Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, aprelin 22-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə aşağıdakı qərarlarını elan edib.
Əvəz Zeynallı Azərbaycana qarşı – Məhkəmə bu işdə hesab etdi ki, jurnalistə münasibətdə 5-ci, 6-cı, 8-ci və 10-cu maddələrinin pozuntusuna yol verilib. Qərara əsasən, hökumət jurnalistə ümumilikdə 13 min avro təzminat ödəməlidir.
Bu iş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının parlament üzvündən rüşvət tələb etməsi ittihamı əsasındı saxlanılması və məhkum olunması ilə bağlıydı. İttahamları rədd edən jurnalist şikayətində iddia edirdi ki, onunla bağlı mühakimə zamanı azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), şəxsi həyata hörmət (Maddə 8 ) və ifadə azadlığı hüququna (Maddə 10) müdaxilə edilib.
Elçin Həsənov Azərbaycana qarşı – Bu işdə AİHM jurnalsitə münasibətdə onun azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verdiyi qənatəinə gəlib. Hökumət jurnalistə 7500 avro təzminat ödəməlidir.
Həsənov Azərbaycana qarşı işi ərizəçinin dinc aksiya zamanı çəkiliş apararkən polis əməkdaşları tərəfindən saxlanılması və döyülməsi iddiaları ilə bağlı idi. Ərizəçi ifadə azadlığı, işgəncəyə məruz qalmamaq (Maddə 3) hüququna müdaxilə baş verdiyini mübahisələndirmişdi.
Bəxtiyar Hacıyev Azərbaycana qarşı – Hacıyevin işində AİHM onun azadlıq və toxunulmazlıq hüququna (həm prosedur, həm də substantiv) müdaxilənin baş verməsinə qərar verib. Qərara əsasən, ərizəçiyə ümumilikdə 12850 avro təzminat ödəniləcək. Bu iş ərizəçinin Gəncə şəhərində polis idarəsində saxlanılması, saxlanılmasının qanunsuzluğunun araşdırılmaması ilə bağlı idi. Şikayətdə elə 3-cü maddənin pozuntusu mübahisələndirilirdi.
Hüseyn Abdulvahabov Azərbaycana qarşı işi baxılacaq ərizələrin siyahısından çıxarılıb.