Avropa Insan Haqları Məhkəməsi (AİHM) noyabr ayında Azərbaycandan göndərilən şikayətlər üzrə 6 qərar və qərardad elan edib. Mahiyyəti üzrə çıxarılan 4 qərarda yaşamaq, mülkiyyət və şəxsi həyata hörmət hüququnun pozuntuları tanınıb.
Səyyarə Əhmədova Azərbaycana qarşı işində ərizəçi ona məxsus evin sökülməsini, özünün və qızının kompensasiya ödənilmədən evdən çıxarılmasını nəzərdə tutan məhkəmə qərarlarının qanunsuzluğundan şikayət etmişdi. Qanuni evin sökülməsinə ona görə qərar verilmişdi ki, Dövlət Neft şirkəti həmin evin şirkətə məxsus ərazidə qanunsuz tikildiyini iddia etmişdi. Mübahisələndirilən məhkəmə qərarları icra olunmadığından, Avropa Məhkəməsi hesab etdi ki, əgər ərizəçinin evindən çıxarılması və evin sökülməsi baş verərsə, bu halda onun şəxsi həyata hörmət hüququ pozulmuş olacaq.
Par və Hyodo Azərbaycana qarşı işinin halları xeyli mürəkkəbdir. Türkiyə və Yaponiya vətəndaşları olan ərizəçilər 2010 və 2011-ci illərdə Bakı beynəlxalq hava limanında saxanılmışdılar. Gömrükçülər ərizəçilərə məxsus təxminən 350 min avronu, rəsmi bəyan etməmələri əsası ilə müsadirə etmiş, ərizəçilərə qaçaqmalçılığa görə cinayət işi də açılmışdı. Məhkəmə müsadirəni qanunsuz saydı, hesab etdi ki, ərizəçilərə münasibətdə mülkiyyət hüququnun pozuntusu baş verib.
AİHM-in mahiyyəti üzrə çıxardığı digər iki qərar da əcnəbi vətəndaşların ərizələri üzrədir. Xojoyan və başqaları Azərbaycana qarşı və Petrosyan Azərbaycana qarşı işləri Ermənistan vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində saxlanılması, ərizəçilərdən birinin övladının Az-da, doigərinin öz ölkəsinə geri verildikdən sonra vəfat etəsiylə bağlıydı. Məhkəmə hər iki işdə hesab etdi ki, yaşamaq hüququnun həm prosessual, həm də maddi aspektdən pozuntusu baş verib.
Mahiyyəti üzrə qərarlardan başqa noyabrda, 1 şikayət üzrə iş dostca anlaşma ilə başa çatıb. Zaur Qurbanlı Azərbaycana qarşı işində ərizəçi barəsindəki cinayət araşdırması zamanı ədalətli məhkəmə araşdırması hüququna müdaxilənin baş verməsini mübahisələndirmişdi. Tərəflər, iddia edilən pozuntunun maddi kompensasiya edilməsi qarşılığında dostca anlaşdığından, ərizə baxılacaq işlərin sırasından çıxarıldı.
Başqa bir işdə – 3 əcnəbi arxeoloq, Kinq və başqaları Azərbaycana qarşı işində Avropa Məhkəməsi ərizənin qəbuledilməz olduğuna qərar verdi. Həmin işin hallarına görə, ərizəçilər 1999-2017-ci illərdə Azərbaycanın həmin vaxtlarda işğal altında olan Azıx mağarasında tədqiqat və qazıntılar aparıb, kitab nəşr etdirmişdilər. Arxeoloqlara Azərbaycan ərazilərinə qanunsuz səfər etmələrinə görə cinayət işi açılmış, onların saxlanılıb həbs edilməsinə qərar verilmişdi. Ərizəçilərsə iddia edirdilər ki, Azərbaycanın rəsmi qurumları onların şəxsi həyata hörmət, effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüquqlarını pozur. Məhkəmə bu şikayəti qəbuledilməz saydı.
Noyabrda Avropa Məhkəməsi həmçinin, Azərbaycandan göndərilmiş 7 yeni ərizəni araşdırmağa başlayıb. AzadlıqRadiosu və başqa 3 ərizəçi Azərbaycana qarşı işində ərizəçilər, yəni medialar saytlarının məhkəmə qaydasında blok edilməsinin qanunsuz olmasını mübahisələndiriblər. Məmməd İbrahim Azərbaycana qarşı işi ərizəçinin xuliqanlığa görə həbs edilməsinin qanunsuzluğu, Alim Hümeyir Hüseynov və jurnalist Natiq İsbatovun şikayətləri isə ərizəçilərin ölkədən çıxışına stop qoyulması ilə bağlıdır.
Beləliklə, AİHM bir ayda elan etdiyi qərar və qərardadlarında 6 ərizəçiyə münasibətdə yaşamaq, mülkiyyət və şəxsi həyata hörmət hüququnun pozuntusunu tanıyıb. Həmin qərarlara əsasən, hökumət ərizəçilərə ümumilikdə 420 min avrodan artıq təzminat ödəməlidir.