Avropa Insan Haqları Məhkəməsi (AIHM) Ümid Partiyasının sədri İqbal Ağazadənin 2015-ci il parlament seçkilərindən verdiyi şikayəti araşdırmağa başlayıb. Xətai rayonundan deputatlığa namizəd olan İ. Ağazadəni məhkəmə qarşısında hüquqşunas Xalid Bağırov təmsil edir. Şikayət AİHM-ə 2016-cı ilin mayında təqdim edilib.
Şikayətin detallarına görə, 2015-ci ildə seçkinin sonunda ərizəçinin müşahidəçilərinə yalnız 22 seçki komissiyası üzrə protokolların surəti təqdim edilib, digər protokollar təqdim edilməyib. Ərizəçi iddia edir ki, əlində olan protokollara və digər məntəqələrdəki müşahidəçilərin ifadələrinə görə, seçkidə ən çox səsi o, toplayıb. Ancaq rəsmi açıqlanmış nəticələrə görə, ərizəçi, 6710 səs alaraq, 2-ci olub. Qalib isə 8.626 səs toplayıb.
Ərizəçi səslərin yenidən sayılması üçün müraciət edib, ancaq əsaslı hesab edilmədiyindən rədd edilib. 3 məntəqədə nəticələrin ləğvi ilə bağlı şikayət qismən təmin edilib, iki məntəqənin nəticəsi ləğv olunub. Dairə üzrə başqa iddialıların şikayətləri əsasında bir neçə başqa məntəqənin nəticələri də ləğv edilib. Bununla belə ərizəçi 5058 səslə yenə ikinci olub, rəsmi nəticələrə görə qalib dəyişməyib.
Bunun ardınca ərizəçi bütün səslərin yenidən sayılması üçün müraciət edib, Mərkəzi Seçki Komissiyası həmin müraciəti rədd edən qərar çıxarıb. MSK-nın qərarından verilən şikayəti isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Apelyasiya instansiyasının qərarını isə Ali Məhkəmə doğru sayıb.
Ərizəçi iddia edir ki, səslərin sayılması, təkrar sayma, nəticələrin ləğvi daxil olmaqla çeşidli seçki prosedurları zamanı, habelə məhkəmə araşdırmaları zamanı onun Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi (Seçki hüququ) və Konvensiyanın 13-cü maddəsi (Səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.