Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 28-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərarını elan edəcək.
Bəhruz Həsənov Azərbaycana qarşı
Bu işdə ərizəçi Azərbaycan Xalq Cəbhəsi Partiyası (“AXCP”) sədrinin mühafizəçisi olub. 2012-ci ildə ərizəçi evə gedərkən küçədə tanımadığı bir şəxs yaxınlaşıb, onu ailəsini təhqir etməkdə ittiham edib. Söhbət zamanı yaxınlıqdakı binalardan birinin girişində toplaşmış mülki geyimli polis əməkdaşı onlara yaxınlaşıblar. Hər iki şəxs Suraxanı Rayon Polis İdarəsinə aparılıb.
Ərizəçi polis bölməsində vəkilin iştirakı olmadan dindirilib. Polis nəzarətində olarkən öz seçdiyi vəkillə təmin olunmasını istəyib, amma istəyi təmin olunmayıb. İdarədə inzibati xəta haqqında protokol tərtib edilib, ərizəçi İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsini (polis əməkdaşının qanuni əmrinə tabe olmama) pozmaqda günahlandırlıb.
Suraxanı Rayon Məhkəməsinə aparılan ərizəçi, günahkar bilinib və 10 sutkalıq inzibati həbsə məhkum olunub. Məhkəmə prosesi açıq keçirilsə də ictimaiyyət nümayəndələri, ərizəçinin yaxınları, AXCP-dən olan həmkarları iclasa buraxılmayıb.
Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən şikayət edir ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb, heç bir faktiki əsasa söykənməyib.
Ərizəçi həmçinin, iddia edir ki, ona münasibətdə Konvensiyanın 6.1, 6.3-cü (b və c) maddələri də pozulub.
Ərizəçini AİHM qarşısında vəkillər R.Mustafazadə və Ə.Mustafayev təmsil edir.