Avropa İnsan Haqları Məhkəməsi yanvarın 13-də Azərbaycandan göndərilmiş 15-dən çox ərizə üzrə yekun qərarlarını elan edəcək.
İqbal Ağazadə Azərbaycana qarşı
Azərbaycanda 2015-ci ildə keçirilmiş parlament seçkiləri ilə bağlı olan bu işdə ərizəçi Ümid Partiyasının sədri İqbal Ağazadədir. Şikayətin detallarına görə, 2015-ci ildə seçkinin sonunda ərizəçinin müşahidəçilərinə yalnız 22 seçki komissiyası üzrə protokolların surəti təqdim edilib. Ərizəçi iddia edir ki, əlində olan protokollara və digər məntəqələrdəki müşahidəçilərin ifadələrinə görə, seçkidə ən çox səsi o, toplayıb. Ancaq rəsmi açıqlanmış nəticələrə görə, ərizəçi, 6710 səs alaraq, 2-ci olub. Qalib isə 8.626 səs toplayıb. Ərizəçi səslərin yenidən sayılması üçün müraciət etsə də müraciəti rədd edilib.
Şikayətləri yerli məhkəmələr tərəfindən də rədd edilən ərizəçi iddia edir ki, səslərin sayılması, təkrar sayma, nəticələrin ləğvi daxil olmaqla çeşidli seçki prosedurları zamanı, habelə məhkəmə araşdırmaları zamanı onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi (Seçki hüququ) və Konvensiyanın 13-cü maddəsi (Səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.
Tural Cəfərov Azərbaycana qarşı
Bu iş müxalif yönlü yazıları ilə tanınan jurnalist olan ərizəçinin bir konfransa qatılarkən yerləşdikləri otel otağında gizli kamera ilə şəxsi və intim xarakterli video görüntülərinin çəkilməsi, internetdə və özəl bir telekanalda yayılması ilə bağlıdır. Ərizəçi onun görüntülərini yayan telekanala qarşı üzr istənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə mülki iddia qaldırmışdı. İddia edirdi ki, gizli çəkilmiş şəxsi videoların yayılması qanunsuz olub, onun ləyaqətinə və nüfuzuna xələl gətirib, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarını pozub. Ancaq onun iddiası yerli məhkəmələrdə rədd edilmişdi.
Ərizəçi AİHM önündə iddia edib ki, onun iddiası üzrə məhkəmə prosesi ədalətsiz olub, onun ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və ifadə azadlığı hüquqlarını pozub.
Səid Haşemi və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər – Səid Haşemi, Məhəmməd Ehsani, Ruhullah Rüstəmi, Şaimə Əliközie, Nafiza Əhmədzadə, Eyaz Qureşi, Məhəmməd Heydəri Azərbaycan vətəndaşları deyillər. Onlar Azərbaycan torpaqlarında doğulmuş, doğum haqda şəhadətnamələri olan övladlarına ölkə vətəndaşlığının verilməsindən imtina olunmasından şikayət ediblər. Ərizəçilər iddia edir ki, onların şəxsi həyata hörmət hüquqlarına müdaxilə baş verib.
Akif Nəsirli və başqaları Azərbaycana qarşı; Balakişiyev və Surxayev Azərbaycana qarşı;
Hər iki iş qeyri hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından imtina olunması ilə bağlıdır. Ədliyyə Nazirliyi tərəfindən müvafiq müraciətləri dəfələrlə rədd edilən ərizəçilər, birləşmək və ədalətli məhkəmə araşdırması hüquqlarının müdaxiləyə məruz qaldığını iddia edirlər.
Mehman Ağayev Azərbaycana qarşı
Bu iş mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlıdır. Ərizəçinin mənzili, mənizlin yerləşdiyi bina Bakıdakı Qış Parkı bağ-park kompleksinin salınması məqsədi ilə sökülüb. Ona məxsus mülkiyyətin özgəninkiləşdirilməsi prosesin qanunsuzluğundan şikayət edən ərizəçinin iddiasına görə, şəxsi həyata hörmət, mülkiyyət və səmərəli hüquq müdafiələrinə malik olmaq hüquqlarına müdaxilə baş verib.
Cəlilov və başqaları Azərbaycana qarşı
Bu işin təfərrüatları haqda AİHM bazasına məlumat daxil edilməyib.