Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 23-də Azərbaycanla bağlı iki qərarını elan edib. Hər iki qərar mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlıdır.
Qəzənfər Məmmədov Azərbaycana qarşı
Bu iş ərizəçinin vicdanlı alıcı olaraq, alqı-satqı yolu ilə sahibləndiyi kafenin, Bakı Metropolitenin verdiyi iddia üzrə (kafenin qanunsuz tikilməsi) çıxarılan məhkəmə qərarına əsasən, sökülməsi ilə bağlı idi. Ərizəçi söküntünün qanunsuz olması əsası ilə məhkəməyə müraciət etmiş, rayon məhkəməsi onun iddiasını təmin edərək, ona təzminat ödənilməsinə qərar vermişdi. Ancaq yuxarı məhkəmələr həmin qərarı ləğv etmişdi. Ərizəçi AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisələndirmişdi.
Avropa Məhkəməsi bu işdə Q.Məmmədovun mülkiyyət hüququna müdaxilənin baş verdiyi qərarına gəldi. Ərizəçi AİHM qarşısında maddi tələb irəli sürmədiyindən, məhkəmə təzminat müəyyən etmədi.
Sugra Quliyeva Azərbaycana qarşı
Quliyeva Azərbaycana qarşı işi ərizəçinin Saray Bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlı idi. Ərizəçi həmin sahədə kənd təsərrüfatı təyinatlı tikili və ev inşa etmişdi. Sahə ərazinin Milli Təhlükəsizlik Nazirliyinə verilməsindən sonra ərizəçidən alınmışdı. Müvafiq qərarda ona təzminat ödənilməsi nəzərdə tutulsa da ərizəçiyə pul ödənilməmişdi. O, 178 min AZN təzminat tələbi ilə Saray Bələdiyyəsi və MTN-ni məhkəməyə vermiş, amma iddiası təmin olunmamışdı.
Avropa Məhkəməsi qərarında ərizəçinin mülkiyyət hüququnun pozuntusu ilə bağlı iddialarını əsaslı sayıb, 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğuna qərar verib.
Təzminat tələbi ilə bağlı – bu işdə ərizəçi maddi ziyana görə, 232.750 Azərbaycan manatı, “itirilmiş fayda”ya görə təzminat, mənəvi zərərə görə 20.000 avro və xərc məsrəflər üçün qeyri-müəyyən məbləğ tələb etmişdi. Hökumət isə təzminat tələblərinin rədd olunmasını istəmişdi.
Təzminat məsələləri ilə bağlı qərar verməyə hazır omadığını vurğulayan AİHM hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə edib. Tərəflər qərarın qəti olmasından sonrakı 3 ay ərzində hər hansı razılaşmaya gəlsələr, bununla bağlı AİHM-i məlumatlandırmalıdılar. AİHM bu hissə ilə bağlı yekun qərarını ondan sonra açıqlayacaq.