№9510/21 TANİA KRİSTİNE KINQ və BAŞQALARI AZƏRBAYCANA QARŞI – 4 NOYABR 2021-Cİ İL

 

BEŞİNCİ BÖLMƏ

 

 

Tania Kristine KINQ və Başqaları Azərbacyana qarşı
Ərizə no. 9510/21

 

QƏRAR

STRASBURQ

4 NOYABR 2021

 

Avropa İnsan Haqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası 4 noyabr 2021-ci il tarixdə aşağıdakı heytdə toplaşıb:

Ganna Yudkivska, President,
Stéphanie Mourou-Vikström,
Lado Chanturia, hakimlər,
və Martina Keller, İclas Katibi,

9 fevral 2021-ci il tarixdə təqdim edilmiş yuxarıda göstərilən ərizəni nəzərə alaraq,

Aşağıda göstərilən qərarı qəbul etdi:

FAKTLAR

1. Ərizəçilərin siyahısı əlavə edilmiş cədvəldə verilib. Ərizəçiləri Məhkəmə qarşısında Strasburqda fəaliyyət göstərən vəkil xanım V. Bokareva təmsil edib.

2. Ərizəçilərin təqdim etdiklərinə əsaslanaraq, işin faktiki halları aşağıdakı kimi ümumiləşdirilə bilər.

3. Ərizəçilər 1999-2017-ci illərdə müxtəlif vaxtlarda Azərbaycandakı Azıx mağarasında (ərizəçilər tərəfindən “Azokh” adlandırılıb) olmuş, orda tədqiqat və qazıntı işləri aparmış arxeoloqlar idi. Onlar, eləcə də ərizəçilərin yazdıqları kitabın naşiri həmin müddət ərzində bir neçə dəfə bəzi rəsmi qurumlardan, Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərindən ərizəçilərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərinin qeyri-qanuni olması qənaəti ifadə edilən şikayət məzmunlu məktublar alıblar. Ərizəçilərin apardığı tədqiqatların nəticələrini əks etdirən kitab hələ 2016-cı ildə nəşr edilmişdi.

4. 2017-ci ilin fevral ayında Azərbaycanın rəsmi hakimiyyət qurumları birinci və üçüncü ərizəçilərə cinayət işi açıb, onların həbsi və saxlanması barədə müvafiq qərarlar qəbul edilib.

5. 1 mart 2017-ci il tarixində İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu 2002-ci və 2016-cı illərdə Azıx mağarasında (ərizəçilər tərəfindən “Azokh” adlandırılıb) arxeoloji qazıntılar aparmalarına görə birinci və üçüncü ərizəçiləri, habelə bir başqa şəxsi Cinayət Məcəlləsinin 116.0.8-3-cü (münaqişə zamanı beynəlxalq humanitar hüququn pozulması), 165.2.2-ci (müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması), 183.2.1 və 183.2.2-ci (xüsusi əhəmiyyətli malların talanması), 281.2 (dövlət əleyhinə yönələn açıq müraciətlər) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri üzrə irəli sürülən ittihamlarla bağlı İnterpol xətti ilə beynəlxalq axtarışa verib. İkinci ərizəçi ilə bağlı heç bir bildiriş verilməyib.

6. İnterpolun Baş Katibliyi 1 mart 2017-ci il tarixdə axtarış haqda bildirişin İnterpolun Konstitusiyasının 3-cü maddəsinə zidd olması və həbsin beynəlxalq bildiriş çərçivəsində həyata keçirilməsinin mümkünsüz olması səbəbi ilə onun qüvvədə olmasını dayandırıb. 2017-ci ildə ərizəçilərin adları işğal olunmuş ərazilərə qanunsuz səfər etmələri əsası ilə Azərbaycan Xarici İşlər Nazirliyinin persona non-qrata siyahısına daxil edilib.

7. 29 avqust 2017-ci il tarixdə ərizəçilər Məhkəməyə ərizə təqdim ediblər (Kinq və başqaları Azərbaycana qarşı, №63764/17), bu ərizə 12 oktyabr 2017-ci il tarixdə Məhkəmə tərəfindən qəbuledilməz elan olunub.

8. Ərizəçilərin bildirdiyinə görə, onlar Məhkəmənin qəbuledilməzliklə bağlı qərarından sonra daxili müdafiə vasitələrini tükəndirmək yolunda tədbirlərin görülməsi üçün Azərbaycanda onların maraqlarını təmsil etməsi üçün müstəqil vəkilə çatım əldə etməyə çalışıblar, lakin buna nail ola bilməyiblər. Ancaq Məhkəməyə, ərizəçilərin hüquqi təmsilçi tapmaları üşün konkret cəhdlər göstərdiklərini təsdiq edən hər hansı material təqdim edilməyib.

9. Məhkəmənin qəbuledilməzlik qərarından sonra ərizəçilər və onların nümayəndələri Azərbaycan Respublikasının Baş Prokurorluğuna müxtəlif məktublar göndərərək, bəzi məlumatların ona təqdim edilməsini istəyiblər:

Ərizəçilərin nümayəndəsi 13 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı məktubla birinci ərizəçiyə qarşı irəli sürülən cinayət ittihamları ilə bağlı ətraflı məlumat verilməsini xahiş edib. Baş prokuror 10 oktyabr 2018-ci il tarixdə həmin məktuba cavabında bildirib ki, Cinayət-Prosessual Məcəlləsinin 92-ci maddəsinə əsasən, yalnız Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan vəkillərin müvəkkillərini təmsil etmək və Azərbaycan məhkəmələrindəki proseslərdə iştirak etmək hüquqları var. Cavabda həmçinin qeyd olunub ki, birinci ərizəçi Azərbaycan Cinayət Məcəlləsinin 116.0.8-3, 165.2.2, 183.2.1, 183.2.2, 281.2 və 318.2-ci maddələri ilə ittiham olunur.

Birinci və ikinci ərizəçi 20 mart 2019-cu il tarixində Baş prokurora məktubla müraciət edərək, barələrində açılmış cinayət işləri ilə bağlı ətraflı məlumat verilməsini xahiş ediblər. Baş prokuror 23 may 2019-cu il tarixində onlara cavab verib və qeyd edib ki, birinci ərizəçiyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Bundan əlavə, birinci ərizəçinin axtarışda olduğu da bildirilib. İkinci ərizəçiyə qarşı ittihamlar barədə isə məlumat verilməyib.

Birinci və ikinci ərizəçi 10 mart 2020-ci il tarixli məktubları ilə ikinci ərizəçiyə qarşı hər hansı cinayət ittihamı haqqında və birinci ərizəçiyə qarşı irəli sürülən cinayət ittihamları ilə bağlı bütün sənədlər haqqında məlumat təqdim edilməsini istəyiblər. Birinci və ikinci ərizəçinin 25 may 2021-ci il tarixdə aldıqları, 24 dekabr 2020-ci il tarixli məktubda Baş Prokuror həm birinci, həm də ikinci ərizəçilərə münasibətdə yuxarıdakı 10 oktyabr 2018-ci il tarixli məktubda qeyd olunan müddəalar üzrə cinayət işi açıldığını, faktla bağlı ibtidai araşdırma aparıldığını bildirib.

Bu arada, 3 iyul 2020-ci il tarixində ərizəçilər məzmunca Baş Prokurora 10 mart 2020-ci il tarixdə göndərilmiş sorğuya bənzər başqa bir məktub da göndəriblər.

Birinci ərizəçi bunlardan əlavə, 26 aprel 2021-ci il tarixdə Baş Prokurora araşdırlan cinayət işi haqqında məlumatların istənildiyi, ona qarşı irəli sürülən ittihamlarla bağlı başqa suallar qoyulmuş daha bir məktub göndərib.

ŞİKAYƏTLƏR

10. Ərizəçilər Konvensiyanın 8 və 13-cü maddələrinə və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsaslanaraq, onların adlarının persona non qrata edilmiş şəxslərin siyahısına daxil edilməsindən, onlara qarşı açılmış cinayət işlərindən və daxili müdafiə vasitələrinin olmamasından şikayət ediblər.

QANUNVERİCİLİK

11. Ərizəçilər Konvensiyanın mətni aşağıda göstərilən 8-ci maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğunu iddia ediblər:

“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.”

Bundan əlavə, onlar iddia ediblər ki, Konvensiyanın mətni aşağıda göstərilən 4 saylı Protokolunun 2-ci maddəsi ilə onlara verilmiş hüquqları müdaxiləyə məruz qalıb:

“1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
4. Birinci bənddə təsdiq edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər.”

Ərizəçilər qeyd edilənlərdən başqa Konvensiyanın 13-cü maddəsinin aşağıdakı müddəalarının pozulduğunu da iddia ediblər:

“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”

12. Ərizəçilər iddia edirdilər ki, Azərbaycan hökuməti onların adlarını “qara siyahı”ya salmaqla, onlara qarşı uydurma cinayət işi başlatmaqla və İnterpol xətti ilə barələrində həbs qərarı çıxarmaqla onların şəxsi həyata hörmət hüquqlarını pozub. Onlar həmçinin iddia edirdilər ki, bununla da onlara effektiv şəkildə səyahət qadağası tətbiq edilib və ərizəçilərin buna qarşı hər hansı hüquqi müdafiə vasitəsi mövcud olmayıb. Ərizəçilərin iddialarına əsasən, onlara qarşı irəli sürülən ittihamlar və onlarla bağlı tətbiq edilən digər tədbirlər, qorxu, stress və səyahət məhdudiyyətləri kimi şəxsi və peşə həyatına əhəmiyyətli dərəcədə təsir edən nəticələr meydana gətirib.

13. Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə əsasən, o, məsələyə yalnız “bütün dövlətdaxili hüquqi müdafiə vasitələri tükəndikdən sonra” baxa bilər. Qəbul edilənlik tələbi ilə bağlı ümumi prinsiplər, həmçinin, Vučković və Digərləri Serbiyaya qarşı işində müəyyən edilib ((ilkin etiraz) [GC], №17153/11 və digər 29, §§69-77, 25 mart 2014-cü il). Hazırkı işin təhlilinin məqsədi üçün Məhkəmə vurğulayır ki, 35-ci maddənin 1-ci bəndi sonradan Strasburqa təqdim edilməsi nəzərdə tutulan şikayətlərin ilk növbədə, ən azından mahiyyət etibarı ilə, formal və müddətlə bağlı tələblər gözlənilməklə müvafiq dövlətdaxili orqanlara təqdim edilməsini, bundan əlavə, Konvensiyanın pozulmasının qarşısını ala biləcək hər hansı prosessual vasitə varsa, onların da istifadəsini tələb edir. Ərizəçi bu tələbləri yerinə yetirmədikdə, onun ərizəsi dövlətdaxili müdafiə vasitələrini tükəndirmədiyinə görə, prinsipcə qəbuledilməz elan edilməlidir (eyni yerdə, §72).

14. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçilər yerli hakimiyyət orqanlarından onlara qarşı irəli sürülən cinayət ittihamları üzrə davam edən istintaq haqqında məlumat istədikləri halda, Konvensiyanın pozuntuları ilə bağlı şikayətlərini vəkillərin köməyi ilə və ya belə kömək olmadan yerli hakimiyyət orqanlarının diqqətinə çatdırmağa cəhd etmələri ilə bağlı heç bir sənəd təqdim etməyiblər. Ərizəçilərin adından dövlətdaxili məhkəmələr qarşısında çıxış edə biləcək vəkillər tapmağın mümkün olmaması ilə bağlı iddiaya gəldikdə, Məhkəmə qeyd edir ki, ərizəçilər belə nümayəndələrin tapılması üçün konkret cəhdlər göstərmələri bağlı heç bir sənəd təqdim etməyiblər (bax yuxarıda §8). Artıq yuxarıdakı qeydlərdən belə nəticəyə gəlmək mümkündür ki, ərizə 35-ci maddənin 1-ci bəndinin tələblərinə müvafiq olaraq, bütün daxili hüquqi müdafiə vasitələrinin tükəndirildiyini göstərə bilmədiyi üçün qəbuledilməzdir və hər bir halda 35-ci maddənin 1 və 4-cü bəndlərinə uyğun olaraq, rədd edilməlidir.

Qeyd edilən səbəblərə əsasən Məhkəmə, yekdilliklə,

Elan edir ki, ərizə qəbuledilməzdir.

Qərar ingilis dilində hazırlanıb və 25 noyabr 2021-ci il tarixdə açıqlanıb.

Martina Keller, İclas Katibi

Ganna Yudkivska, President

 

ƏLAVƏ

No. Ərizəçinin adı Doğum ili Milliyəti İqamət yeri
1. Tania Christine KING 1970 Britaniyalı Dorset, UK
2. Peter John ANDREWS 1940 Britaniyalı LONDON
3. Yolanda FERNANDEZ-JALVO 1961 İspan MADRID