BİRİNCİ BÖLMƏ
QƏRAR
Ərizə № 51435/10
RAFİQ HÜSEYNOV AZƏRBAYCANA QARŞI
1 dekabr 2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:
Sədr – Faris Vehabović;
Hakimlər – Xanlar Hacıyev,
Carlo Ranzoni
və Bölmə Katibinin Müavini – Milan Blaško
6 sentyabr 2010-cu il tarixdə daxil olmuş ərizəni, Azərbaycan Hökuməti tərəfindən təqdim edilmiş izahatları və bunun cavabında ərizəçi tərəfindən təqdim edilmiş izahatları nəzərə almaqla, müşavirə edərək qərara aldı:
FAKTLAR VƏ PROSEDUR
1. Ərizəçi cənab Rafiq Hüseynov 1939-cu ildə doğulub və Goranboyda yaşayır. O, Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab M.Mustafayev tərəfindən təmsil olunub.
2. Azərbaycan Hökuməti (Hökumət) öz nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunub.
3. Tərəflərin təqdim etdikləri faktlar aşağıdakı kimi ümumiləşdirilir:
4. 19 oktyabr 1994-cü il tarixdə Nəsimi Rayon Məhkəməsi ərizəçinin arvadının Naftalan Rayon İcra Hakimiyyətindəki (NRİH) əvvəlki işinə bərpa edilməsi və ödənilməmiş maaşların ödənilmisi ilə bağlı qərar qəbul etdi. 2007-ci ildə qeyri-müəyyən gündə ərizəçinin arvadı əvvəlki işinə bərpa edildiyini, lakin sonra yenidən işdən azad edildiyini öyrəndi.
5. O, bununla bağlı şikayət edərək heç vaxt əvvəlki işinə bərpa olunmadığını iddia etdi. İşinə bərpa olunmasının və 1994-cü ildən etibarən maaşlarının , o cümlədən 19 oktyabr 1994-cü il tarixli məhkəmə qərarının icra edilməməsi nəticəsində ona dəymiş mənəvi zərərə görə kompensasiya ödənilməsinin təmi olunmasını xahiş etdi.
6. 8 oktyabr 2008-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi onun şikayətini qismən təmin etdi və ödənilməmiş maaşların kompensasiyası qismində 3832 Azərbaycan manatı ödəmək öhdəliyini NRİH-in üzərinə qoydu.
7. 7 iyul 2009-cu il tarixdə Ərizəçinin arvadı vəfat etdi. Arvadının vəfatının ardınca Ərizəçi yerli orqanlar qarşısında onun qanun üzrə vərəsəsi kimi tanındı.
8. 18 oktyabr 2009-cu il tarixdə apelyasiya prosesi hələ davam edərkən, 8 oktyabr 2008-ci il tarixli qərar icra edildi və ərizəçiyə 3832 manat məbləğində pul ödənildi.
9. Bir sıra müraciətlərdən sonra 21 dekabr 2009-cu il tarixdə Ali Məhkəmə yekun qərar verdi. Məhkəmə ərizəçinin arvadının işə bərpası hissəsində işi dayandırdı və NRİH-nə ərizəçiyə maddi zərərə görə (ərizəçinin arvadı vəfat edənədək ödənilməmiş maaşlar) 6466 manat və mənəvi zərərə görə 1000 manat məbləğində kompensasiya ödəmək barədə qərar verdi.
10. 27 avqust və 3 oktyabr 2010-cu il tarixlərində Ali Məhkəmənin qərarı ilə nəzərdə tutulmuş məbləğdə pul ərizəçinin bank hesabına köçürüldü və Ali Məhkəmənin 21 dekabr 2009-cu il tarixli qərarının icrası başa çatdırıldı.
ŞİKAYƏTLƏR
11. Ərizəçi Konvensiyanın 6-cı və 13-cü maddələri altında onun lehinə qəbul edilmiş məhkəmə qərarının icra edilməməsindən və Konveniyaa əlavə edilmiş 1 asylı Protokolun 1-ci maddəsi altında məhkəmə qərarının icra edilməməsi nəticəsində mülkiyyətin müdafiəsi hüququnun pozulmasından şikayət etdi.
12. Hökumət Ərizəçinin lehinə qəbul edilmiş sonuncu məhkəmə qərarının 3 oktyabr 2010-cu il tarixdə tam şəkildə icra edildiyini və qərarda nəzərdə tutulmuş məbləğdə pulun ərizəçinin hesabına köçürüldüyünü bildirdi.
13. Hökumət bildirdi ki, ərizəçi özünün irəli sürülmüş pozuntunun qurbanı olduğunu iddia edə bilməz. Bu səbəbdən, onlar Məhkəməni bu ərizəni qəbuledilməz elan etməyə dəvət etdilər.
14. Ərizəçi qərarın icrasının gecikdirilməsi ilə əlaqədar olaraq şikayəti israr etdi.
15. Məhkəmə müşahidə edir ki, Ali Məhkəmənin 21 dekabr 2009-cu il tarixli yekun qərarı 10 aylıq gecikmə ilə 3 oktyabr 2010-cu il tarixdə tam şəkildə icra edilmişdir, hansı ki, tərəflərin heç biri bu faktı mübahisələndirmir.
16. Məhkəmə daha sonra xatırladır ki, qərarın icrasının gecikdirilməsinə bəzi konkret hallarda haqq qazandırmaq olar. (bax: Burdov Rusiyaya qarşı № 59498/00 § 35, ECHR 2002-III, və Timofeyev Rusiyaya qarşı № 58263/00, § 37, 23 oktyabr 2003). Hazırkı işdə məhkəmə qərarının icra edilmədiyi 1 ildən qısa bir müddətin həddindən artıq olmadığı qənaətindədir (bax:Grishchenko Rusiyaya qarşı № 75907/01, 8 iyul 2004 və Presnyakov Rusiyaya qarşı № 41145/02, 10 noyabr 2005).
17. İşin hallarını nəzərə alaraq, Məhkəmə, qərarın ağlasığan müddətdə icra olunduğu qənaətinə gəlir. Beləliklə, ərizə açıq-aşkar şəkildə əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3 və 4-cü paraqraflarına əsasən, rədd edilməlidir.
Bu səbəbdən Məhkəmə yekdililə
Şikayəti qəbuledilməz olduğuna qərar verir.
İngilis dilində hazırlanmış və 17 dekabr 2015-ci ildə yazılı şəkildə elan olunmuşdur.
Milan Blaško Faris Vehabović
Bölmə Katibinin Müavini Sədr