün, ya da iddiaçını artıq baş vermiş gecikmələrə qarşı adekvat müdafiə vasitəsi ilə təmin etmək üçün istifadə edilə bilsin (müvafiq dəyişikliklərlə bax: Kudla Polşaya qarşı [Böyük Palatanın qərarı], ərizə N 30210/96, b. 157-159, AİHM 2000-XI; və Mifsud Fransaya qarşı (qərardad) [Böyük Palatanın qərarı], ərizə N 57220/00, b. 17, AİHM 2002-VIII; və Sürmeli Almaniyaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar [GC], b. 99).
c) Məhkəmənin qiymətləndirməsi
64. Məhkəmə hesab edir ki, ərizəçinin mübahisəli inzibati icraatın sürətləndirilməsi üçün Ali Məhkəmənin Nəzarət Şurasına şikayət verməsini gözləmək düzgün olmazdı, ona görə ki, “Hakimlə haqqında” Qanunun müvafiq müddəalarında söhbət yalnız məhkəmə prosesindən gedirdi.
65. Bundan başqa, Konstitusiyanın 25-ci maddəsi əsasında ziyana görə ayrıca iddia qaldırılması sadəcə səmərəsiz olacaqdı. Konkret olaraq, hətta ərizəçinin keçmişdəki yubanmalara görə bu yolla kompensasiya əldə etməyə nail ola biləcəyini fərz etsək, Hökumət bu cür prosesin illərlə uzana bilən və bir neçə səviyyəli instansiyadan keçməli olan “adi” mülki icraatdan daha sürətli olacağını, yaxud sözügedən qərarın icrasını sürətləndirəcəyini sübut etməyib (müvafiq dəyişikliklərlə bax: Merit Ukraynaya qarşı, ərizə N 66561/01, b. 59, 30 mart 2004; və Skordino İtaliyaya qarşı (N 1) iş üzrə yuxarıda adı çəkilən qərar, b. 195). Əksinə, ərizəçi 1996-cı ildə bu cür mülki iddia qaldırıb, amma hələ də öz xeyrinə yekun qərar çıxarılmasına nail olmayıb (yuxarıda 15-31-ci bəndlərə bax).
66. Nəhayət, ərizəçinin Serbiya və Çernoqoriya Məhkəməsinə şikayət ərizəsi verməli olduğu barədə Hökumətin arqumentinə gəldikdə, Məhkəmə xatırladır ki, o, artıq bu konkret hüququ müdafiə vasitəsinin 15 iyul 2005-ci ilədək əlçatan olmadığı barədə qərar çıxarıb, həm də bu vasitə Serbiya və Çernoqoriya İttifaq Dövləti bölünənə qədər səmərəsiz olaraq qalıb (bax: Matiyaşeviç Serbiyaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 34-37). Məhkəmə hazırkı işdə həmin qərardan kənara çıxmaq üçün heç bir səbəb görmür və buna görə də bu qənaətə gəlir ki, ərizəçi bu konkret hüquqi müdafiə vasitəsini tükəndirməyə borclu deyildi.
67. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin şikayəti daxili hüququ müdafiə vasitələri tükəndirilmədiyinə görə Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi əsasında qəbul olunmayan elan edilə bilməz və Hökumətin bununla bağlı etirazı rədd edilməlidir.
4. Nəticə
68. Məhkəmə həmçinin hesab edir ki, ərizəçinin şikayəti Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil və onu qəbul olunmayan hesab etmək üçün hər hansı başqa səbəb görmür. Buna görə də şikayət qəbul olunan elan edilməlidir.
B. Şikayətin mahiyyəti
1. Tərəflərin arqumentləri
69. Hökumət xatırlatdı ki, “qorunan kirayə rejimləri” müqayisəli hüquqda məlum olan mürəkkəb məsələdir, eyni zamanda, adətən onların tətbiqi üçün əsasın, yəni sərəncamda olan mənzillərin çatışmamasının tam aradan qaldırılması üçün açıq-aydın “vaxt tələb olunur”.
70. Hökumət bildirdi ki, ərizəçinin mülkiyyət hüquqları məhdudlaşdırılmış və ya nəzarət altına alınmışdı, amma o, sözügedən mənzil üzərində mülkiyyət hüququndan məhrum edilməmişdi, yaxud qanun şəxsən onun üzərinə həddən artıq ağır yük qoymamışdı, belə ki, müvafiq mənzil qanunvericiliyi mülkiyyətçilərin bütöv bir kateqoriyasını əhatə edirdi.
71. Nəhayət, Hökumət cavabdeh dövlətin uzun müddət mövcud olan bu situasiyanın həllini asanlaşdırmaq üçün hər cür səy göstərdiyini qeyd etdi və əlavə etdi ki, daxili məhkəmələr ərizəçinin vəziyyətində olan digər fərdlərə ayrıca mülki proses çərçivəsində maddi ziyana görə kompensasiya təyin etməyə meylli idilər.
72. Ərizəçi qeyd etdi ki, mənzildən çıxarılma barədə qərar 1 dekabr 1994-cü ildə qüvvəyə minib. Lakin on iki ildən artıq vaxt keçsə də o, hələ də yerinə yetirilməyib. Ərizəçi əlavə etdi ki, bununla da sözügedən mənzillə bağlı onun mülkiyyət hüququ sadəcə boş sözdən artıq bir şey deyildi.
2. Müvafiq prinsiplər
73. Məhkəmə bir daha bildirir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətindən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən müdaxilə qanuni olmalıdır: birinci abzasın ikinci cümləsi yalnız “qanunla nəzərdə tutulmuş şərtlərlə” mülkiyyətdən məhrum edilməyə icazə verir, ikinci cümləsi isə “qanunların” yerinə yetirilməsi vasitəsilə dövlətlərin mülkiyyətdən istifadəyə nəzarət etmək hüququnu tanıyır. Bundan başqa, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır (bax: Amyur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-III, s. 850-851, b. 50) və dövlətin ona qarşı qəbul edilmiş bütün məhkəmə qərarlarını və digər qərarları yerinə yetirməkdən öhdəliyini doğurur (müvafiq dəyişikliklərlə bax: Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997 II, s. 511, b. 41). Buradan belə nəticə çıxır ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansın gözlənilib-gözlənilməməsi məsələsi (bax: Sporronq və Lönnrot İsveçə qarşı iş üzrə 23 sentyabr 1982-ci il tarixli qərar, A seriyaları, c. 52, s. 26, b. 69) yalnız sözügedən müdaxilənin qanunilik tələbinə cavab verdiyi və qanunsuz olmadığı müəyyən edildiyi təqdirdə aktual olur (bax: İatridis Yunanıstana qarşı [Böyük Palatanın qərarı], ərizə N 31107/96, b. 58, AİHM 1999-II).
3. Məhkəmənin qiymətləndirməsi
74. Məhkəmə qeyd edir ki, birincisi, mənzildən çıxarılma barədə 17 avqust 1994-cü il tarixli yekun qərar 31 dekabr 1995-ci ilədək öz mənzilinə yenidən öz mənzilinə sahiblik etməsini nəzərdə tuturdu (yuxarıda 10-cu bəndə bax). İkincisi, 1995-ci ildə Serbiya parlamenti “Mənzil təminatı haqqında” Qanuna dəyişikliklər qəbul edərək bu cür sahibliyi 31 dekabr 2000-ci ilədək təxirə salmışdı (yuxarıda 40-cı və 41-ci bəndlərə bax). Üçüncüsü, cavabdeh dövlət 1 saylı Protokolu 3 mart 2004-cü ildə ratifikasiya edib, bu isə o deməkdir ki, qərarın yerinə yetirilməməsi barədə şikayət üç il altı aydır ki, zaman meyarına görə (ratione temporis) Məhkəmənin səlahiyyəti çərçivəsindədir. Dördüncüsü, daxili məhkəmələr özləri qərar çıxarıblar ki, Palilula bələdiyyəsi nəinki sözügedən qərarı yerinə yetirmək öhdəliyini daşıyır, həm də ərizəçinin qorunan rejimli kirayəçisini adekvat alternativ mənzillə təmin etmək üçün onun sərəncamında yetərincə vəsait və ixtiyarında kifayət qədər mənzillər var (yuxarıda 21, 27 və 31-ci bəndlərə bax). Nəhayət, sözügedən məhkəmələr qeyd ediblər ki, bələdiyyəni özünün 17 avqust 1994-cü il tarixli mənzildən çıxarılma barədə qərarını yerinə yetirməyə məcbur etmək üçün ərizəçinin əlində heç bir hüquqi imkan yox idi (yuxarıda 21-ci və 27-ci bəndlərə bax).
75. Beləliklə, Məhkəmə hesab edir ki, ərizəçinin öz əmlakına yenidən sahib olması barədə tələbinin 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mənada “mülkiyyət” təşkil etməsi “kifayət qədər sübuta yetirilib” (müvafiq dəyişikliklərlə bax: Burdov Rusiyaya qarşı, ərizə N 59498/00, b. 40, AİHM 2002-III). Bundan başqa, 31 dekabr 2001-ci ildən, yəni sözügedən müddətin bitdiyi tarixdən bəri cavabdeh dövlət tərəfindən ərizəçinin hüququna müdaxilə açıq-aydın müvafiq daxili qanunvericiliyi pozmuşdu və özlüyündə ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna zidd idi. Nəhayət, Məhkəmə qeyd edir ki, bu nəticə bir tərəfdən cəmiyyətin ümumi maraqlarının tələbləri, digər tərəfdən isə fərdin təməl hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansın gözlənilib-gözlənilmədiyini müəyyənləşdirməyi lüzumsuz edir (bax: İatridisin işi üzrə yuxarıda adı çəkilən qərar [GC], b. 58). Beləliklə, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib.
II. KONVENSİYANIN 6-cı MADDƏSİNİN 1-ci BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
76. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ziyana görə başlanmış mülki prosesin uzun sürməsi, ədalətliliyi və qərəzsizliyi məsələsi ilə bağlı şikayət etdi, habelə inzibati icraat çərçivəsində qəbul edilmiş mənzildən çıxarılma barədə yekun qərarın yerinə yetirilməməsindən yenə də şikayətləndi.
77. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin bu işə aidiyyəti olan hissəsində deyilir:
“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən … qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli … araşdırılması hüququna malikdir”.
A. Ziyanla bağlı başlanmış mülki prosesin uzun sürməsi barəsində
1. Şikayətin qəbul edilənliyi
78. Hökumət və ərizəçi hər ikisi artıq yuxarıda 59-cu və 60-cı bəndlərdə qısaca ümumiləşdirilmiş arqumentlərinə istinad etdilər, bununla bağlı Məhkəmə eyni yuxarıdakılarla eyni nəticələrə gəlir (yuxarıda 65-67-ci bəndlərə bax).
79. Bundan başqa, Məhkəmə hesab edir ki, sözügedən mülki prosesi sürətləndirmək üçün Ali Məhkəmənin Nəzarət Şurasına şikayət ən yaxşı halda sadəcə olaraq tam qiymətləndirmə sərbəstliyinə malik olan yuxarı instansiyaya məqsədəuyğun saydığı təqdirdə hakimiyyət səlahiyyətindən istifadə etməsi üçün çatdırılmış məlumatdan artıq bir şey olmayacaqdı. Bundan əlavə, hətta bu şura ərizəçinin şikayətinin cavabında müvafiq icraata başlasaydı belə, bu icraat yalnız şuranın özü ilə müvafiq hakim (məhkəmə) arasında aparılacaqdı. Ərizəçi bu icraatda tərəf olmayacaqdı və ən yaxşı halda onun nəticəsi barədə məlumatlandırılacaqdı (müvafiq dəyişikliklərlə bax: Horvat Xorvatiyaya qarşı, ərizə N 51585/99, b. 47, AİHM 2001-VIII). Buna görə də bu cür şikayət Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan mənada səmərəli sayıla bilməz.
80. Yekun olaraq Məhkəmə hesab edir ki, ziyana görə başlanmış mülki prosesin uzun sürməsi ilə bağlı ərizəçinin şikayəti Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil və ya hər hansı başqa səbəb görə qəbul olunmayan deyil. Buna görə də o, qəbul olunan elan edilməlidir.
2. Şikayətin mahiyyəti
a) Tərəflərin arqumentləri
81. Hökumət xatırladır ki, cavabdeh dövlət Konvensiyanı 3 mart 2004-cü ildə ratifikasiya edib. Buna görə də barəsində şikayət edilən proses yalnız üç ilə yaxındır ki, zaman meyarına görə (ratione temporis) bu Məhkəmənin səlahiyyəti çərçivəsindədir, bu müddətdə daxili məhkəmələr aktiv olublar və bir neçə qərar qəbul ediblər.
82. Hökumət daha sonra prosesdə qaldırılan məsələnin ərizəçi üçün mühüm olduğunu etiraf etdi, lakin qeyd etdi ki, onun işi xüsusilə mürəkkəb idi, ona görə ki, həssas məsələ olan kirayə məsələlərini özündə ehtiva edirdi.
83. Nəhayət, Hökumət bildirdi ki, ərizəçi Bələdiyyə Məhkəməsinə verdiyi ilkin iddia tələbini daha dəqiq şəkildə yenidən ifadə etməyə cəhd göstərməklə şəxsən sözügedən prosesin uzun sürməsinə şərait yaradıb.
84. Ərizəçi bildirdi ki, mülki proses 1996-cı ildə başlayıb.
b) Müvafiq prinsiplər
85. Məhkəmə bir daha bildirir ki, prosesin müddətinin ağlabatan olub-olmaması işin hallarının işığında qiymətləndirilməli və Məhkəmənin presedent hüququnda təsbit olunmuş meyarlar, yəni konkret olaraq işin mürəkkəbliyi, ərizəçinin və müvafiq hakimiyyət orqanlarının davranışı, habelə işdə həll olunan məsələnin ərizəçi üçün mühümlüyü nəzərə alınmalıdır (digər qərarlar arasında bax: Mikuliç Xorvatiyaya qarşı, ərizə N 53176/99, AİHM 2002-I).
86. İş yükünün xroniki çoxluğu prosesin həddən artıq gecikdirilməsinin etibarlı izahı deyil və ayrıca bir işə təxirə salındıqdan sonra dəfələrlə yenidən baxılması özlüyündə cavabdeh dövlətin məhkəmə sistemində ciddi nöqsanların olduğunu aşkara çıxarır (müvafiq olaraq, bax: Probstmayer Almaniyaya qarşı, 1 iyul 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu 1997-IV, s. 1138, b. 64; və Pavlyulinets Ukraynaya qarşı, ərizə N 70767/01, b. 51, 6 sentyabr 2005).
87. İstənilən halda, bu, iştirakçı dövlətlərin üzərinə düşən vəzifədir ki, məhkəmələrini hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən “ağlabatan müddətdə” işinin araşdırılması hüququnu təmin edə biləcək şəkildə təşkil etsinlər (digər qərarlar arasında bax: G.H. Avstriyaya qarşı, ərizə N 31266/96, b. 20, 3 oktyabr 2000).
c) Nəzərə alınmalı olan müddət
88. Məhkəmə qeyd edir ki, etiraz edilən icraat 1996-cı ildə başlayıb və xatırladır ki, cavabdeh dövlət Konvensiyanı 3 mart 2004-cü ildə ratifikasiya edib. Buradan belə nəticə çıxır ki, sözügedən mülki proses üç il altı aydır ki, zaman meyarına görə (ratione temporis) Məhkəmənin səlahiyyəti çərçivəsindədir.
89. Məhkəmə qeyd edir ki, barəsində şikayət edilən yubatmanın ağlabatan olub-olmadığının müəyyən etmək üçün ratifikasiya tarixində işin hansı vəziyyətdə olması da nəzərə alınmalıdır (müvafiq dəyişikliklərlə bax: Stiranovski Polşaya qarşı, 30 oktyabr 1998-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu 1998-VIII) və həmçinin qeyd edir ki, 3 mart 2004-cü ildə sözügedən proses artıq səkkiz ilə yaxın idi ki, davam edirdi.
d) Məhkəmənin qiymətləndirməsi
90. Məhkəmə qeyd edir ki, cavabdeh dövlət Konvensiyanı ratifikasiya etdikdən sonra Bələdiyyə Məhkəməsi və Dairə Məhkəməsi ərizəçinin iddia tələbinin mahiyyəti üzrə cəmi üç qərar çıxarıblar.
91. Lakin zaman meyarına görə Məhkəmənin səlahiyyəti çərçivəsində olan ən azı bir mühüm dövr olub ki, bu dövrdə məhkəmələr fəaliyyətsiz olublar, həmin dövr 3 mart 2004-cü ildən 17 dekabr 2004-cü ilədək davam edib (yuxarıda 21-ci və 22-ci bəndlərə bax). Üstəlik, tərəflərin təqdim etdiyi məlumatlara əsasən, sözügedən proses hələ yekunlaşmayıb (yuxarıda 31-ci bəndə bax).
92. Nəhayət, Serbiya məhkəmələrinin ərizəçinin ilkin ərizəsini daha dəqiq ifadə etmək cəhdini rədd etmələrinə, demək olar ki, doqquz ay vaxt sərf olunub (yuxarıda 23-26-cı bəndlərə bax), halbuki Dairə Məhkəməsinin 29 noyabr 2006-cı il tarixli qərarından sonra ərizəçinin 1996-cı ildə ilkin ərizəsində göstərdiyi tələbi daha dəqiq ifadə etməkdən savayı praktiki olaraq başqa seçimi yox idi (yuxarıda 29, 30 və 15-ci bəndlərə bax).
93. Öz məhkəmə praktikasında bərqərar olmuş meyarları və hazırkı işin müvafiq faktlarını, o cümlədən işin mürəkkəbliyini və ratifikasiya tarixindəki statusunu, habelə mülki işdəki tərəflərin və hakimiyyət orqanlarının davranışını nəzərə alaraq, Məhkəmə hesab edir ki, barəsində şikayət edilən proses ağlabatan müddət haqqında tələbə cavab verməyib. Buna görə də 6-cı maddənin 1-ci bəndinin pozuntusu baş verib.
B. Ziyanla bağlı mülki prosesin ədalətliliyi və qərəzsizliyi barəsində
94. Sözügedən prosesin açıq-aydın davam etdiyini nəzərə alaraq, Məhkəmə hesab edir ki, ərizəçinin bu şikayətləri özlüyündə vaxtından əvvəl verilib və buna görə də Konvensiyanın 35-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə uyğun olaraq daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi səbəbindən qəbul edilməməlidir.
C. Mənzildən çıxarılma barədə yekun qərarın yerinə yetirilməməsi barəsində
95. 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı qərarını nəzərə alaraq (yuxarıda 64-68, 74 və 75-ci bəndlərə bax), Məhkəmə bu şikayəti qəbul olunan hesab edir, lakin eyni məsələni Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə də araşdırmağı zəruri saymır.
III. KONVENSİYANIN 13-cü MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
96. Nəhayət, ərizəçi bildirdi ki, məruz qaldığı pozuntularla bağlı cinayət-hüquqi müdafiə vasitələrinə malik olmayıb və ziyanla bağlı mülki prosesi sürətləndirmək və ya yekun qərarın yerinə yetirilməməsini tezləşdirmək üçün ixtiyarında səmərəli daxili hüquqi müdafiə vasitəsi olmayıb.
97. Konvensiyanın 13-cü maddəsində deyilir:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”.
A. Ziyanla bağlı mülki proses barəsində
1. Şikayətin qəbul edilənliyi
98. Məhkəmə qeyd edir ki, ərizəçinin şikayətləri Konvensiya üzrə faktiki və hüquqi məsələləri qaldırır, onların həlli isə işə mahiyyəti üzrə baxılmasını tələb edir. O, həmçinin hesab edir ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil və hər hansı digər əsaslara görə də qəbul olunmayan elan edilə bilməz. Buna görə də şikayətlər qəbul olunan elan edilməlidir.
2. Şikayətin mahiyyəti
a) Tərəflərin arqumentləri
99. Hökumət iddia etdi ki, 13-cü maddənin pozuntusu baş verməyib. O, həmçinin qeyd etdi ki, Bələdiyyə Məhkəməsi bir neçə dəfə ərizəçinin xeyrinə qərar çıxarıb. Nəhayət, o, yuxarıda 59-cu bənddə təsvir edilmiş arqumentlərini təkrar etdi.
100. Ərizəçi şikayətini bir daha təsdiq etdi və qeyd etdi ki, istinad edilən daxili hüquqi müdafiə vasitələri 13-cü maddədə nəzərdə tutulan mənada səmərəli sayıla bilməzdi.
b) Müvafiq prinsiplər
101. Məhkəmə qeyd edir ki, 13-cü maddə Konvensiya ilə təmin olunan hüquq və azadlıqların iddia edilən pozuntusuna görə dövlət hakimiyyəti orqanı qarşısında səmərəli hüquqi müdafiə vasitəsini, o cümlədən 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş işə ağlabatan müddətdə baxılması hüququ təmin edir (digər qərarlarla yanaşı bax: Kudla Polşaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 156).
102. O, daha sonra xatırladır ki, prosesin uzun sürməsi ilə bağlı hüquqi müdafiə vasitəsi o halda “səmərəli” olar ki, ya işə baxan məhkəmə qarşısındakı prosesi sürətləndirmək üçün istifadə edilə bilsin, ya da artıq baş vermiş yubanmalara görə iddiaçını adekvat kompensasiya ilə təmin edə bilsin (bax: Sürmeli Almaniyaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar [GC], b. 99).
103. Nəhayət, Məhkəmə vurğulayır ki, sözün əsil mənasında ən yaxşı həll yolu, bir çox sahələrdə olduğu kimi, qabaqlayıcı tədbirdir. Məhkəmə sistemi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ağlabatan müddət haqqındakı tələbi baxımından qüsurludursa, prosesin həddən artıq uzanmaması üçün onu sürətləndirmək məqsədi daşıyan hüquqi müdafiə vasitəsi ən yaxşı həll yoludur. Belə hüquqi müdafiə vasitəsi yalnız kompensasiyanı təmin edən vasitəyə nisbətən danılmaz üstünlüyə malikdir, çünki o, həm də eyni proses çərçivəsində ardıcıl pozuntuların baş verməsinin qarşısını alır və sadəcə sonradan pozuntunun düzəldilməsi ilə məhdudlaşmır. Bəzi dövlətlər vəziyyəti tam dərk edərək bu iki hüquqi müdafiə vasitəsi növünü birləşdirmək variantını seçirlər (bax: Sürmeli Almaniyaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar [GC], b. 100).
c) Məhkəmənin qiymətləndirməsi
104. Məhkəmə qeyd edir ki, Hökumət artıq öz ilkin etirazında bildirib ki, prosesin uzun sürməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayəti üçün ərizəçinin ixtiyarında hüquqi müdafiə vasitələri vardı və Məhkəmə hesab edir ki, 13-cü maddə üzrə şikayətə cavabında Hökumət yenə eyni əsaslandırmaya istinad etdiyinə görə onun ilkin etirazı kimi bu arqumentləri də yuxarıda 78-ci və 79-cu bəndlərdə qeyd edilmiş əsaslara görə rədd edilməlidir.
105. Buna görə də Məhkəmə hesab edir ki, mülki işinin uzanması ilə bağlı ərizəçinin şikayəti ilə əlaqədar olaraq daxili hüquq sistemində səmərəli hüquqi müdafiə vasitəsi olmadığına görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə birlikdə götürülməklə 13-cü maddənin pozuntusu baş verib.
B. Mənzildən çıxarılma haqqında qərar barəsində
106. Məhkəmə artıq bu şikayətə 1 saylı Protokolun 1-ci maddəsi əsasında baxıb (yuxarıda 74-cü və 75-ci bəndlərə bax) və bu maddə üzrə gəldiyi nəticəni nəzərə alaraq, eyni məsələni Konvensiyanın 13-cü maddəsi üzrə də ayrıca nəzərdən keçirməyi zəruri saymır (müvafiq dəyişikliklərlə bax: Kirilova və başqaları Bolqarıstana qarşı, ərizələr N 42908/98, 44038/98, 44816/98 və 7319/02, b. 125-127, 9 iyun 2005).
C. Cinayət-hüquqi müdafiə vasitəsi barəsində
107. Məhkəmə qeyd edir ki, nə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə birlikdə götürülməklə 13-cü maddə, nə də 1 saylı Protokolun 1-ci maddəsi üçüncü şəxsə qarşı cinayət prosesinə başlamaq hüququnu nəzərdə tutmur (müvafiq dəyişikliklərlə bax: Rekasi Macarıstana qarşı (qərardad), ərizə N 31506/96, 25 noyabr 1996). Buradan belə nəticə çıxır ki, məruz qaldığı pozuntulara görə dövlət hakimiyyəti orqanlarının onu adekvat cinayət-hüquqi müdafiə vasitəsi ilə təmin etməmələri barədə ərizəçinin şikayəti Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada qəbul edilmə meyarına görə (ratione materiae) Konvensiyanın müddəalarına ziddir və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
IV. KONVENSİYANIN 41-ci VƏ 46-cı MADDƏLƏRİNİN TƏTBİQİ
108. Konvensiyanın bu maddələrinin müddəalarında, müvafiq olaraq, deyilir:
Maddə 41
“Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
Maddə 46
“1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə yekun qərarına riayət etməyi öhdələrinə götürülür.
2. Məhkəmənin yekun qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir”.
A. Ziyan
109. Ərizəçi məruz qaldığı maddi ziyana görə 5.318.300 RSD (təxminən 65.650 avro) (yuxarıda 27-ci bəndə bax), üstəgəl mənəvi ziyana görə 4.000.000 RSD (təxminən 49.380 avro) tələb etdi (qanunla nəzərdə tutulmuş faiz məbləği ilə birlikdə).
110. Hökumət bu tələblərə etiraz etdi. Konkret olaraq, o, birinci tələblə bağlı bildirdi ki, Bələdiyyə Məhkəməsi artıq ərizəçinin xeyrinə qərar çıxarıb, ikinci tələbə gəldikdə, o, tələb olunan məbləği həddən artıq yüksək hesab etdi və iddia etdi ki, təyin olunan maliyyə kompensasiyası Məhkəmənin analoji məsələlərlə bağlı presedentlərinə uyğun olmalı və cavabdeh dövlətin iqtisadi durumu nəzərə alınmalıdır.
111. Məhkəmə ərizəçinin Konvensiyanın 6-cı və 13-cü maddələri ilə, habelə 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunan hüquqlarının pozulması nəticəsində iztiraba məruz qaldığına şübhə etmək üçün heç bir səbəb görmür və təkcə bu maddələrin pozuntusunun müəyyən edilməsi faktının özü heç də yetərli kompensasiya təşkil etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və 41-ci maddənin tələb etdiyi kimi ədalət prinsipi ədasında qərar çıxararaq, Məhkəmə bu bənd üzrə ərizəçiyə 3.700 avro təyin edir.
112. Məhkəmə daha sonra qeyd edir ki, Konvensiyanın 46-cı maddəsinə əsasən, Razılığa gələn Yüksək Tərəflər Məhkəmənin onların tərəf olduqları işlər üzrə yekun qərarına riayət etməyi öhdələrinə götürülür, onun icrasına nəzarət isə Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Buradan həmçinin belə nəticə çıxır ki, Məhkəmənin pozuntu müəyyən edən qərarı cavabdeh dövlətin üzərinə belə bir hüquqi öhdəlik qoyur ki, nəinki əvəzin ədalətli ödənilməsi üçün təyin olunmuş məbləğləri müvafiq şəxslərə ödəməlidirlər, həm də Nəzarət Komitəsinin nəzarət etməsi şərti ilə, müəyyən edilmiş pozuntuya son qoymaq və mümkün olan hallarda onun nəticələrini kompensasiya etmək üçün məqsədəuyğun sayıldıqda öz daxili hüquq sistemlərində ümumi və (və ya) fərdi tədbirlər qəbul etsinlər (bax: Skotsari və Ciunta İtaliyaya qarşı [Böyük Palatanın qərarı], ərizələr N 39221/98 və 41963/98, b. 249, AİHM 2000-VIII). Buna görə də Məhkəmə hesab edir ki, tələb olunan maddi ziyana görə daxili məhkəmənin yekun qərarının hələ də olmaması faktını nəzərə alaraq, Hökumət mənzildən çıxarılma haqqında 17 avqust 1994-cü il tarixli yekun qərarın icrasının sürətləndirilməsini müvafiq vasitələrin köməyi ilə təmin etməklə ərizəçinin tələbini yerinə yetirməlidir (müvafiq dəyişikliklərlə bax: Mujeviç Xorvatiyaya qarşı, ərizə N 39299/02, b. 91, 16 noyabr 2006; həmçinin yuxarıda 10-cu və 11-ci bəndlərə bax).
B. Məhkəmə xərcləri və digər məsrəflər
113. Ərizəçi həmçinin daxili məhkəmələrdə çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 28.300 RSD (təxminən 350 avro), üstəgəl bu Məhkəmədə çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 50.000 RSD (təxminən 620 avro) tələb etdi.
114. Hökumət bu tələblərə etiraz etdi və əlavə etdi ki, ərizəçi bu tələbləri təsdiq edən sübut təqdim etməyib.
115. İşin materiallarındakı informasiyaları nəzərə alaraq, Məhkəmə qeyd edir ki, ərizəçi həqiqətən məhkəmə xərclərinə və digər məsrəflərə görə tələblərini təfsilatlı şəkildə tərkib hissələrinə bölməyib və ya onları təsdiq edən hər hansı sübut təqdim etməyib. Buna görə də o, Hökumətlə razılaşmamaq üçün heç bir səbəb görmür və bu məsələ illə bağlı ərizəçiyə heç bir məbləğ təyin etmir.
C. İcranın gecikdirilməsinə görə faiz
116. Məhkəmədə olan məlumata görə bu qərar çıxarılan tarixdə Birləşmiş Krallıqda tətbiq edilən, qanunla müəyyən olunmuş faiz dərəcəsi illik 7,5% təşkil edir.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Qərara alır ki, 1 saylı Protokolun 1-ci maddəsi və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə şikayətləri (ziyanla bağlı mülki prosesin uzun sürməsi və mənzildən çıxarılma barədə yekun qərarın yerinə yetirilməməsi), habelə bu şikayətlərlə əlaqədar olan şikayəti, yəni Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə və 1 saylı Protokolun 1-ci maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 13-cü maddəsi üzrə şikayəti qəbul olunan, qalan şikayətləri isə qəbul olunmayan elan edir;
2. Qərara alır ki, 1 saylı Protokolun 1-ci maddəsi pozulub;
3. Qərara alır ki, ziyanla bağlı mülki prosesin uzun sürməsi məsələsində Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulub;
4. Qərara alır ki, prosessual yubanmalara qarşı səmərəli daxili hüquqi müdafiə vasitələrinin olmaması ilə əlaqədar olaraq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə birlikdə götürülməklə Konvensiyanın 13-cü maddəsi pozulub;
5. Qərara alır ki, mənzildən çıxarılma haqqında yekun qərarın yerinə yetirilməməsi ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayəti, habelə onunla əlaqədar olan şikayəti, yəni 1 saylı Protokolun 1-ci maddəsi ilə birlikdə götürülməklə Konvensiyanın 13-cü maddəsi üzrə şikayəti ayrıca araşdırmağa ehtiyac yoxdur;
6. Qərara alır ki:
a) bu qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti qərara çevrildiyi tarixdən sonra üç ay müddətində cavabdeh dövlət Palilula bələdiyyəsinin mənzil şöbəsi tərəfindən qəbul edilmiş 17 avqust 1994-cü il tarixli qərarın yerinə yetirilməsini müvafiq vasitələrin köməyi ilə təmin etməlidir;
b) cavabdeh dövlət yuxarıda qeyd edilən üç ay müddətində ərizəçiyə maddi ziyana görə 3.700 (üç min yeddi yüz) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini ödəməlidir və həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin milli valyutasına çevrilməlidir;
c) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;;
7. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçinin qalan tələblərini rədd edir.
Qərar ingilis dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 9 oktyabr 2007-ci ildə qərar barədə yazılı məlumat verilmişdir.
F. Tulkens (F. TULKENS)
Sədr
F. Elens-Passos Dolle (F. ELENS-PASSOS)
Katib müavini