AİHM 2021: Azərbaycanla bağlı 36 qərar, 2 milyona yaxın təzminat

©aihmaz.org

2021-ci ildə Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) 425 şikayət göndərilib. Bu göstərici 2020-ci ildə göndərilən ərizələrin sayından (525) azdır. AİHM-in bu gün, yanvarın 25-də açıqlanan hesabatına görə, Azərbaycandan AİHM-ə 2018-ci ildə 313, 2019-cu ildə isə 397 şikayət göndərilmişdi.

AİHM-ə 2021-ci ildə ümumilikdə 44250 ərizə daxil olub. 2020-ci ildə bu say 41700 olmuşdu. İl ərzində dövlətlərlə 10630 ərizə kommunikasiya edilib. 36 092 qərar və ya qərardad qəbul edilib, onların 32961-i qəbuledilməzliklə bağlı olub, yerdə qalan işlərdə ərizələr yekun qərar verilməsi üçün göndərilib.

Baxılmasını gözləyən şikayətlər

2021-ci ilin sonunda AİHM-də ümumilikdə 70150 ərizə baxılmasını gözləyib. 2020-ci ildə baxılmasını gözləyən ərizələrin sayı 62 min olmuşdu.

Gözləyən ərizələrin sayına görə, Rusiya Federasiyası liderdir – 17013 ərizə.

İkinci Türkiyə (15251 ərizə), 3-cü Ukrayna (11372 ərizə), 4-cü Rumıniya (5690 ərizə), 5-ci İtaliya (3646 ərizə), 6-cı Polşa (2255) gəlir.

Azərbaycan bu sıralamada baxılmasını gözləyən 2092 ərizə (AİHM-in ümumi iş yükünün 3 faizi) ilə 7-ci pillədədir. 2020-ci ildə 2040, 2019-cu ildə isə 1950 ərizə baxılmasını gözləyirdi.

2021-ci ildə ən çox pozuntusu tanınan hüquqlar

Bir illik göstəricilərə görə, ən çox pozulan hüquqların sıralamasında ədalətli məhkəmə araşdırması hüququ gəlir – AİHM 344 işdə bu hüququn pozuntusunu tanıyıb.

Azadlıq və toxunulmazlıq hüququnun pozuntusu 306 halda, işgəncəyə məruz qalmamaq hüququnun pozuntusu 331 halda, mülkiyyət hüququnun pozuntusu 114 halda tanınıb. Məhkəmə 101 işdə yaşamaq, 159 işdə effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna qərar verib. 344 işdə başqa hüquqların pozuntusu tanınıb.

2021-ci ildə elan edilən qərarlar – Azərbaycan

AİHM 2021-ci ildə ümumilikdə 1105 qərar elan edib. Ən çox qərar Rusiya, Ukrayna və Rumıniyaya qarşı çıxarılıb. Qərar sayına görə, Türkiyə (78) 4-cüdür. Azərbaycan qərar sayı baxımından, AŞ ölkələri arasında Moldova, İtaliya, Bolqarıstan, Xorvatiyadan sonra 9-cu sıradadır.

2021-ci ildə AİHM Azərbaycanla bağlı ümumilikdə mahiyyəti üzrə 36 qərar elan edib. AİHM həmin dövrdə Ermənistanla bağlı 16, Gürcüstanla bağlı 13 qərar elan edib.

Azərbaycanla bağlı qərarların 35-də iddia edilən pozuntu tanınıb. 1 ildə AİHM Azərbaycanla bağlı qərarlarında 6 halda yaşamaq, 7 halda işgəncəyə məruz qalmamaq, 1 halda məcburi əməyin yolverilməzliyi, 9 halda azadlıq və toxunulmazlıq, 7 halda ədalətli məhkəmə araşdırması, 3 halda şəxsi həyata hörmət, 6 halda ifadə azadlığı, 4 halda birləşmə azadlığı, 1 halda effektiv müdafiə, 6 halda mülkiyyət hüququnun pozuntusuna qərar verib.

12 halda digər hüquqların pozuntusu qeydə alınıb.

İfadə azadlığı hüququ pozuntuları

AİHM-in 2021-ci ildə elan etdiyi qərarlarına görə, ifadə azadlığı hüququnu ən çox pozan 3 ölkə Türkiyə, Rusiya və Azərbaycandır.

AİHM 2021-ci ildə ümumilikdə, 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib. Həmin qərarlardan 31-i Türkiyəyə qarşı çıxarılıb. 19 qərarda isə Rusiyada ifadə azadlığı hüququna müdaxilənin baş verdiyi ifadə olunub. 

Sıralamada 3-cü olan Azərbaycana qarşı çıxarılan 6 qərarda ifadə azadlığı hüququnun pozuntusu tanınıb.

AİHM qərarlarına görə indiyədək Azərbaycanda ən çox pozulan hüquqlar

AİHM-in 1959-cu ildən bu yana olan dövrü əhatə edən məlumatlarına görə, Azərbaycanla bağlı ümumilikdə, mahiyyəti üzrə 251 qərar qəbul edilib. Onların 241-də iddia edilən pozuntular tanınıb.

Ümumi göstəricilərə görə, Azərbaycan üzrə ən çox ədalətli məhkəmə araşdırması hüququnun (Maddə 6) pozuntusu tanınıb – 119 iş. Ən çox pozuntusu tanının hüquqlar arasında 2-ci sırada azadlıq və toxunulmazlıq hüququ (Maddə 5) gəlir – 87 iş.

Seçki hüququ pozuntularının tanınması üzrə Azərbaycan Avropa Şurası məkanında birincidir. AİHM Azərbaycanla bağlı 25 qərarında seçki hüququnun pozuntusunu tanıyıb.

Bu kateqoriyada 2-ci sırada İtaliya (17 qərar), 3-cü sırada Türkiyə (12 qərar) gəlir.

Azərbaycan Konvensiyanın 18-ci maddəsinin pozuntusuna görə də AİHM yursidiksiyasını qəbul etmiş ölkələr arasında ilk sıradadır. AİHM Azərbaycanla bağlı 11 qərarında, 18 ərizəçiyə münasibətdə 18-ci maddənin pozuntusuna qərar verib.   

Azərbaycan həm də birləşmək azadlığı hüququnu ən çox pozan ölkələr sırasında öndə gəlir. AİHM qərarlarına görə bu hüququ indiyədək ən çox Türkiyə (111 işdə) və Rusiya (79) pozub. Azərbaycan 41 qərarla 3-cü sıradadır.

Əhali sayı ilə müqayisədə şikayət sayı

AİHM-də 2021-ci ilə qəbul edilən şikayətlərin ölkələrin əhali sayına münasibətdə faiz göstəricisinə görə, ilk sırada Monteneqro gəlir. Bu ölkədə hər 10 min nəfərə 6 şikayət düşür. Bu kateqoriyada 2-ci San-Marino (hər 10 min nəfərə 5 şikayət), 3-cü Serbiya (hər 10 min nəfərə 3 şikayət) gəlir. Azərbaycan üzrə hər 10 min nəfərə 0,42 şikayət düşür. Əhali sayına nisbətdə ən az şikayət Böyük Britanıyanın payına düşür – hər 10 min nəfərə 0,03 şikayət.

Təzminat məbləği

AİHM-in 1 il ərzində Azərbaycanla bağlı müəyyən etdiyi ədalətli əvəzin (təzminat) ümumi məbləği 2 milyon avroya yaxındır. Bu indiyə qədər AİHM-in Azərbaycanla bağlı müəyyən etdiyi ən yüksək məbləğdir. 2020-ci ildə təzminat məbləği 803 min avro təşkil etmişdi. 2021-ci ilə qədər Azərbaycanla bağlı illik ən yüksək təzminat məbləği 2017-ci ilə qeydə alınmışdı – 817 min avro.