Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 2-də Azərbaycanla bağlı növbəti qərarını elan edib. Məhkəmə Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı işində ərizəçilərin iddia etdikləri pozuntuları tanıyıb.
Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi QHT-lərin qeydiyyatı ilə bağlı idi. Ərizəçi təşkilat və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı mərkəzin dövlət qeydiyyatına alınmasının yubadılmasının, ardınca, qeydiyyatın ləğv edilməsinin qanunsuzluğundan şikayət etmişdilər.
SMM-in təsisçiləri mərkəzin dövlət qeydiyyatına alınması üçün 2006-08-ci illərdə Ədliyyə Nazirliyinə 6 dəfə müraciət etmişdi. Nazirlik, sənədlərin qanunvericiliyə uyğun tərtib edilmədiyi əsası ilə qeydiyyatdan imtina etmişdi. SMM 2008-ci ilin fevralında dövlət qeydiyyatına alınsa da aprel ayında nazirlik Mərkəzin qeydiyyatının ləğv edilməsi tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırmışdı. İddia edilirdi ki, Mərkəz rəsmi ünvanın, təsisçilər siyahısındakı dəyişikliklərin, nümayəndəliklərinin açılması barədə məlumatları təqdim etməyib. May ayında məhkəmə SMM-in qeydiyyatını ləğv etmiş, yuxarı məhkəmələr həmin qərarı qanuni saymışdı.
AİHM öz qərarında SMM-in qeydiyyatının yubadılmasının və sonra ləğv edilməsinin qanunsuzluğundan şikayət edən ərizəçiləri haqlı hesab etdi. Qərar verdi ki, SMM-lə bağlı hüquqi prosedurlar həm qeydiyyatın yubadılması, həm də qeydiyyatın ləğv edilməsi kontekstində Konvensiyanın 11-ci maddəsinin pozuntusu ilə müşayət olunub.
Məhkəmə həmçinin, cavabdeh dövlətin bu işdə Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə qərar verdi.
Məhkəmənin qərarına əsasən, hökumət qərar qəti olduqdan sonra ərizəçilərə mənəvi zərər əvəzi 4500, hüquq xərclərinə görə 1500, digər məsrəflərə görə 600 avro təzminat ödəməlidir.