Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, martın 10-da Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarını elan edib. Taci Şəntürk, İsa Özdəmir, Ayhan Səfəroğlu və Ərdoğan Taylan Azərbaycana qarşı şikayətləri birləşdirilib, bir qərar elan edilib.
Şəntürk və başqaları Azərbaycana qarşı işi Türkiyə vətəndaşlarının Azərbaycandan deportasiya edilməsi ilə bağlıdır. Ərizəçilər Azərbaycandakı türk litseylərinin müəllimləri və iş adamları idilər. Türkiyədəki 15 iyul 2016-cı il olaylarından sonra ərizəçilər Türkiyənin istəyi ilə saxlanılıb, Türkiyəyə məcburi geri təhvil verilmişdilər. Ancaq ərizəçilər bundan öncə sığınacaq almaq üçün Azərbaycana müraciət etmişdilər. Türkiyəyə verildikdən sonra ərizəçilər terror təşkilatına üzv olmaqda təqsirləndirilib, məhkum olunublar.
Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, saxlanılıb Türkiyəyə verilmələri onların Avropa Konvensiyası ilə təminat altına alınan işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, effektiv müdafiə vasitələri və əcnəbilərin çıxarılmasına dair prosedur təminatlar hüquqlarına müdaxilə ilə müşayət olunub.
AİHM hesab edib ki, ərizəçilərin Azərbaycandan Türkiyəyə verilməsi qeyri-qanuni olub, onlar özbaşına geri verilmə ilə bağlı Avropa Konvensiyası və milli qanunvericilikdə təsbit olunmuş effektiv müdafiə təminatlarından məhrum ediliblər, yerli qurumlar ərizəçilərin Türkiyəyə qaytarıldıqlarında pis rəftarla üzləşib-üzləşməyəcəyini çək-çevir etməyiblər.
Məhkəmə ərizəçilərin hər birinə münasibətdə işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq hüquqlarının pozulması qənaətinə gəlib. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 9000 (doqquz min) avro təzminat ödəməlidir.
Ərizəçiləri AİHM-də hüquqşunaslar Asima Nəsirli və Səməd Rəhimli təmsil edib.