Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, iyulun 8-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 5 qərarını elan edəcək.
Elnur Məmmədov və İdrak Abbasov Azərbaycana qarşı
Bu iş 2009-cu ildə baş vermis olaylarla bağlıdır. Hər iki ərizəçi Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları olublar. Onlar “Milli Yol” qəzetinin ofisində həyata keçirilən polis əməliyyatı zamanı redaksiyaya bilgi toplamağa gediblər. Ərizəçilər çəkiliş apararkən mülki geyimli şəxslər onlara müdaxilə ediblər – söyülüblər, qolları burulub, çəkiliş aparmaları əngəllənib, foto və video alətləri əllərindən alınıb. Ərizəçilərdən Məmmədov zorla avtomobilə mindirilib və 1 saatlıq “gəzintidən” sonra tanımadığı bir ərazidə sərbəst buraxılıb…
Hadisələrin ardından ərizəçilər Daxili İşlər Nazirliyinə müraciət edib, tələb ediblər ki, jurnalistika fəaliyyətlərini yerinə yetirmələrinə əngəl yaradılmasına, habelə Məmmədovun azadlqı və toxunulmazlıq hüququna müdaxilə edilməsinə görə cinayət işi açılsın. DİN müraciəti rədd edib, yerli məhkəmələr də bunu qanuni və əsaslı hesab edib.
Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusunu mübahisələndiriblər.
Əli Həsənov Azərbaycana qarşı
Bu iş də ifadə azadlığı hüququnun mübahisələndirilməsi ilə əlaqəlidir.
Ərizəçi journalist, qəzet redaktorudur. O, müharibə iştirakçısı olan veteran haqda məqaləsinə görə, məhkum edilib. Ərizəçi məqalələrin müəllifi olmadığını iddia etsə də yerli məhkəmələr məqalələrin müəllifinin ərizəçi olması, başqa adlarla yazması, məqalələrin aşağılayıcı olmasını müəyyən edib. Ərizəçi təhqirə görə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu işdə AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilir.
Solmaz Salmanova Azərbaycana qarşı
Bu iş mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pzountusu iddiaları ilə bağlıdır.
Ərizəçiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzil verilib, ancaq ev məcburi köçkünlər tərəfindən zəbt edilib. Yerli məhkəmələr ərizəçinin mənzilə yerləşməsinin evi zəbt etmiş köçkünlər öz yurd-yuvalarına (Xocalı) qayıdana qədər ertələyib.
Solmaz Orucova Azərbaycana qarşı;
Eyyub Tahirov Azərbaycana qarşı;
Hər iki iş mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pzountusu iddiaları ilə bağlıdır. Ərizəçilərin sahibi olduqları əmlaklar sökülüb, onlara ya təzminat verilməyib, ya da tam verilməyib. Yerli məhkəmələrə şikayətləri rədd edilib.