Gözlənilən qərar və qərardadlar – 7 aprel 2022

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 7-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərarını elan edəcək.

Eynulla Fətullayev Azərbaycana qarşı

Işin halları

Ərizəçi hökuməti və müxtəlif məmurları sərt tənqidləri ilə seçilən “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru olub. O, nazirləri, deputatlatı və müxtəlif məmurları tənqid edən məqalələrindən dolayı, dəfələrlə defamasiyaya görə mülki və cinayət məsuliyyətinə cəlb edilib. Cənab Fətullayevi AİHM qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkil İntiqam Əliyev təmsil edib.

Ərizəçi 2007-ci ildə, bu işdə şikayət edilən olaylardan əvvəl, böhtan, terrorizm hədəsi, etnik düşmənçiliyin qızışdırılması və vergidən yayınma ittihamları əsasında açılmış iki cinayət işi üzrə təqsirli hesab olunub və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Fətullayev cəza çəkərkən ərizəçinin üzərində axtarış aparılıb və heroin tapılıb. 2009-cu ilin dekabrında ərizəçiyə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istifadə üçün zəruri olan miqdardan artıq miqdarda saxlanılması) maddəsi ilə cinayət işi açılıb, istintaq təcridxanasına köçürülüb. İstintaq zamanı təyin edilən ekspertiza zamanı ərizəçinin qan və sidik nümunələrində narkotika izləri, heroinin ev şəraitində hazırlanmış olması müəyyən edilib.

Ərizəçi məhkəmə qarşısına çıxarılıb. Təkrar ekspertiza tələbləri rədd edilən ərizəçini Qaradağ Rayon Məhkəməsi təqsirli sayıb və iki il altı ay müddətinə azadlıqdan məhrum edib.

İttihamların uydurma olduğunu, narkotik maddənin rəsmilər tərəfindən yerləşdirildiyini, bütün baş verənlərin onu tənqidçi jurnalistika fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıdığını iddia edən ərizəçinin yuxarı məhkəmələrə şikayətləri isə rədd edilib.

Şikayətlər

Ərizəçi AİHM-ə şikayətində Konvensiyanın 6-cı maddəsinə söykənərək, ona qarşı cinayət işinə baxışın ədalətsizliyindən – sübutların əldə edilməsindəki prosessual pozuntulardan, bərabərlik prinsipinin ayaqlanmasından şikayət edib.

Ərizəçi həmçinin, Konvensiyanın 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia edib ki, ona qarşı açılan cinayət işi məhz jurnalist fəaliyyəti ilə bağlı olub, onu hökumətlə əməkdaşlığa məcbur etmək niyyəti güdüb.