Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 24-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 3 qərarını elan edib. 3 qərar 6 şikayət üzrə çıxarılıb, hökumət ərizəçilərin hamısına təzminat ödəməlidir.
Abbasov və başqaları Azərbaycana qarşı
Bu qərar 4 ərizəçinin şikayəti üzrə elan edilib. Ərizəçilər milli məhkəmə qərarlarının icra edilməməsi və ya icranın yubanmasından şikayət etmişdilər. Kommunikasiya zamanı hökumət AİHM-ə şikayətlərdəki iddiaları qəbul edib. Təklif edib ki, ərizəçilərə təzminat ödənilməsi qarşılığında şikayətlər baxılacaq işlərin siyahısından xaric edilsin. AİHM hökumətin təklifi barədə ərizəçiləri bilgiləndirib. Ərizəçilərdən yalnız E.Abbasov təklifdən imtina edib, digərləri məhkəməyə cavab verməyib.
Yekunda AİHM hökumətin təklifini qəbul edərək, ərizələrin baxılacaq işlərin çıxarılmasına qərar verib. Qərara əsasən, hökumət 3 ay ərzində E.Abbasova 3850 avro, A.Nağıyevə 1800 avro, Ə.Bəkirova 1200 avro, Z.Əliyevaya 3850 avro təzminat ödəməlidir.
Bu qərarda əhatə edilən işlərdə ərizəçilər mülki iddialarla məhkəmə davası açmışdılar. Ancaq məhkəmə iddialara ərizəçilərin iştirakı olmadan baxmış, məhkəmə prosesinin vaxtı və yeri barədə onları bilgiləndirməmişdi. Onların xeyrinə çıxarılan qərarlar icra edilməmişdi.
Elşən Əliyev Azərbaycana qarşı
Bu iş ərizəçinin ölkədən çıxışına yasaq qoyulması ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, onun hərəkət azadlığı hüququ və şikayətlərinə baxılarkən səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna yol verilib. Bu işdə tərəflər dostca anlaşıblar, anlaşmaya əsasən, hökumət ərizəçiyə 5000 avro təzminat və hüquqi xərc və məsrəflərə görə 1000 avro ödməlidir.
Zülfüqar İbrahimov Azərbaycana qarşı
Bu ərizə yerli məhkəmələrin ərizəçinin həbsi ilə bağlı yetərli və uyğun əsaslar təqdim etməməsi, onun girov qarşılığında sərbəst buraxılması tələbini rədd etməsi ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, onun azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib.
Bu işdə ərizəçinin vəkili AİHM-i hökumətin təklif etdiyi 3500 avro təzminatın qarşılığında iddiadan imtina etdikləri barədə bilgiləndirib. Məhkəmə ərizənin baxılacaq işlərin sırasından çıxarılmasına qərar verib.