Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda noyabrın 30-da başlayan 1419-cu görüşü bu gün başa çatıb. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumunun müzakirə edildiyi toplantının yekununda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edib.
İcra durumu müzakirə edilən qərarlar Azərbaycan, Ermənistan,Bosniya, Bolqarıstan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, Macarıstan, İtaliya, Litva, Makedoniya, Polşa, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlı idi.
Toplantıda AİHM-in Azərbaycanla bağlı Mahmudov və Ağazadə, Məmmədli, Muradova, Məmmədov (Cəlaloğlu), Məmmədov, eləcə də Qafqaz Məmmədov Qruplarına daxil olan qərarların icra durumu müzakirə edilib.
Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı 4 qərarının (Tağıyev və Hüseynov Azərbaycana qarşı, Fətullayev Azərbaycana qarşı, Mahmudov və Ağazadə Azərbaycana qarşı, Əli Həsənov Azərbaycana qarşı) icrasına nəzarət edilir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır.
Böhtan, təhqirə görə cinayət məsuliyyətinin ləğvi
AŞ NK bu qrup işi ilə bağlı qətnaməsində qərarların icrasında fərdi kontekstdə problemlərin olduğunu vurğulayıb, Azərbaycan hökumətini həll edilməmiş fərdi məsələlər haqda məlumat təqdim etməyə dəvət edib.
Qətnaməyə görə, hökumət hələ də defamasiyaya görə cinayət məsuliyyətinin ləğvi (Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri) istiqamətində addım atılmayıb. Hökümətdən tələb edilib ki, böhtan və təhqirə görə 2016-2020-ci illərdə cinayət cəzalarının tətbiqi ilə bağlı statsitik bilgilər təqdim edilsin.
“Media qanunu” Avropa Konvensiyasına uyğun olmalıdır
Sənəddə Azərbaycan hökumətinin “Media haqqında” qanun layihəsi hazırlaması marqla qeyd edilib. AŞ NK hökuməti yeni qanun layihəsinin Avropa Konvemsiyasının tələblərinə uyğun olmasını təmin etmək məqsədilə Avropa Şurası ilə sıx əməkdaşlığa dəvət etdi.
AŞ NK bu qrup üzrə növbəti yoxlamanı gələn ilin sentyabrına təyin edib.
Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Həsənov və Başqaları, İ.Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
Bu qrupa daxil olan qərarların icrası ilə bağlı qətnaməsində AŞ NK, Azərbaycan Ali Məhkəməsinin Rəşad Həsənov və başqaları Azərbaycana qarşı işi üzrə qərarından məmnunluq ifadə edilib. Həmin iş üzrə nəzarətin qapadılmasına qərar verilib.
Məmmədov, Cəfərov təcrübəsi digərlərinə də tətbiq edilməlidir
AŞ NK həmçinin, Azərbaycan hökumətini İ.Məmmədov, R.Cəfərov və Rəşad Həsənov və başqaları Azərbaycana qarşı işlərində Ali Məhkəmənin tətbiq etdiyi presdentin digərlərinə də tətbiq olunması üçün mümkün olan bütün addımları atmağa, həmin presedenti təşviq etməyə çağırıb.
Muradova, Məmmədov (Cəlaloğlu), Məmmədov Qrupları çərçivəsində AİHM-in Azərbaycanla bağlı 20-dən artıq qərarının icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin qohumlarının ölümləri, ərizəçilərin hüquq-mühafizə orqanlarında işgəncə və ya pis rəftara məruz qalmaları ilə bağlı səmərəli araşdırmanın aparılmaması, tibbi yardıma çatım haqqının pozulması, həbslərin qanunsuzluğu, cinayət prosesinin həddən artıq uzanması, jurnalistlərə güc tətbiq edilməsi, dinc toplantıların dağıdılması, vəkilə çatım haqqının təmin edilməməsi ilə əlaqəlidir.
Bu qrup işləri ilə bağlı qətnamədə təəssüflə qeyd edilir ki, icrasına nəzarət olunan qərarların qəbul edilməsindən 14 ildən artıq vaxt keçsə də, Azərbaycan hökumətindən fərdi tədbirlərin icra durumu haqda bilgi istənilsə də həmin məlumatların təqdim edilməsi hələ də yubanır. AŞ NK Azərbaycan hökumətindən Cənnətov, Pirqurban, Yaqublu və Əhədov (Yaqublu), Hacı və başqaları Azərbaycana qarşı qərarlarının icra durumu ilə bağlı – xüsusilə, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınması kontekstində görülmüş tədbirlər haqda, habelə, təzminatların ödənilmə vəziyyəti ilə bağlı məlumat verməyə çağırıb.
Bu qrupa daxil olan qərarların icrası çərçivəsində həyata keçirilməli olan ümumi tədbirlərlə bağlı qətnamədə istintaqın effektivliyinin artırılması, pis rəftar hallarının qarşısının alınması yönündə addımların atılmasının zərurliyi vurğulanır və hokumətdən AŞ NK-nı məlumatlandırması istənilir. Sənəddə hökumətə məlumatları təqdim etməsi üçün gələn il iyulun 31-dək vaxt verilir. AŞ NK-nlın 2023-cü ildəki toplanıtlarından birində qeyd edilən qərarların icra durumu yenidən müzakirə olunacaq.
Qafqaz Məmmədov qrup işinə daxil olan qərarlar siyasi müxalifət tərəfindən planlaşdırılıb, təşkil edilən, ictimai asayiş baxımından heç bir təhlükə doğurmayan icazəsiz dinc etiraz aksiyasının dağıdılması və ərizəçinin sərbəst toplaşmaq azadlığına çoxsaylı aşırı müdaxilələrin edilməsi ilə bağlıdır.
AŞ NK qeyd etdi ki, bu qrupa daxil olan işlər üzrə təzminat məbləğlərinin ödənilməsində problemlər var – əldə olan bilgilərə görə, 21 iş üzrə təzminatlar ödənilsə də 5 ərizəçi hələ də təzminatın ödənilməsini gözləyir.
AŞ NK ümumi tədbirlərin həyata keçirilməsində də həm qanunvericilikdə, həm də praktikada struktur problemlərin olduğunu, gərəkli bilgilərin təqdim edilmədiyini qeyd etdi.
Azərbaycan hökuməti fəaliyyət planı təqdim etməlidir
“Bu qrup üzrə ilk qərarın verildiyi 2016-cı ildən beş ildən çox vaxt keçsə də, AİHM tərəfindən müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün planlaşdırılan tədbirlər haqqında hakimiyyət orqanları tərəfindən tam məlumatı özündə əks etdirən fəaliyyət planı hələ də təqdim edilməyib. Komitənin son qərarına cavab olaraq, cavabdeh dövlət tərəfindən fəaliyyət planı təqdim edilmədiyinə görə, AŞ NK müvəqqəti xarakterli qərar qəbul edə bilər”, qətnamədə vurğulanır.
AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.