Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 15-də Azərbaycandan göndərilmiş 8 ərizə üzrə yekun QƏRARINI elan edib. Qərara əsasən, Hökumət ərizəçilərə ümumilkdə 27 min 100 avro təzminat ödəməlidir.
AİHM-ə göndərilmiş ərizələr oxşar məzmununa görə birləşdirilib, bir qərar elan edilib. Ərizəçilər O.Muradov və S.Əlizadə, S.Qasımova, B.Nəbiyev, “Astara Small Enterprise”, S.Fərəczadə, X.Bünyatova, S.Mirzəyeva, R.Bayramov olub.
Ərizəçilər milli məhkəmələrin qərarlarının icra edilməməsindən və ya gecikmiş icrasından şikayət ediblər. Onlar iddia ediblər ki, milli məhkəmə araşdırmaları zamanı onların ədalətli məhkəmə araşdırması (Maddı 6.1) və mülkiyyət hüquqlarına müdaxilə baş verib. Bir işdə səmərəli müdafiə vasitələrinə malik olmaq hüququna müdaxilə baş verdiyi iddia olunub.
Ərizələrə AİHM-də baxılma zamanı tərəflər dostca anlaşma təqdim ediblər. Hökumət həmin anlaşmalarla üzərinə öhdəlik götürüb ki, ərizəçilərə mənəvi zərər əvəzi və xərcə, məsrəflərin qarşılığını ödəsin, milli məhkəmələrin qərarlarının icrasını təmin etsin.
AİHM-in qərarına əsasən, Hökumət qərarın elan edilməsindən sonrakı 3 ay rəzində 6 ərizəçinin hər birinə 3600, 1 ərizəçiyə 2400, 1 ərizəçiyə 2100 avro mənəvi zərər əvəzi ödəməlidir. 4 ərizəçənin hər birinə xərc və məsrəflərə görə 250 avro da ödənilməlidir. Həmçinin, hökumət 3 ay ərzində şikayət edilən milli məhkəmə qərarlarının icrasını təmin etməlidir.