Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabrın 28-də Azərbaycandan göndərilmiş 51 şikayət üzrə 4 qərardad elan edib. 2 qərardad seçki hüququnun pozuntusu iddiaları ilə bağldır. Bu işlərdən ikisində tərəflər dostca anlaşıb, iki işdə isə məhkəmə hökumətin təqdim etdiyi birtərəfli bəyannamələri nəzərə alıb. Hökumət 4 qərardad üzrə 51 ərizəçiyə ümumilikdə, 239,450 avro təzminat ödəməlidir.
Arzu Səmədbəyli və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər 2015-ci ildə keçirilmiş parlament seçkilərində müxalif siyasi partiyalardan deputatlığa namizədliklərini irəli sürüblər. Ancaq onların namizədliklə bağlı müraciətləri, dəstəkləyici seçici imzalarının bir hissəsinin etibarlı olmaması əsası ilə qəbul edilməyib. Mərkəzi Seçki Komissiyasına və məhkəmlərə şikayətləri təmin edilməyən Ərizəçilər seçki hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.
Kommunikasiya mərhələsində hökumət iddia olunan pozuntuları tanıyıb, Avropa Məhkəməsinə birtərəfli bəyannamə təqdim edib. Ərizəçilərin əksəriyyəti rədd etsə də AİHM bəyannaməni diqqətə alıb. Qərardada görə, Azərbaycan hökuməti 37 ərizəçinin hər birinə 4750, 3 ərizəçinin hər birinə 5 000, 1 ərizəçiyə isə 4500 avro təzminat ödəyəcək.
(Bütün ərizəçilər: Arzu Həbib oğlu SƏMƏDBƏYLİ, Rauf Əhməd oğlu AĞAYEV, Rəşid Mikayıl oğlu NƏCƏFLİ, Yusif Haceyib oğlu MEHTİ, Nemət Ağa oğlu KƏRİMLİ, Nizami Məhərrəm oğlu ƏLƏKBƏROV, Şöhrət Əsəd oğlu MƏMMƏDZADƏ, İman İbiş oğlu İMANOV, Akif İsa oğlu HÜSEYNOV, Mübariz Ağasala oğlu SALAYEV, Məzahir Zahid oğlu MƏMMƏDOV, Nəsiman Qara oğlu YAQUBLU, Nadir Əzim oğlu QAFARLI, Nüşabə Ağabala qızı SADIXLI, Raqif Mahi oğlu KƏRİMLİ, Mirmahmud Mirəli oğlu FƏTTAYEV, Əhəd Fərhad oğlu MƏMMƏDLİ, Tamilla Famil qızı GULAMI, Mirzəqulla Mirovla oğlu ZƏKİ, Nizami Yaqub oğlu ABDURRAZAKOV, Xalid Zakir oğlu BAĞIROV, Aynur Qafar qızı BAĞIRZADƏ, Dadaş Rəşid oğlu ƏHMƏDLİ, Azər Ağaqasım oğlu QASİMLİ, Rəşid Mirəjdər oğlu MƏNSUROV, Ülvi Fəxrəddin oğlu HƏSƏNOV, Aytəkin Kapitan qızı İMRANOVA, Ramin Nizami oğlu HÜSEYNOV, Hafiz Ərköyun oğlu BABALI, Bəybala Əlibaba oğlu ƏBİL, İltizam Nizam oğlu ƏKBƏRLİ, Pənah Çodar oğlu HÜSEYN, Əli Nadir oğlu ƏLİYEV, Daşqın Ağarza oğlu NURİYEV, Bəybala Əşrəf oğlu ƏLİYEV, Ağahüseyn Səfər oğlu GÖZƏLOV, Murad Əli oğlu HÜSEYNOV, Vəfa Fərhad qızı RÜSTƏM, Nişat Əhməd oğlu MEHDİYEV, Ramil Litvin oğlu RÜSTƏMOV, Kərim Qələmşah oğlu KƏRİMLİ).
Mübariz Rəhimli və başqaları Azərbaycana qarşı
Bu işdə müxtəlif siyasi partiya üzvləri olan Ərizəçilər 2015-ci ildə keçirilmiş növbəti parlament seçkilərində və 2016-cı ildə keçirilmiş təkrar seçkilərdə deputatlığa namizədliklərini irəli sürüblər. Seçki qurumu onların namizədliyini də yetərli etibarlı seçici imzası təqdim etmədiklərinə görə, qeydə almamışdı. Ərizəçilərin ali seçki qurumuna və məhkəmələrə şikayətləri isə rədd edilmişdi. AİHM qarşısında seçki, səmərəli müdafiə vasitələrinə sahib olmaq hüquqlarının pozuntusu mübahisələndirilmişdi.
Bu işdə ərizəçilər hökumətlə dostca anlaşıb, müvafiq bəyannaməni AİHM-ə təqdim ediblər. Qərardada əsasən, 4 ərizəçiyə 4750, 2 ərizəçiyə isə 5000 avro təzminat ödəniləcək.
(Bütün ərizəçilər: Mübariz Şəmsəddin oğlu RƏHİMLİ, Fikrət Novruz oğlu CƏFƏRLİ, Pərviz Həbib oğlu SƏMƏDOV, Qiyas Böyükağa oğlu SADIQOV, Xaliddin Baloğlan oğlu CƏNGİROV, Sərvər Abasqulu oğlu MEHDİYEV)
Elvin Adıyev və Elçin Namazov Azərbaycana qarşı
Bu iş ərizəçilərin polis əməkdaşının qanuni tələbinə əməl etməməyə görə inzibati qaydada cəzalandırılmaları ilə bağlı idi. E.Abdıyev həm də kiçik xuliqanlığa görə cəzalandırlmışdı. 3-15 gün inzibati həbs cəzası verilmiş ərizəçilər məhkəmələrin ədalətli olmamasından şikayət etmişdilər.
Bu işdə də tərəflər dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 4100 avro təzminat döənilməlidir.
Emil Mehdiyev və Vahid Əbilov Azərbaycana qarşı
Bu işdə ərizəçilər Yahova Şahidləri dini icmasının üzvləridir. Dini baxışlarına görə, hərbi xidmət keçməkdən imtina etmiş ərizəçilər cinayət məsuliyyətinə cəlb olunmuş, 1 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Onlar AİHM qarşısında dini etiqad azadlığı hüquqularına müdaxiləni mübahisələndirmişdilər.
Kommunikasiya mərhələsində hökumət ərizəçilərin iddia etdikləri pozuntulara yol verildiyini etiraf edib. AİHM hökumətin birtərəfli bəyannaməsini diqqətə alıb. Qərardada görə, Hökumət ərizəçilərin hər birinə 3500 avro təzminat ödəməlidir.