Avropa Şurası Nazirlər Komitəsinin 7-9 iyun tarixlərində keçirilmiş 1406-cı görüşündə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra durumu müzakirə edilib. Toplantıda ümumilikdə 19 qrup işinin icra durumu incələnib. Bu gün, iyunun 10-da Nazirlər Komitəsi həmin qruplara daxil olan qərarların icra vəziyyəti ilə bağlı qətnamələrini elan edib.
AŞ NK Azərbaycanla bağlı Mahmudov və Ağazadə qrupuna, Məmmədli qrupuna daxil olan qərarların, habelə, Sarqsyan Azərbaycana qarşı qərarının icra durumunu incələyib, qərarlarını açıqlayıb.
Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı 3 qərarının (Tağıyev və Hüseynov Azərbaycana qarşı, Fətullayev Azərbaycana qarşı, Mahmudov və Ağazadə Azərbaycana qarşı) icrası araşdırılıb. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır. AŞ NK-nın qərarında Azərbaycan hökuməti böhtan və təhqirə görə cinayət cəzalarını ləğv etməyə çağırılır.
“Qanunvericilik tədbirlərinin görülməsi, özəlliklə, Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə dəyişiklik tələb olunur. Eləcə də, defamasiyaya görə cinayət cəzalarının qeyri-mütənasib tətbiq olunmasından və cinayət qanununun digər müddəalarının özbaşına tətbiq olunmasından irəli gələn məsələləri həll etmək üçün prokurorluq və yerli məhkəmələrin praktikasına, eləcə də Respublika prokurorluğu və icra hakimiyyəti orqanları tərəfindən təqsirsizlik prezumpsiyası hüququnun pozulması praktikasına dəyişikliklərin edilməsi zərururidir”, AŞ NK-nın qətnaməsində vurğulanır (qətnaməyə keçid).
AŞ NK-nın Məmmədli işi qrupuna daxil olan qərarların icra durumu ilə bağlı qətnaməsində qərarların təxirəsalınmadan icra edilməsi, ərizəçilərin işlərinə Ali Məhkəmədə yenidən, İ.Məmmədov və R.Cəfərov işlərində müəyyən edilmiş presedentə uyğun olaraq baxılması, hökumətin gərəkli məlumatları iyulun 31-dək Nazirlər Komitəsinə təqdim etməsi istənilir. Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın (Anar Məmmədli, Həsənov və Başqaları, İ.Əliyev, N.Cəfərli, İbrahimov və Məmmədov, X.İsmayılova (2) ilə bağlıdır. Bu qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
AŞ NK Sarqsyan Azərbaycana qarşı qərarının icra durumunu ertələyib. Bu qərarın icra durumu Çıraqov və başqaları Ermənistana qarşı qərarı ilə birgə sentyabr ayında müzakirə olunacaq.