№40413/12 CAVİD ZÜLFÜQAROV AZƏRBAYCANA QARŞI – 8 SENTYABR 2015-Cİ İL

BİRİNCİ BÖLMƏ

QƏRAR

Ərizə №40413/12

CAVİD ZÜLFÜQAROV AZƏRBAYCANA QARŞI

 

8 sentyabr 2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə:

Sədr: Linos-Alexandre Sicilianos;
Hakimlər: Xanlar Hacıyev,
Dmitri Dedov;
Bölmə Katibinin Müavini: André Wampach
16 iyun 2012-ci il tarixdə verilmiş ərizəni və 27 oktyabr 2014-cü il tarixdə cavabdeh Hökumət tərəfindən daxil edilmiş Məhkəmədən ərizənin işlərin siyahısından çıxarılmasını tələb edən təqdimatını nəzərə almaqla müşavirə edərək qərara aldı:

FAKTLAR VƏ PROSEDUR

Ərizəçi Cavid Zülfüqarov 198-ci ildə doğulmuşdur və Bakıda yaşayır. O, Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab T.Bahadırbəyli tərəfindən təmsil olunmuşdur.
Azərbaycan Hökuməti isə (Hökumət) öz nümayəndəsi cənab Ç.Əsgərov tərəfindən təmsil olunmuşdur.
Ərizəçi Konvensiyanın 6-cı maddəsi ilə barəsində onun xeyrinə qəbul edilmiş qərarın icra edilməməsindən və Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsi ilə qərarın icra edilməməsi nəticəsində mülkiyyətin müdafiəsi hüququnun pozulmasından şikayət etmişdir.
Ərizə barədə Hökumət məlumatlandırıldı.

HÜQUQ

Ərizəçi onun lehinə qəbul edilmiş qərarın icra edilməməsindən şikayət etdi. O, Konvensiyanın 6-cı maddəsinə və Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsinə istinad edib.

Dostcasına həllə nail olmaq üçün edilmiş cəhdlərin uğursuzluğundan sonra, Hökumət 27 oktyabr 2014-ci il tarixdə şikayət əsasında qaldırılmış məsələnin həll edilməsi məqsədilə birtərəfli bəyanat təklif etməsi ilə bağlı Məhkəməyə məlumat verdi. O, daha sonra Konvensiyanın 37-ci maddəsinə əsasən, ərizəni işlərin siyahısından çıxarmağı xahiş etdi.

Bəyanat aşağıdakıları özündə ehtiva edir:

“Bu birtərəfli bəyanat ilə Azərbaycan Respublikası Hökuməti ərizəçinin Konvesiyanın 6-cı maddəsi və Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin olunan hüquqlarının pozulması faktını etiraf edir.

Hökumət ərizəçi Cavid Zülfüqarova maddi və mənəvi zərərə görə 3.500 (üç min beş yüz) avro məbləğində kompensasiya ödəməyə hazırdır. Bu məbləğ Məhkəmənin Avropa İnsan Hüquqları Konvensiyasının 37-ci maddəsinə əsaslanaraq ərizənin işlər siyahısından çıxarılması ilə bağlı qəbul edəcəyi qərarın elan edildiyi tarixdən etibarən 3 ay müddətində tətbiq edilə biləcək bütün vergi rüsumlarından azad olacaqdır. Bu müddət başa çatdığı vaxtdan etibarən yuxarıdakı məbləğlər üzərindən Avropa Mərkəzi Bankının ödənilməmiş dövr əzrindəki marjinal borcvermə dərəcəsinə bərabər olan dərəcə və üç faiz dərəcəsinə bərabər sadə faiz dərəcəsi ödənilməlidir.

Bu bəyanat Hökumətin ərizəçinin xeyrinə qəbul edilmiş məhkəmə qərarının icra edilməsi öhdəliyini istisna etmir.

Yuxarıda göstərilənlərin işığında Hökumət hazırkı işin şərtlərinin Məhkəməyə ərizəyə baxılmasının dayandırılmasına haqq qazandırmaqla səciyyələnən, Konvensiyanın 37-ci maddəsinin 1-ci paraqrafının c bəndində nəzərdə tutulan “istənilən başqa səbəb”in mövcud olması nəticəsinə gəlməyə əsas verdiyini və bundan əlavə, 37-ci maddənin 1-ci paraqrafında nəzərdə tutulan işə baxılmasının davam etdirilməsini tələb edəcək ümumi xarakterli səbəblərin mövcud olmamasını irəli sürür”.

14 yanvar 2015-ci il tarixli məktubla, təklif olunan məbləğin kifayət olmaması əsası ilə birtərəfli bəyanatın şərtləri ilə razı olmadığını vurğuladı və dəymiş maddi və mənəvi ziyana görə ümumilikdə 42.400 avro tələb etdi.

Məhkəmə bir daha qeyd edir ki, Konvensiyanın 37-ci maddəsinə əsasən, işin halları həmin maddənin 1-ci paraqrafının (a), (b) və ya (c) bəndində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcud olması nəticəsinə gəlməyə əsas verərsə, həmin ərizənin işlər siyahısından çıxarılması prosesin istənilən mərhələsində baş tuta bilər. 37-ci maddənin 1-ci paraqrafının (c) bəndi Məhkəmənin ərizəni işlər siyahısından çıxarmasına yol verir, əgər:

“məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə, şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa”.

Məhkəmə onu da qeyd edir ki, müəyyən şərtlər daxilində, cavabdeh Hökumət tərəfindən təqdim olunan birtərəfli bəyanat mövcud olduqda, hətta Ərizəçi işə baxılmasının davam etdirilməsini istəə belə, Məhkəmə 37-ci maddənin 1-ci paraqrafının (c) bəndinə əsaslanaraq ərizəni işlər siyahısından çıxara bilər.
Bu səbəbdən, Məhkəmə öz presedent hüququ ilə formalaşmış prinsipləri, xüsusən Tahsin Acarla bağlı qəbul edilmiş qərarı rəhbər tutaraq, (Tahsin Acar Türkiyəyə qarşı [GC], № 26307/95, §§ 75-77, AİHM 2003-VI; WAZA Spółka z o.o. Polşaya qarşı (dec.), № 11602/02, 26 iyun, 2007; və Sulwińska Polşaya qarşı (dec.), № 28953/03, 18 sentyabr 2007).

Məhkəmə Azərbaycana qarşı qaldırılmış işlər də daxil olmaqla, bir sıra işlərdə Konvensiyanın 6-cı maddəsi və Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsi altında ərizəçinin lehinə qəbul edilmiş qərarın icra edilməməsi ilə əlaqədar şikayətlərlə bağlı öz təcrübəsini formalaşdırmışdır. (bax: Mirzəyev Azərbaycana qarşı, № 50187/06, 3 dekabr 2019-cu il).

Hökumətin bəyanatında nəzərdə tutulmuş və yalnız Ərizəçinin lehinə qəbul edilmiş qərarın icra edilməsini öhdəsinə götürmək kimi mənalandırıla bilən etirafı və təklif olunan və oxşar işlərdə nəzərdə tutulmuş miqdarla uzlaşan kompensasiya məbləğini nəzərə alaraq Məhkəmə hesab edir ki, artıq ərizəyə baxılmasının davam etdirilməsinə lüzum yoxdur (maddə 37, 1 § 1(c)).

Bununla yanaşı, yuxarıda qeyd olunanlar və mövzu üzrə aydın və geniş presedent hüququ əsasında Məhkəmə razıdır ki, Konvensiya və ona əlavə edilmiş Protokollarda nəzərdə tutulmuş insan hüquqlarına hörmət sözügedən işə baxılmasının davam etdirilməsini tələb etmir.

Məhkəmə hesab edir ki, bu məbləğ ödənişin edildiyi günün məzənnəsinə müvafiq olaraq Azərbaycan manatına çevrilməli və Məhkəmənin Avropa İnsan Hüquqları Kovensiyasının 37-ci maddəsinin 1-ci paraqrafının (c) bəndi əsasında qəbul edəcəyi qərarın elan edildiyi tarixdən etibarən 3 ay müddətində ödənilməlidir. Bu müddət ərzində mümkün olmadıqda, Avropa Mərkəzi Bankının ödənilməmiş dövr əzrindəki marjinal borcvermə dərəcəsinə bərabər olan dərəcə və üç faiz dərəcəsinə bərabər sadə faiz dərəcəsi ödənilməlidir.

Nəhayət, Məhkəmə vurğulayır ki, Hökumət birtərəfli bəyanatın şərtlərini tam şəkildə yerinə yetirə bilmədikdə, Konvensiyanın 37-ci maddəsinin 2-ci paraqrafına əsasən (Josipović Serbiyaya qarşı (dec.) № 18369/07, 4 mart, 2008) şikayət baxılmalı işlər siyahısına bərpa ediləcəkdir.

Yuxarıda sadalananları nəzərə alaraq, ərizəni işlər siyahısından çıxarmaq uyğundur.

Bu səbəbdən, Məhkəmə yekdilliklə,

Konvensiyanın 6-cı maddəsi və Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsi altında cavabdeh Hökumətin bəyanatının şərtlərini və orada nəzərdə tutulan öhdəliklərə uyğunluğunun təmin edilməsi qaydalarını qeyd edir;

Konvensiyanın 37-ci maddəsinin 1-ci paraqrafının (c) bəndinə əsasən, ərizənin işlər siyahısından çıxarılmasına qərar verir.

İngilis dilində hazırlanmış və 1 oktyabr 2015-ci ildə yazılı şəkildə elan olunmuşdur.

André Wampach                      Linos-Alexandre Sicilianos
Bölmə Katibinin müavini       Sədr